Siyasət 16:28 27.12.2022

“Ermənistanla danışıqlarda yeni format yarana bilər” - Politoloq

Bir çoxlarının gözləntilərinin əksinə olaraq, MDB-nin son qeyri-formal sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmadı. Bəziləri hesab edirdi ki, Kreml iki ölkə rəhbərini danışıqlar masasında əyləşdirəcək. Lakin liderlərin danışıqları baş tutmadı. 

Qeyd edək ki, danışıqlar prosesində mühüm yer tutan Brüssel formatı da iflasa uğrayıb. Nəticədə ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağı ilə əlaqədar bir müddət əvvələ qədər yaranan optimizmdən artıq əsər-əlamət də qalmayıb. Bu fonda belə qənaətə gəlmək olarmı ki, artıq sülh danışıqları bitib? 

Politoloq Nəsimi Məmmədli Qaynarinfo-ya açıqlamasında sülh danışıqlarının xeyli dərəcədə dalana dirəndiyini bildirib:

"Bu yöndə əsas pozucu rolunda yenə də Ermənistan çıxış edir. İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamaqla yanaşı, Qarabağdakı ermənilərə hər hansı bir hüquqi status əldə edə bilmirsə, heç olmasa onlara beynəlxalq təhlükəsizlik qarantiyası almaq istəyir. Bu təhlükəsizlik qarantiyasında da əsas mərkəz rolunda Fransanı görür. Azərbaycan bununla heç zaman razılaşmayacaq. Azərbaycan sülhdə maraqlıdır. Ancaq sülh müqaviləsi ilə ölkəmizin maraqlarının təhlükə altına alınması riski də mövcud ola bilər”.

Ekspert düşünür ki, yeni ildən etibarən məsələnin müzakirəsi artıq fərqli formatda aktuallaşa bilər:

"Belə görünür ki, Rusiyanın təkbaşına moderatorluğu da problemin həllinə nail ola bilmədi. Çünki Rusiya Ukraynada apardığı müharibə ilə zəifləyir. Qərb də onun vasitəçilik missiyasını qəbul etmir. Bu səbəbdən ola bilsin yeni ildən tərəflər arasında yeni formatda müzakirələrə başlanılacaq. Məsələn, region dövlətlərinin 3+3 formatı, eyni zamanda ATƏT-in Minsk qrupu gündəmdən çıxsa da, Türkiyə, Fransa, ABŞ, Rusiya və başqa bir ölkənin iştirakı ilə yeni format da təklif oluna bilər. Proses hər halda bir qədər psixoloji və diplomatik müstəvidə gedəcək. Yəqin ki, yeni ildən etibarın proses ətrafında məsələlərə baxış tam aydınlaşacaq”. 

Rüfət Sultan