Xəbər lenti

Ekonomiks 17:12 03.09.2025

"Evimə yaxın iş" prinsipi tıxac probleminin qarşısını ala bilərmi? (ŞƏRH)

"Mən bunu müşahidəmdən deyirəm, belə getə, şəhərin mərkəzinə giriş ödənişli olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bir neçə gündür şəhərdə müşahidə olunan sıxlıq və tıxacların səbəblərindən danışarkən deyib. 

Ekspert bunun dünya təcrübəsində həyata keçirildiyini qeyd edib: 

"Bir çox ölkələrdə "tıxac vergisi" deyilən bir şey var. Tıxacın yaranmaması üçün şəhərin bəzi yerlərinə daxil olarkən ödəniş edilməlidir. Biz buna doğru gedirik. Hər bir insan çalışmalıdr ki, fərdi nəqliyyat vasitələrindən az istifadə etsin. Mümkün qədər məktəbi, bağçanı, iş yerini yaşadığı yerə yaxın təyin etsin. Eyni zamanda da bir km olan məsafələrə piyada getmək lazımdır. Kiçik ölçülü nəqliyyat vasitələrindən - velosiped və skuterdən istifadə etmək lazımdır. Bunlar kompleks tədbirlərdir. Bundan əlavə, infrastrukturu təkmilləşdirmək, metroların sayını artırmaq da vacibdir. 10 yeni stansiyanın tikilməsi, tramvay xəttlərinini çəkilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı təbliğat işlərini də artırmaq".
 


Yasin Mustafayev bildirib ki, hər il ölkəyə 100 minə yaxın nəqliyyat vasitəsi gətirilir: 

"Utilizasiyaya gedən nəqliyyat vasitələri onun heç 1%-i qədər də deyil. Ona görə də şəhərdə avtomobil sayı getdikcə artır. Bu yaxınlarda isə şəhərin bir neçə yerində təmir işlərinə başlanılıb. Bu da paytaxtda ciddi şəkildə tıxacların yaranmasına səbəb olur. Təmir də olunmalıdır. Ondan sonra vəziyyətin daha da yaxşı olacağına ümid edirik. Amma qarşıdan 15 sentyabr gəlir. Məktəblər, yeni mövsüm başlayır. Vəziyyət daha da ağır olacaq. Atılan addımlar, görülən tədbirlərlə yanaşı, eyni zamanda insanların özləri də müəyyən qərarlar verərkən düşünməlidir. Məsələn, biz ev alarkən, kirayə tutarkən, yaşayış yeri seçərkən bunu nəzərə almalıdır. Düzdür, bu hər an alınmır. Bir oturuşmuş ev var, 6 aydır işsizdir, şəhərin başqa bir yerində iş tapıb. Məcburdur işləməyə, amma bəzən adam şəhərin bu başında yaşayır, digər başında uşağını məktəbə qoyur. Bu istiqamətdə hər bir kəs addım atmalıdır. İşlə məktəbin bir-birinə yaxın olması düşündürücü faktordur".

Ekspert tıxaca səbəb əsas faktorlardan birinin də fərdi nəqliyyat vasitələri olduğunu diqqətə çatdırıb:

"İnsanlar bundan az istifadə etməlidir. Fərdi nəqliyyatdan imtina edib üzünü çevirməlidir ictimai nəqliyyata".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->