İdman 15:07 29.02.2024

Fransa klubunun futbolçusu komadan ayıldı

Fransanın ikinci liqasında iştirak edən "Bordo"nun hücumçusu Albert Elis süni komadan çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, "Qinqamp"la matçda aldığı zərbədən sonra müalicəsi davam edən Elisin  ailəsi bu barədə paylaşım edib. Matçda aldığı zərbə nəticəsində başından zədə alan və əməliyyat olunaraq süni komaya salınan Honduras millisinin futbolçunun oyandırıldığı açıqlanıb.

Açıqlamada, "Albert oyanır və yavaş-yavaş sağalmağa başlayır. Bununla belə, önümüzdəki bir neçə gün çox vacib olduğu üçün diqqətli olmaq istəyirik. Dəstəyiniz, təşviq sözləriniz və dualarınız üçün sizə təşəkkür edirik. Həkimlər Albertin qayğısına qalır. O, döyüşçüdür, vəziyyəti haqqında sizə ən qısa zamanda məlumat verəcəyik" - sözlərini yazıb.

Fevralın 24-də "Bordo"nun "Qinqamp"a 1:0 hesabı ilə qalib gəldiyi matçın ilk dəqiqəsində Elis rəqib komandanın müdafiəçisi Donasyen Qomiş ilə toqquşub və huşunu itirərək uzun müddət yerdə qalıb. Təxminən 8 dəqiqə meydanda müalicə alan 28 yaşlı futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səbuhi Həsənov