Xəbər lenti

Trampın Ukrayna ilə bağlı mövqeyindəki kəskin dönüş nə deməkdir?
Dünya 12:33 09.07.2025

Trampın Ukrayna ilə bağlı mövqeyindəki kəskin dönüş nə deməkdir?

ABŞ prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü bərpa etmək qərarı onun bu ölkəyə davamlı dəstək strategiyasına keçdiyini göstərmir – bu, daha çox Ukraynanın tam məğlubiyyətinin qarşısını almaq üçün atılmış müvəqqəti addımdır. 

Qaynarinfo "The Economist”ə istinadla yazır ki, belə bir məğlubiyyət Trampın özü üçün reputasiya fəlakəti ola bilərdi.

Jurnal qeyd edir ki, ABŞ iyulun əvvəlində Ukraynaya silah tədarükünü dayandıranda bu, həm Kiyevdə, həm də Avropadakı müttəfiqlər arasında şok effekti yaratdı. Amma artıq iyulun 7-də Tramp qəfildən qərarını dəyişdi və bu addımını "Ukrayna özünü qorumalıdır” fikri ilə əsaslandırdı. Az sonra Pentaqon da "əlavə müdafiə silahları" göndəriləcəyini təsdiqlədi.

Pentaqonun silah tədarükünün dayandırılmasını guya ehtiyatların yenidən nəzərdən keçirilməsi ilə izah etməsini isə "The Economist” "əsasən dezinformasiya” adlandırır. Məqalədə deyilir:

"Doğrudur, hava hücumundan müdafiə vasitələrində çatışmazlıq var, lakin Ukrayna üçün silahlar ABŞ ordusunun anbarlarından deyil, istehsalçı şirkətlərin xəttindən göndərilir. İsrail, məsələn, İranla müharibə şəraitində belə fasiləsiz silah alırdı".

"The Economist” yazır ki, Tramp Pentaqonun qərarını ləğv etməklə onu alçaltdı və bu, ABŞ prezidentinin mövqelərində nə qədər gözlənilməz dönüşlərin ola biləcəyini göstərdi. "Onun yaxın ətrafındakı insanlar belə bu qəfil dəyişiklikləri öncədən görə bilmir”, – deyə vurğulanır.

Eyni zamanda, bu dəyişiklik sağlam düşüncənin qələbəsi kimi təqdim olunur. Çünki Ukrayna hazırda Rusiya işğalının əvvəlindən bəri ən intensiv bombardmanlara məruz qalır və ABŞ-ın dəstəyini kəsməsi faktiki olaraq təcavüzkara istədiyini etməyə şərait yaratmış olardı.

Amma nə Trampın, nə də onun administrasiyasının Ukraynanı həqiqətən dəstəklədiyini düşünmək üçün əsas yoxdur. Bu tədarüklərin bərpası sadəcə əvvəlki vəziyyətə qayıdışdır – yəni, Bayden dövründə ayrılmış yardımın mərhələli şəkildə dayandırılması davam edir. Trampın özü Ukraynaya yardım göstərmək barədə heç bir açıq bəyanat verməyib.

"Keçən il Konqres tərəfindən təsdiqlənmiş on milyardlarla dollar yardım hələ də ayrılmayıb. Konqres yeni vəsaitlər də nəzərdə tutmayıb. Trampın imzaladığı "böyük və gözəl” vergi-büdcə qanununda Ukrayna üçün vəsait yoxdur. Pentaqonun əsas büdcəsində yer alan cüzi məbləğlər isə 2026-cı il layihəsində daha da azaldıla bilər”, – deyə yazılır.

Bununla belə, Trampın Putinin onu sadəcə istifadə etdiyini başa düşməyə başladığı qeyd olunur. ABŞ prezidenti Ukraynanın qalibiyyəti üçün daha çox vəsait xərcləmək istəmir, lakin onun məğlubiyyətinin də məhz onun prezidentliyi dövründə baş verməsini istəmir. Çünki Ukraynanın çökməsi ABŞ üçün 2021-ci ildə Əfqanıstanın süqutundan da ağır geosiyasi fəlakət ola bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp Rusiya prezidenti Putini tənqid etdi və Ukraynaya silah göndəriləcəyini açıqladı. O bildirdi ki, "Kreml rəhbərinin dayanmamaq istəyi” onu məyus edib. Trampın sözlərinə görə:

"Biz daha çox silah göndərəcəyik. Məcburuq. Onlar özlərini qoruya bilməlidirlər. Onlar hazırda çox şiddətli atəşə tutulurlar”.
Sonradan Pentaqon da Trampın göstərişi ilə Ukraynaya əlavə müdafiə silahlarının göndərildiyini təsdiqlədi:

"Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynalıların özlərini müdafiə edə bilməsi üçün əlavə müdafiə silahları göndərir. Biz eyni zamanda davamlı sülh və ölümlərin dayandırılması üzərində çalışırıq”, – deyə qurumun bəyanatında deyilir.

Bundan əlavə, Tramp Ukraynaya daha bir "Patriot” zenit-raket kompleksi verməyi nəzərdən keçirir. "The Wall Street Journal” yazır ki, bu addım Rusiya tərəfindən son zamanlar həyata keçirilən kütləvi raket hücumlarından sonra Ukrayna hava hücumundan müdafiəsini gücləndirmək vədiylə gündəmə gəlib. Əgər bu qərar reallaşarsa, bu, Tramp administrasiyasının Bayden dövründəki təsdiqlərdən asılı olmadan ilk dəfə müstəqil şəkildə Ukraynaya böyük silah sistemi verməsi olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->