2026-cı il üçün gecə həyatı baxımından dünyanın ən yaxşı şəhəri Roma seçilib.
Qaynarinfo xəbər verir ki, "TimeOut” nəşrinin yazdığına görə, İtaliyanın paytaxtı reytinqdə 50-yə yaxın məşhur turizm istiqamətini geridə qoyaraq birinci yeri tutub.
Mütəxəssislər bildirirlər ki, "gecə turizmi” səyahətlərin əsasən gecə vaxtı baş tutan, daha sərin və qeyri-adi fəaliyyətlərə fokuslanmasını nəzərdə tutur. Bu anlayış çox zaman ulduzları müşahidə etmə, qaranlıq səma qoruqları və kosmik hadisələrlə bağlı astroturizmlə əlaqələndirilsə də, əslində daha geniş məna daşıyır.
Gecə turizminə axşam və gecə şəhər turları, gün batımından sonra məşhur görməli yerlərin ziyarəti, gecə muzeyləri, mədəni tədbirlər, açıq havada kino nümayişləri və hətta alatoranlıqda safari kimi fəaliyyətlər daxildir. Qeyd olunur ki, son bir ildə bu istiqamət nəzərəçarpacaq səyahət trendlərindən birinə çevrilib.
Baqaj saxlama platforması "Radical Storage” dünyanın 50 şəhərini aşağıdakı dörd meyar üzrə təhlil edib:
* gecə təəssüratları və fəaliyyətlər (gecə turlarının və tədbirlərin sayı) – 40 faiz;
* təbii amillər (işıq çirklənməsi səviyyəsi və gündüz vaxtının orta uzunluğu) – 40 faiz;
* təhlükəsizlik (yerli sakinlərin qiymətləndirmələrinə əsasən gecə gəzintilərinin təhlükəsizliyi) – 10 faiz;
* nəqliyyat (gecə nəqliyyatının əlçatanlığı və dəyəri) – 10 faiz.
Məqalədə deyilir ki, nəticədə 2026-cı ildə gecə turizmi üçün ən yaxşı şəhər gözlənilmədən Roma olub. İtaliya paytaxtı 10 mümkün baldan 6,07 ümumi indeks toplayıb və xüsusilə "təəssüratlar” kateqoriyasında 9,2 ballıq yüksək nəticə göstərib.
Roma 305 gecə turu təklif edir və onların bir çoxu səyahətçilər tərəfindən yüksək qiymətləndirilir. Bu turlar arasında Kolizeydə axşam gəzintiləri, açıq havada kino nümayişləri, gecə bazarları və gün batımından sonra təşkil olunan mədəni tədbirlər yer alır.
2026-cı il üçün gecə turizmi baxımından dünyanın ən yaxşı 10 şəhəri aşağıdakılardır:
1. Roma, İtaliya
2. Amsterdam, Niderland
3. Tromso, Norveç
4. Rovaniemi, Finlandiya
5. Tokio, Yaponiya
6. Dubay, BƏƏ
7. London, Böyük Britaniya
8. Paris, Fransa
9. Marrakeş, Mərakeş
10. Ko Panqan, Tailand
"TimeOut” vurğulayır ki, gecə turizmi istinin azaldığı, izdihamların seyrəldiyi və tanış məkanların tamamilə fərqli rakursdan açıldığı vaxtlarda şəhərləri kəşf etmək istəyən insanlar üçün getdikcə daha cəlbedici olur.
Aydın
Şərhlər