Ölkə 16:09 18.07.2023

Generalın qanunsuz həbs etdiyi şəxslərin məhkəməsi başlayır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevlə bağlı cinayət işində zərərçəkən kimi tanınan Zaur Əliyev, Əhməd Mirzəyev və Arfi Allahverdiyevin məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, hər üç şəxsin barəsində MTN-də aparılan qondarma cinayət işi üzrə çıxarılan hökmdən şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə şikayətlərinə baxılacaq.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allhverdiyevin icraatındadır. İyulun 26-na məhkəmə baxış iclası təyin edilib. 

Zaur Əliyev, Əhməd Mirəzyev və Arfi Allahverdiyev Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum edilib. 

Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmədə onların qanunsuz həbs edildikləri üzə çıxıb. Onlar məhkum olunduqları vaxt barələrində çıxarılan hökmdə şikayət verə bilməyiblər. 

"MTN işi” zamanı isə artıq şikayət vermə müddəti keçib. Zərəçəkənlərin əsaslı səbəbləri olduğuna görə, onlar şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlərinə şikayət təqdim ediblər. İş hakim Telman İsmayılovun icraatında verilib. Lakin zərərçəkənlər buna etiraz ediblər. Səbəb isə Telman İsmayılovun vaxti ilə MTN-də işləməsi olub. 

Buna baxmayaraq, onların etirazları nəzərə alınmayıb. Zaur Əliyev, Əhməd Mirzəyev və Arfi Allahverdiyevin Bakı Apellyasiya Məhkəməsinə üz tutması isə birinci instansiya məhkəməsinin onların şikayəti təmin etmədiyini deməyə əsas verir. 

Zaur Əliyev, Əhməd Mirzəyev və Arif Allahverdiyev 2010-cu ildə MTN əməkdaşları tərəfindən saxlanılıb. 

Onlar qaçaqmalçılıqda ittiham edilib. Adıçəkilən şəxslər Mövlam Şıxəliyevin məhkəməsində bildirib ki, onlardan külli miqdarda pul tələb olunub. Verməyəcəkləri təqdirdə həbsə göndəriləcəkləri bildirilib. Zaur Əliyev, Əhməd Mirəzyev və Arif Allahverdiyev tələb olunan məbləğlı razılşamadıqlarına görə məhkumluq həyatı yaşamaq məcburiyyətində qalıb. 

Seyid