Astronomlar LSPM J0207+3331 adlı ağ cırtdan ulduzu müşahidə edərək maraqlı bir fakt aşkar ediblər: bu ulduz, ömrünü başa vurduqdan sonra artıq "sakitləşməli” olduğu halda, gözləniləndən qat-qat aktiv davranır.
Havay adalarındakı rəsədxanada aparılan müşahidələr göstərib ki, bu ulduzun atmosferində dəmir, nikel, silikon və kalsium da daxil olmaqla 13 ağır elementin izləri mövcuddur.
Qaynarinfo "Daily Galaxy” nəşrinə istinadla yazır ki, bu, ağ cırtdanın dağıdılmış bir planetin qalıqlarını "udduğunu” göstərir.
Alimlərin fikrincə, ulduzun atmosferinə düşən maddə diametri ən azı 200 kilometr olan qayalı bir cisimdən qalıb. Güman edilir ki, həmin planetvari cisim ulduzun güclü cazibə qüvvəsi tərəfindən parçalanıb.
Adətən hidrogen atmosferinə malik ağ cırtdanlarda ağır elementlər tez bir zamanda dərin qatlara çökür. Deməli, onların indi müşahidə olunması o deməkdir ki, planet qalıqlarının "udulması” prosesi indi də davam edir.
Monreal Universitetindən professor Patrik Dyufo bildirib ki, bu ulduz üçün belə çoxlu ağır element tapılması "qeyri-adi dərəcədə çoxdur”. Kimyəvi tərkibin analizi göstərib ki, dağıdılmış planet metal nüvəyə və qayalı qabığa malik olub — bu da Yer kürəsinə çox bənzəyir, çünki Yer də əsasən dəmir, nikel və kobaltdan ibarətdir. Yəni ağ cırtdan kiçik bir planetin dərinliklərindən gələn maddələri udur.
Planetin qalıqları ulduzun ətrafında isti toz diski əmələ gətirib, bu disk infraqırmızı işıq saçır. Onu ilk dəfə 2019-cu ildə müşahidə etmişdilər. İndi isə alimlər müəyyən ediblər ki, bu toz diski, ulduza çox yaxınlaşaraq məhv olan qayalı planetdən yaranıb.
"Aydındır ki, ulduz öldükdən sonra belə sistemin sabitliyini nəsə pozub”, – deyə Kosmik Teleskop İnstitutundan Con Debes bildirib.
Bu kəşf sübut edir ki, "ölmüş” ulduzlar belə, milyard illər sonra da dinamik cəhətdən aktiv qala bilirlər.
Tədqiqatçılara görə, bu pozuntuların səbəbi, ağ cırtdanın ətrafında hələ də fırlanan uzaq qaz nəhəngləri – çox böyük planetlər ola bilər. Onların cazibə qüvvəsi daha kiçik cisimlərin orbitlərini tədricən dəyişdirə bilir. Bu, "gecikmiş dinamik qeyri-sabitlik” modelləri ilə üst-üstə düşür — yəni planet sistemləri mərkəzi ulduz öləndən milyard illər sonra belə tədricən dağılmağa davam edə bilər.
Tədqiqatın aparıcı müəllifi, Monreal Universitetindən Erika Le Burda qeyd edib ki, LSPM J0207+3331-in aktivliyi ulduzların ölümündən sonra nələrin baş verdiyinə dair təsəvvürlərimizi dəyişir. Əgər bu kimi proseslər geniş yayılıbsa, uzaq gələcəkdə Günəş sistemi üçün də oxşar senari mümkündür:
Günəş ağ cırtdana çevrildikdə, planetlərin və asteroidlərin orbitləri dəyişə, onlar toqquşaraq toz diskləri əmələ gətirə bilər – eynən LSPM J0207+3331 ulduzunun ətrafında müşahidə olunduğu kimi.
Alpər
Şərhlər