Xəbər lenti

Gürcüstan turistlərdən məhrum ola bilər: Yeni qanun hansı məhdudiyyətləri yaradır?
Dünya 16:40 09.12.2025

Gürcüstan turistlərdən məhrum ola bilər: Yeni qanun hansı məhdudiyyətləri yaradır?

"Tiflisin bu addımı ilə bəzi turistlər əlavə xərclər səbəbindən Gürcüstan əvəzinə daha ucuz və az tələbkar turistik istiqamətlərə yönələcəklər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Gürcüstanın gələn ilin yanvarın 1-dən etibarən ölkəyə daxil olan bütün əcnəbilər üçün məcburi tibbi sığorta tələbini qoymasını şərh edərkən deyib.

İqtisadçının fikrincə, Gürcüstanın nöqteyi-nəzərindən bu qərar həm turistlər, həm də Gürcüstan tibb sisteminin yükünü yüngülləşdirməyi nəzərdə tutur: 

"Çünki sığortasız gələn turistlər qəfil xəstəlik, qəza və sair hallarda yüksək xərcə düşə bilərlər. Eyni zamanda bu addımı turizm sektorunu "Avropa standartları"na daha uyğunlaşdırmaq, turistlərin təhlükəsizliyini və sığortalılığını artırmaq cəhdi kimi qiymətləndirənlər var. Həmçinin bu son illərdə Gürcüstana gələn turistlərin sayının artması və dağ-təbii turizm, aktiv turizm (xizəklik, trekking, dağ yürüşləri və s.) kimi riskli fəaliyyətlərin genişlənməsi nəzərə alınaraq, tibbi xidmətlərin ictimai yükünün azaldılması məqsədi güdən məcburiyyət ola bilər".
 


İqtisadçı müəyyən ehtimallara əsasən düşünür ki, bu addımın arxasında yalnız turizm deyil, həm də Gürcüstanın turizm sektorunu daha da tənzimləmək, "turist təhlükəsizliyi" standartlarını yüksəltmək və bəlkə də turizmdən gəlir əldə edən sektorları sabitləşdirmək siyasəti də dayanır: 

"Bu, Gürcüstanın beynəlxalq turizm bazarında "daha etibarlı, peşəkar” təyinat kimi mövqelənməsinə xidmət edə bilər. Belə ki, sığorta tələb edən ölkələr adətən infrastruktur baxımından standartlara uyğun ölkələr kimi qəbul olunur”. 

A.Nəsirli deyir ki, Tiflisin atacağı addımın müsbət tərəfləri də var: 

"Turistlərin tibbi xidmət alarkən maliyyə riski azalacaq, insident, qəza, xəstəlik halında sığorta xərcləri ödəyə bilər. Bu, turistlər üçün rahatlıq və təhlükəsizlik deməkdir. Gürcüstan üçün isə tibbi xərclərdən, qəza və xəstəlik nəticəsində yaranan xərclərdən dövlət və özəl sektorun yükü azala bilər. Habelə, Turizm sektorunda fəaliyyət göstərən müəssisələrin, otel, tur operatorları məsuliyyəti "daha mütəşəkkil" mühitə keçə bilər, xidmət keyfiyyəti və etibarlılıq arta bilər".

Mənfi məqamlara gəldikdə, ekspert bildirir ki, qısa müddətli səfərlərə çıxanlar üçün bu addım əlverişsizdir:

"Yeni sığorta tələbini ödəmək bəzi turistlər üçün əlavə xərclər deməkdir. Bu, bəzi insanlar üçün çəkindirici ola bilər, xüsusən də qısa müddətli, ucuz səfərlər planlaşdıranlara. Bütün hallarda bu, turist axınında azalmaya səbəb olacaq. Bəzi turistlər arasında əlavə xərclər səbəbindən Gürcüstan əvəzinə daha ucuz və az tələbkar turist istiqamətlərinə yönəlmə meyli artacaq. Məsələn, Türkiyə kurortları, Azərbaycanın öz dəniz və kurort zonaları, Ermənistan (əgər imkan varsa), ya da digər regionlər ola bilər. Bu qayda çox sərt tətbiq olunsa və yoxlamalar genişlənərsə, müəyyən kateqoriyalı turistlər (gənclər, "ucuz turizm” sevənlər, last-minute səfər planlayanlar) Gürcüstanı "əlverişli seçim” hesab etməyə bilərlər”. Qeyd edək ki, Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirib. Belə ki, Tiflis 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə daxil olan bütün əcnəbilər üçün məcburi tibbi sığorta tələbi tətbiq edəcək. Yeni qaydalara görə, ölkəyə giriş üçün təqdim olunan sığorta polisinin minimum təminat hədləri belə olmalıdır: Ambulator xidmətlər üçün — ən azı 5 000 ABŞ dolları, Stasionar müalicə və hospitalizasiya üçün — ən azı 30 000 ABŞ dolları. Sığorta təqdim etməyən şəxslər 300 lari (təxminən 110 dollar) məbləğində cərimələnəcəklər. Hətta onların ölkəyə buraxılmasına qadağa da qoyula bilər. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->