Ölkə 14:49 10.05.2022

Hamının üz döndərdiyi Mübariz Mənsimov indi nə istəyir?

Çox adamı düşündürən bir sual var: Mübariz Mənsimovla nə baş verir? Niyə adamın birdən-birə parlayan adı, biznesi eyni sürətlə də çökdü?

Bir neçə ildir ki, "Palmali"nin rəhbəri Mübariz Mənsimovun biznesində yaranan problemlər haqqında yerli və xarici mediadan oxuyur, izləyirik. Bu illər ərzində Mənsimovun yaranan problemlərlə bağlı çoxsaylı açıqlamalarını da oxumuşuq. Bir çox hallarda bir-birini təkzib edən bu açıqlamalar nəinki suallara aydınlıq gətirmir, əksinə, problemin ətrafındakı toz-dumanı daha da qatılaşdırır.

Durum isə ortada: İri neft şirkətləri ilə çəkişmələr... Uduzulan məhkəmə prosesləri... Avropada ard-arda həbs edilən gəmilər... Külli miqdarda kredit borcları və s. 

Bəs Mənsimov xilas olmaq üçün nə edir? Buraxdığı səhvləri analiz edirmi? Niyə xilasedici kəmərlərdən yox,  suyun üzərinə dağılmış saman çöplərindən yapışır?

Türkiyədə və digər ölkələrdə qurduğu və batmış biznesi haqqında detallı bilgilərə sahib olmasaq da, Azərbaycandakı biznesləri və nəyi-necə batırdığının şahidiyik.

Qısa müddətdə ulduzu parlayan "Xəzər-Lənkəran" hekayəsi gözümüzün önündə elə eyni sürətlə də sönmədimi? Klubun qeyri-peşəkar idarəçiliyinə, tez-tez icraçı direktor dəyişikliyinə, maliyyə qalmaqallarına, şübhəli məşqçi və oyunçu transferlərinə cavabdeh kim idi? Azarkeşlərmi,  yoxsa hamını stadiona qoyun buraxacağı ilə şantaj edən Mübariz Mənsimov özümü?

Minlərlə kəndlidən südü toplayıb pullarını hələ də ödəyib bitirə bilməyən "Pal Süd"ün çöküşündə kimi günahlandırasan? Süd qəbulu məntəqələri adı altında südü kəndlidən ucuz alıb, zavoda baha satan və zavodun zərərlə işləməsini şərtləndirən Mənsimovun qohumlarımı, yoxsa adi kəndlilərmi?

Mənsimov isə hələ də nala-mıxa vurur. Düşünmür, çıxış yolu axtarmır, məhz nala-mıxa vurur. Son açıqlamalarında isə "oğru" söhbətlərinə qədər enib, "mənim də ordum var", "vuraram-yıxaram" deyə kriminal mövzulara qədər ucuzlaşıb. "Mən bəziləri və övladları kimi büdcədən oğurlamamışam"- deyir. Bəs dövlət tenderlərini maneəsiz udanda, milyonları havaya sovuranda nə fikirləşirdi? Onlar büdcə pulu deyildimi? Aldığı kreditləri özünün, qardaşlarının, yaxınlarının bahalı şəxsi təyyarə və avtomobil kolleksiyalarına, əyləncələrinə xərcləyəndə, bu pulların qaytarmaq vaxtının da gələcəyini düşünmürdümü? Ara qarışıb məzhəb itən ziyafətlər təşkil edib, onun "səxavətli şahzadəsi"nə çevrilən kim idi bəs?

Görünən odur ki, SSRİ dağılandan sonra Rusiyada şübhəli əlaqələr hesabına qısa zamanda varlanan bir çox şəxslər kimi Mənsimov da normal kapitalist ölkələrə açılandan az sonra əldə etdiklərini idarə edə bilmədi. Axı bunların böyük hissəsini özü qazanmamışdı. 

Mənsimov həbs olunandan sonra Rusiyadakı digər azərbaycanlı oliqarx Fərhad Əhmədov onun psixoloji portretini dəqiq çizmişdi: 

"Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı çıxdı, axı onlarsız, təkbaşına o, tanker donanması qura bilməzdi. ...

.... Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcə də, onun yaxın dostlarıdır. Nə baş verib? O, öz əməkdaşları və dostlarının etimadını itirib?...".

Fərhad bəy bu fikirləri qələmə alanda hələ Mübarizin qardaşı və digər yaxınları ondan üz döndərməmişdi. Amma az sonra bu da olacaqdı. 

Bəs ortaqların, dostların, qohumların, yaxınlarının- bir sözlə, hamının üz döndərdiyi Mübariz Mənsimov indi nə istəyir? 

Doğrudanmı, eyni gəminin adını qəzet manşeti kimi az qala hər gün dəyişib birinin adını verməklə nəyəsə nail olacağına inanır?

Ağır suallardır, elə Mənsimovun vəziyyəti kimi...

Aydın