Ekonomiks 10:33 02.03.2024

3,5 milyon yatırım, 72 iş yeri - Cəbrayılda ayaqqabı fabriki

"Bosco shoes” MMC Cəbrayıl rayonunda ayaqqabı istehsalı müəssisəsinin yaradılmasına 3,5 milyon manat investisiya yatıracaq. 

Bu barədə Qaynarinfo-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Agentliyin məlumatına əsasən, "Bosco shoes” MMC-yə "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
 


"Bosco shoes” tərəfindən sənaye parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - Agentlik vurğulayır.

Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək.

Xəbər verildiyi kimi, "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına (Cəbrayıl rayonu) rezidentlərin investisiyaları 67 milyon manat həcmində qiymətləndirilir, 2023-cü ilin sonuna 10 milyon manat yatırılıb.