Qaynarinfo şair və qiraətçi Anar
Adilin yeni şeirlərini təqdim edir:
Fırça boylum
Qızım,
yaxını görsədən eynəklə baxıram çəkdiyin
rəsmlərə.
Sən necə də uzaqgörənsən.
Anana almadığım çiçəkləri neçə dəstə
çəkmisən?
Tikmədiyim evin divarın da rəngləmisən
o fırça boyunla.
Çəkdiyin rəsmlərə bir az rəng
qatmaq istəyirəm.
Etiraf etmək istəyirəm, qızım.
Bu şəkillər bizim elə özümüzük.
Atanı da qaş-qabaqlı çəkmisən.
Bilmək istəyirəm, qızım.
Sən dünyaya gələndə sevinməmişdim,
elə bilirdim, hamı mənim gözümdən
ağlayır.
İndi gülmək istəyirəm, qızım.
Daha unutmuşam kədərimi.
İndi çox xoşbəxtdi çəkdiyin şəkillər.
Ağır yüküm məktəbli çantan,
Qazancım - aldığın əla qiymətlər.
Bir də, iki qat rahatam, bilirsən
niyə?
Ağırlığını hiss etmirəm çiynimdəki
mələklər qədər.
Qərənfil çağları
Qərənfil boyda uşaqlar idik
anamız "gül balam” deyib,
saçımızı tumarlayanda.
Heç vaxt gözləmirdik sabahı,
harada olsa, özü gəlib çıxırdı.
Əlimizdən gülmək gəlirdi.
Mən başındakı yaylığı açıb xınaya
qoyan
ananın da yerinə gülürdüm
doyunca.
Oğlunun ölüm xəbərin gətirən
adamı
əliboş qaytarmamışdı.
Saçından və gülən üzündən
qopardıb vermişdi əvəzində.
Heyif...
Qərənfil boyda qala bilmədim,
qaçıb təngənəfəs keçmək istədim həyatı.
Eşələndim çürük ömrün içində
paslı bir ümid də tapılmadı...
Paslı bir ümiddə tapılmadı ki,
dünyanın əllərinə batırım,
gözəllik xilas olub düşsün
ovcuma.
İflic dostun zəngi
Dünən gecə zəngindən sonra,
əqrəblər gecə on ikidən təzə
düşürdü birə.
Yaxşı ki, zəng elədin!
Yoxsa, bir qız saçlarından vurub,
gözlərindən çıxacaqdım.
Xırda-xuruş azadlıqla çıxmaq
olmaz səhərə.
Yaxşı ki zəng elədin.
Qaçıb gizləndim ayaqlarımın
altında,
deyəsən, öldüm həm də.
Yaxşı ki, zəng elədin.
Bir dəqiqə əlli üç saniyəlik sükutumla
yad etdim özümü.
Kövrəldim, tutuldum, sevindim həm
də.
Azca başını qatdım.
"Vaxtsız udduqları adamlara
görə
torpaqlar da qan qusur vulkan adı
ilə" deyib...
Deyəsən, güldün sən də.
Yaxşı ki, zəng elədin.
Özümü yuxuluğa vurdum.
Tanımadım.
Axı hansı dildə danışırdın,
Hansı dildə?
Mən öz dilimizdə güc-bəla salamlaşdım.
Kəkələdim, dilimdə buz tutan sözlər
əriyincə,
Sən də sağollaşdın...
Sənsə, çox gözəl danışırdın ifliccə...
Qüsl azadlığı
Yenə xınalı gecə, yenə çilli göy
üzü,
Səni könlümə büküb,
büküb, əzizləyirəm.
Sökürəm pencəyimdən o yastı
gözmuncuğun,
Baxışını üstümə tikib, əzizləyirəm.
Sevgidirsə çinləyib, həsrətdirsə
- səpələ,
Qovum səni, bir qəlbə, bir qəlbə
sığışdırım.
Şən çıxmasan yuxumdan, sən
çıxmasan yuxumdan
Səhərlər əzişdirib, gözümü
ovuşdurum.
Ümidlərimdən keçsəm, ayrılığını kəssəm,
Dalğalanıb düzülsəm sütül
azadlığına.
Qəfildən öpsəm səni, biləklərini
tutsam,
Qorxma!
Özümü süzürəm qüsl azadlığına.
1 / 3
Şərhlər