"Bakı kəndində bir gün"
Məhəmmədi kəndindəyik. Kənd Bakı şəhərindən 17 kilomter şimal-şərqdə, Abşeron yarımadasının demək olar ki, ortasında, Xəzər dənizinin cənub sahilindən 6-7 kilomter cənubda, Xəzər dənizi səthindən 86 metr yüksəklikdə, yəni dəniz səviyyəsindən 56 metr yüksəklikdə yerləşir. İslam peyğəmbəri Məhəmmədin adı ilə bağlı olduğu iddia edilir.
Məhəmmədini bizə kənd məscidinin imamı Bəşir Mansurov tanıdacaq. Reportajda Sədi Məmmədrzaoğlunun "Məhəmmədi” kitabındakı məlumatlardan da istifadə etmişik.
Sədi Məmmədrzaoğlunun yazdığına inansaq, Məhəmmədi Bakı ətrafındakı 39 kəndin arasında ona görə yeganədir ki, başqa kəndlərlə qonşuluq məsafəsi böyükdür. Ətrafda olan bütün kəndlər Məhəmmədidən bir az aralıda yerləşir. Kəndin torpaqları şimaldan Pirşağı və Kürdəxanı, cənubdan isə Zabrat və Balaxanı ilə "həmsərhəddir”. Məhəmmədini bütün qonşu kəndlər ilə düzənlik, Digah kəndi ilə isə dağ və böyük dərə ayırır. Kəndin Digah tərəfə olan ərazisində məşhur "Yanar dağ” ziyarətgahı yerləşir.
Məhəmmədi kənd məscidinin imamı Bəşir Mansurovun sözlərinə görə, vaxtilə bu kənddə məskən salmış insanların böyük əksəriyyəti Cənubi Azərbaycandan gəlib. Bu fakt isə kəndin başqa yerdən köçmüş insanlar tərəfindən yaradıldığının sübutu sayıla bilər. Başqa yerdən köçmüş insanların əsasını qoyduğu yer isə çox qədim tarixə malik ərazi hesab edilmir. Bəşir Mansurov kənddə şahsevənlər nəslinin olduğunu bildirir, belə bir versiya irəli sürür ki, kənddə məskunlaşma təxminən Səfəvilər dövründən sonraya təsadüf edib.
Sədi Məmmədrzaoğlunun yazdığına görə isə, bizim eradan 450 il əvvəl tarixin atası sayılan yunan səyyahı Herodot dünya səyahətinə çıxarkən Azərbaycana da gəlmiş, öz əsərində "Yanar dağ”, onun yaxınlığında mövcud olan yaşayış məskənlərinin, dərənin şərq yamacında yerləşən "Qurd yuvası”nın, Balaxanı yaxınlığında yerləşən "Kirməki”nin mövcudluğunu qeyd edib.
"Yanar dağ” haqqında qısaca onu qeyd edək ki, deyilənə görə, bura hələ islam dini yaranmamışdan öncə atəşpərəstlərin sitayiş yeri olub. Bir zamanlar Hindistandan bura çoxlu ziyarətçi gələrmiş. İndinin özündə də Hindistan, Yaponiya, Almaniya, Fransa, İngiltərədən bura gələnlər var. "Yanar dağ” kəndin qərb hissəsində kənddən üç-dörd yüz metr aralıda, dağın üstündə, vulkanın axıtdığı kükürdlü suyun açdığı yarğanın kənarında yerləşir. Yerin təkindən çıxan və alovlanan təbii qaz 20-30 metr uzunluğunda olan sahədə gecələr təbii və füsunkar gözəllik yaradır. Ağsaqqallar danışırmış ki, İkinci Dünya Müharibəsi zamanı buradakı od təhlükəsizlik məqsədilə söndürülübmüş. Deyilənə görə, hökumət almanların bura zərbə endirə biləcəyini ehtimal edərək belə bir addım atıbmış.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Yanar dağ”a tarixi mədəniyyət və təbiət qoruğu statusu verilib.
"Qurd yuvası” isə kəndin qərb hissəsində yerləşir. Fransız yazıçısı Aleksandr Düma "Qafqaz səfəri” əsərində Bakının yaxınlığında qurd keçidinin olduğunu (volçiy varot) qeyd edir.
"Kirməki” isə "qır məkan” deməkdir, el arasında "qırməki” deyirlər. Bura uzunluğu beş kilometr, eni isə üç yüz-dörd yüz metrə çatan dərədir. Deyilənə görə, burada bir sıra əcnəbilər müəyyən tədqiqat işləri ilə məşğul olublar. İddia da var ki, guya nə vaxtsa Volqa çayı bu dərədən Xəzərə tökülürmüş. İnam var ki, bu, yenidən təkrarlanacaq. Amma kənd məscidinin imamı deyir ki, bu idddia savadsızlığın əlamətidir və təbii ki, məntiqlə yanaşanda anlaşılan, başa düşülən deyil.
Bəşir Mansurov deyir ki, Məhəmmədinin qədim yaşayış məskəni olmasını təsdiqləyən faktlardan biri də burada qədim qəbirlərin mövcudluğudur. Kənddə hazırda mövcud olmayan, itmiş iki qəbiristanlıq var. Qəbiristanlıq yoxa çıxsa da, camaat yerini bilir. İmamın sözlərinə görə, sovet vaxtı qədim qəbirlər qazılıb, tapılan insan sümükləri indiki insan sümüklərindən fərqli imiş, bu isə kəndin qədimliyinin növbəti göstəricisi sayıla bilər.
Məhəmmədidə bineyi-qədimdən yaşayan əsas tayfalar şahsevənlər, qaradağlılar, qədimalılardır, ənnağılılar, qasımxanlılardır. Qaradağlılar, ənnağılar Cənubi Azərbaycan ərazisindən, qədimalılar isə Naxçıvandan köç edənlərdir. Bundan başqa müxtəlif ərazilərdən bura gəlmiş tatlar da var kənddə.
Kənddə yerləşən "Əli daşı” piri haqqında danışırıq Bəşir müəllimlə. "Məhəmmədi” kitabında qeyd edilir ki, kəndin kənarında yerləşən "Əli daşı” piri əhalinin ən çox ziyarət etdiyi pirdir. Rəvayətə görə, Həzrət Əli burdan keçəndə həmin yerdə nahar edib. Nahar əsnasında o Allah tərəfindən bütün canlılara ruzi payı verildiyini söyləyib. Ordakılardan biri isə sual verib ki, bu daşın içində də ruzi var? Əli isə cavab verir ki, bu daşın içində qurd var, ağzında da yaşıl yarpaq. Sübut üçün də daşı əli ilə iki yerə bölür, dediklərini əyani surətdə göstərir. Bundan sonra yerli əhali həmin daşı müqəddəs sayır, üzərində bina inşa edir, ətrafında isə bu dünyadan köçənləri basdırırlar.
Bəşir Mansurov isə deyir ki, bu məlumatların tarixi, elmi əsası yoxdur. Həzrəti Əli İran əraizisindən bu yana keçməyib. Doğrudur, bu məlumatlara inananlar möcüzə yolu ilə belə bir hadisənin baş verdiyini iddia edirlər, amma rassional insanlar bu yanaşmanı doğru hesab etmir. Buna baxmayaraq, Bəşir Mansurov iddia edir ki, ikiyə bölünmüş bu daş adi daş deyil və hiss olunur ki, Abşeron torpağına yaddır, bizim torpaqlarda o cür daşlar yoxdur. Ümumiyyətlə, daşı iki yerə bölməsi Həzrət Əlinin əsas möcüzələrindən biri hesab olunur, ehtimala görə, bu tipli hadisələr indiki İraq ərazisində baş verib. Güman olunur ki, o vaxtlar burdan o tərəflərə getmiş insanlardan biri, yaxud bir neçəsi Həzrəti Əlidən bizim torpaqlarda da nişan olsun deyə o daşları kimlərdənsə xahiş edərək Azərbaycana gətiriblər. Amma konkret olaraq o daşlar Azərbaycana nə vaxt gətirilib, bu haqda məlumatı olan yoxdur. Qəribəsi budur ki, iki yerə bölünən daşdan biri bir neçə il əvvəl oğurlanıb. Pir "Yanar dağ” qoruğunun nəzarətindədir, qoruq rəhbərliyi fikirləşib ki, gündüz mühafizəçiyə ehtiyac yoxdur, günün günorta çağı kimdir oğurluq edən, ona görə də ancaq gecələr mühafizəçinin xidmətinə ehtiyac duyurmuşlar. Amma daşın biri gündüz vaxtı oğurlanır. "Yanar dağ” oğrunu və daşı tapmaq üçün çox çalışsa da, polis hər hansı bir nəticə əldə edə bilmir. Bəşir Mansurovun versiyasına görə, daşı ya cadugərlər, ya da kolleksionerlər oğurlayıb.
Məhəmmədidə başqa pirlər də var, məsələn "Kasıb piri”. Qasımxanlı məhəlləsində yerləşir. Sovet hakimiyyəti illərində sökülüb. Pirin sökülməsi üçün göstəriş verənlərin də, piri sökənin də başına müxtəlif bəlalar gəlib. Kənd camaatı belə deyir. Sökənin bir neçə övladı qısa müddətdə dünyasını dəyişib. Pis müstəqillikdən sonra yenidən bərpa edilib. Kənddə yerləşən "Qız piri” də sovet vaxtı yerlə-yeksan edilib. Maraqlıdır ki, bu piri sökənin qızı da cavan yaşda rəhmətə gedib.
Bunu qoyum, o birinə keçim. Məhəmmədi daha çox qoçuları ilə məhşur imiş. Əbdülrəzzaq, Məşədi Əjdər, Kərbəlayi Şiruyə, Mir Rəhim, Mir Ələkbər, Türbət ən məşhur Bakı qoçularındandır. Məşədi Əjdər inqilabçı Əli Bayramovu tutur və onu dayısı oğlu Hüseynə tapşırır. Hüseyn isə Əlini öldürür. Az sonra Şura hökuməti qurulur. Ağsaqqalların dediyinə görə, Əli Bayramovun qisası Hüseynin başının Çəmbərəkənd qəbiristanlığında kəsilməsi ilə alınır. Hüseynin atası Qədir çox çətinliklə oğlunun nəşini əldə edərək kənd qəbiristanlığında dəfn edir. Məşədi Əjdər isə İrana qaçır. Amma canını qurtara bilmir. Bakı Sovetində işləyən, əslən məhəmmədili olan Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramovanın təşəbbüsü ilə İrana casus göndərilir. O, Məşədi Əjdəri qətlə yetirir. Deyilənlərə görə, məhz Ceyran Bayramovanın səyləri nəticəsində Məhəmmədi kəndi prespektivsiz kəndlər siyahısına daxil edilibmiş. Kənddə tikinti, abadlaşdırma işləri aparmaq qadağan imiş. 50 ildən çox müddət ərzində bir mişar daşı, yaxud taxta alan adama inzibati cəza verilirmiş. Bəşir Mansurov isə iddia edir ki, məhz Ceyran Bayramovanın istəyi ilə Məhəmmədi kəndinə aid Bakıdakı bütün arxiv sənədləri məhv edilib, sıradan çıxarılıb. Amma çox qəribə və maraqlıdır ki, kəndə aid arxiv sənədləri Tiflisdə indi də saxlanılır, qorunur.
Bütün qadağalara, çətinliklərə, təyziqlərə baxmayaraq, Məhəmmədi "milyoner sovxoz” olmağı bacarıb. Planı həmişə artıqlaması ilə yerinə yetirirmişlər. Bu da təsadüf edir ötən əsrin 60-cı illərinə. Bundan əvvəl kənddə xüsusu ilə suyun qıt olmağı ciddi çətinliklər yaradıb, kasıb kənd olub Məhəmmədi, əhalinin çoxu buradan köçüb gedirmiş o vaxtlar. Çox yerlərə gedib insanlar, əsasən də "Kubinka” deyilən əraziyə üz tutublar. Orada Məhəmmədi məhəlləsi də varmış. Qədim dövrlərdə Abşeron kəndlərinin əhalisi suyu ovdanlar vasitəsi ilə çıxarıb istifadə edirmişlər. Başqa kəndlərdə olduğu kimi Məhəmmədidə də bir neçə ovdan varmış. Amma bu ovdanlar su tələbatını ödəmək üçün yetərli deyildi. Su tapılmadığına, insanlar tez-tez yuyuna bilmədiyinə görə, bura "bitli Məhəmmədi” deyirmişlər. Yaxud da camaata "bitli məhəmmədili”. Camaat pinti deyilmiş e əslində, dediyim kimi, su yoxmuş. Hamam isə bir dənə. Uzun yol qət edib su gətirirmişlər, içmək, çimmək üçün. Sovet vaxtında isə su infrastrukturu yaradılıb. Üç dənə üstü açıq su anbarı yaradılıb. Bu, kəndin inkişafı, həyat şəraitinin yaxşılaşması üçün böyük təkan olub. Ovdanlar isə yavaş-yavaş sıradan çıxır. Həm sovet dövründə, həm də ondan əvvəl camaat daha çox taxıl, arpa, yonca, qarpız, yemiş, pomidor əkirmiş. Bir də məşhur badam bağları olub burada. Bineyi-qədimdən maldarlıq da güclü olub bu yerlərdə.
Hə, onu da deyim ki, həmin ovdanlar indiyədək qalmaqdadır, pis vəziyyətdə olsalar belə. Elə bu yaxınlarda təzə bir ovdan da tapıldı. Həmsöhbətimiz Bəşir müəllimin də iştirakı ilə.
Sovet vaxtı ilə bağlı bir söhbət də edim, keçək o biri məsələyə. Demək, İkinci Dünya Müharibəsi zamanı qadınları da cəbhəyə aparırmışlar. Xüsusilə də cəbhədə yaralılara kömək üçün. Bunu eşidən, məhəmmədililər rəhbərliklə danışıb ona nail olurlar ki, kənddən cəbhəyə qadın göndərilməsin. Bunun müqabilində isə əllərində olandan verirlər, at, eşşək, qoyun-quzu, inək. O vaxt müxtəlif səbəblərdən müharibəyə getməyən kişilərdən isə mühafizə dəstəsi təşkil olunub ki, kimsə qadınlara pis gözlə baxa bilməsin, əli, gözü əyriliklə məşğul ola bilməsin. Mühafizə dəstəsi gecələr yatmır, bütün məhəllələri gəzirmiş.
Bəşir Mansurov bir maraqlı məqama da toxunur. Deyir, bu kəndin camaatının əsas xüsusiyyətlərindən biri də təkəbbür, lovğalıq olub. Acından ölsələr də, kiməsə ağız açmayıblar. Kimsə xətirlərinə dəyəndə ağzının üstündən vurublar, başını əziblər. Deyir, bir vaxtlar Məhəmmədi camaatından söz düşəndə deyilirmiş, onlara baş qoşmayın, vurub öldürərlər sizi. "Lovğa Məhəmmədili” deyirmişlər onlara. Deməli, kəndin mərkəzində boş-boş gəzən birinə desən ki, gəl, həyətimdə iş var, gör, pulunu artıqlaması ilə verəcəm, gəlməz, deyər, alə, mən sənin üçün işləyənəm? Məscidin imamı deyir ki, bu düşüncəni sındırmaq, lovğalığı aradan qaldırmaq üçün savadlı insanlarla birgə çox təbliğat aparırıq və şükür nəticəsi də pis deyil. Gənclər həyata bir az başqa cür baxırlar.
Kənddəki bugünkü problemlərdən danşırıq. Bəşir Mansurov deyir ki, su məsələsi yenə də problem olaraq qalmaqdadır. Doğrudur, içməli su var, ancaq suvarma suyunun olmaması müəyyən çətinliklər yaradır. Əkin sahələrinin, ağacların şirin su ilə suvarılması istənilən effekti vermir. Bununla bağlı müvafiq qurumlara müraciət olunub, ümid edək, yaxın günlərdə öz həllini tapacaq.
Bir də... Məhəmmədi Bakı kəndləri içərisində, ümumiyyətlə, kanalizasiya sistemi olmayan bəlkə də yeganə kənddir. Əslində kanalizasiya çəkməyə cəhd göstərilib. Bəşir Mansurovun dediyinə görə, sadəcə kənd üç qayanın üstündə yerləşdiyinə görə bu işi görmək həddindən artıq təhlükəlidir, mütəxəssislər də belə düşünürlər.
Söhbətimizi yekunlaşdırdıq. Məscidin kitabxanasındakı müəlliflər, əsərlər diqqətimi çəkdi. İmamdan bu kitabları oxuyub-oxumadığını soruşdum, "əlbəttə, oxumuşam” dedi. Ümumiyyətlə, danışığından, verdiyi məlumatlardan özüm də hiss elədim ki, oxumuşam adamdır. Sevindim doğrusu, demək, az olsa da, savadlı, məlumatlı imamlarımız da varmış. Sağ olsunlar, Allah ömür versin, sayları çox olsun.
Məsciddən çıxanda bir az gəzişmək istədim. Bələdiyyənin qarşısına gələndə kəskin iy vurdu məni. İyin hardan gəldiyini bilmək üçün dönəndə gördüm ki, düz bələdiyyənin böyründə böyük zibilxana var. Gərək, bələdiyə belə işə qol qoymasın, icazə verməsin, zibilxana bələdiyyə haqqında, ümumiyyətlə, kənd haqqında mənfi təəssürat yaratsın. Gərək bələdiyyə belə işə qol qoymaya, bir vaxtlar "bitli Məhəmmədi” damğası vurulmuş kəndə "zibilli Məhəmmədi” ayamasının yapışdırılmasına razı olmaya. Axı bu kəndi sevənlərin hisslərinə toxunur bu söhbətlər, axı bura həm də "Lovğa Məhəmmədi”dir, sadə, zəhmətkeş, haqqı sevən qürurlu insanların kəndidir bura. "Bura zibil atma, insan ol” yazmaqla iş bitmir, vallah. Bəlkə biri doğrudan da insan olmaq istəmir, amma gərək insan birinci özündən başlasın. Xəbərdarlığı yazmamışdan qabaq özünün insan olub-olmadığı barədə dərin düşüncələrə dalsın.
Ağa Cəfərli
Şərhlər