31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş, qanla yazılmış bir faciənin simvoludur. Bu günə yalnız anım günü kimi yanaşmamalıyıq, həm də həqiqətin, ədalətin və milli yaddaşın qorunması günü kimi qəbul etməliyik.
1998-ci ildən etibarən ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş fərmanla 31 mart dövlət səviyyəsində qeyd olunur. Bu qərar uzun illər gizlədilən, üzərinə pərdə çəkilən həqiqətlərin üzə çıxarılması istiqamətində tarixi bir dönüş nöqtəsi oldu. Ulu Öndər bu məsuliyyətin miqyasını belə ifadə edirdi:
"Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq... nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
Bu çağırış təkcə bir dövr üçün deyil, bütün zamanlar üçün aktual olan milli və mənəvi borca çevrildi.
1918-ci ilin mart-aprel aylarında Azərbaycan torpaqları misli görünməmiş vəhşiliklərin şahidi oldu. Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı planlı şəkildə qırğınlar törədildi. İnsanlar yalnız etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirildi, qadınlar, uşaqlar, qocalar amansızcasına öldürüldü. Yaşayış məntəqələri yandırıldı, şəhərlər dağıdıldı, məscidlər, məktəblər və mədəniyyət abidələri yerlə-yeksan edildi.
Təkcə bir neçə gün ərzində on minlərlə insan həyatını itirdi, yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşdü. Şamaxıda minlərlə insan qətlə yetirildi, yüzlərlə kənd məhv edildi. Qubada isə sonradan aşkar edilən kütləvi məzarlıq bu faciənin dəhşətli miqyasını açıq şəkildə ortaya qoydu. Tapılan insan qalıqları üzərindəki işgəncə izləri – küt alətlərlə yetirilmiş zərbələr, başlara vurulmuş mismarlar – bu cinayətlərin necə qeyri-insani şəkildə həyata keçirildiyini sübut edir.
Bu qanlı hadisələrin kökündə mifik "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən millətçi siyasət dayanırdı. Bu ideya uğrunda həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti nəticəsində minlərlə insan məhv edildi, on minlərlə insan doğma torpaqlarından qovuldu. 1918-ci ilin mart hadisələri bu siyasətin ən qəddar və amansız təzahürü kimi tarixə həkk olundu.
Bu faciələr sonrakı illərdə də davam etdi. 1920-ci illərdə torpaq itkiləri, 1948–1953-cü illərdə deportasiyalar və digər zorakılıq aktları xalqımıza qarşı sistemli siyasətin davamı idi. Lakin bütün bu sınaqlara baxmayaraq Azərbaycan xalqı öz kimliyini, tarixini və yaddaşını qoruyub saxladı.
Müstəqillik əldə edildikdən sonra bu hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə Qubada aşkar edilən kütləvi məzarlıq tariximizin bu qanlı səhifəsinin danılmaz sübutuna çevrildi. Bu faktlar bir daha göstərdi ki, 1918-ci ilin hadisələri təkcə lokal toqquşma deyil, sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu həqiqətləri belə ifadə etmişdir:
"Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar... xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”
Bu sözlər tariximizin acı həqiqətlərinin siyasi və tarixi qiymətidir.
31 Mart yalnız keçmişin xatırlanması deyil. Bu gün həm də gələcək qarşısında məsuliyyət günüdür. Bu, şəhidlərimizin xatirəsini yaşatmaq, həqiqətləri dünyaya çatdırmaq və belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparmaq günüdür.
Çünki tarix unudulanda təkrar olunur!
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Şərhlər