Dünya 20:56 08.01.2024

İlon Mask qanunsuz preparatlardan – narkotikdən istifadə etdiyini inkar edir

Maskın qeyri-qanuni narkotiklərdən istifadə etməsi ilə bağlı son günlər mediada yayılan xəbərlər həqiqətə uyğun deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə İlon Mask və vəkilləri bildiriblər.

Vəkil Aleks Spayro vurğulayıb ki, biznesmen "SpaceX şirkətində işləyərkən mütəmadi olaraq narkotik testindən keçib və heç vaxt test müsbət çıxmayıb". 

Xatırladaq ki, ötən şənbə, yanvarın 6-da "The Wall Street Journal” İlon Maskın ABŞ-da qadağan olunmuş LSD, kokain, ekstazi və halüsinogen göbələklər kimi maddələrdən istifadə etdiyini yazıb. Bunların əksəriyyətinin tanımadığı şəxslərin şahid ola biləcəyi özəl məclislərdə baş verdiyi iddia edilir. WSJ-nin məlumatına görə, iş adamının bu davranışı İlon Maskın şirkətlərinin bəzi top-menecerlərində narahatlıq yaradır - onlar biznesin imicinə və qiymətlərin dinamikasına mənfi təsir göstərməkdən qorxurlar.
İlon Mask əvvəllər narkotiklərə münasibətinə görə tənqid olunub. 2018-ci ildə aparıcı Co Roqanın podkastının efirində o, marixuanalı siqaret çəkib. Avqust ayında isə məlum olub ki, İlon Mask vaxtaşırı ketaminli dərman qəbul edir.

ABŞ-da marixuananın tibbi məqsədlər üçün istifadəsinin demək olar ki, bütün ştatlarda qanuniləşdirilməsinə baxmayaraq, İlon Mask müntəzəm olaraq narkotik testindən keçməyə razılaşıb. Maskın sözlərinə görə, tərkibində ketamin olan dərmanlar ona Asperger sindromu ilə bipolyar pozğunluğu müalicə etmək üçün həkimlər tərəfindən təyin edilib. "Roqanla baş verən hadisədən sonra NASA-nın tələbi ilə mən narkotik testlərindən keçməyə razılaşdım. O vaxtdan bəri üzərimdə heç bir narkotik və ya spirt izi belə tapılmayıb”, - İlon Mask bildirib.

Nizami Bağırov