Siyasət 19:33 05.05.2023

"İran rəsmiləri belə qeyri-ciddi fikirlərlə münasibətlərə zərbə vurur" - Politoloq

"İran rəsmiləri belə qeyri-ciddi fikirlərlə iki dövlət arasında münasibətlərə zərbə vururlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri SEPAH-ın Qüds Qüvvələrinin komandanı Sərdar Qaaninin Tehranın Azərbaycandakı vəziyyətə nəzarət etməsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
 
"Bu İranın güc nümayişidir. Lakin bu heç nəyi ifadə etmir. Eyni məsələ İranın özünə də aiddir. İranın da bütün strateji obyektləri Azərbaycan və müttəfiqlərimizin nəzarəti altındadır. ABŞ, Çin, Rusiya kmi dünya gücləri kosmosdan bütün dünyanı nəzarətləri altında saxlayırlar”, deyə Natiq Miri qeyd edib. 
 


Ekspert bildirib ki, belə açıqlamalar münasibətləri heç də müsbət məcrəya daşımır:
 
"İran Azərbaycanı öz mövqeyindən geri çəkilməyə məcbur edəcəyini düşünürsə, yanılır. Azərbaycan nə Suriya, nə Yəmən, nə də Bəhreyn deyil. Tehran Azərbaycanın hansı qüdrətə malik olduğunu bilir. Azərbaycanın özündən iki dəfə böyük Azərbaycan elə İran daxilində yerləşir. Ona görə də barmaq silkələməmişdən öncə İran rəsmiləri bu yöndə iki dəfə düşünsələr yaxşıdır. İranın bizə gücü çatsaydı, çoxdan addımlar atardı. Belə açıqlamaları ciddi qəbul etmirik. Sadəcə, onlar ürək bulandırır və münasibətlərə zərbə vururlar”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı Sərdar Qaani Qum tələbələri ilə görüşündə Azərbaycan  Respublikasında vəziyyətin nəzarət altında olduğunu bildirib: "Azərbaycan üçün narahat olmayın, vəziyyət müşahidəmiz altındadır. Xüsusi bir şey olmayacaq".

Rüfət Sultan