Dünya 14:36 17.04.2023

İran Ukrayna təyyarəsini vurduğuna görə 10 hərbçini həbsə məhkum etdi

İran 2020-ci ildə 176 nəfərin ölümünə səbəb olan Ukrayna təyyarəsinin vurulmasında iştirak edən 10 hərbçini həbs cəzasına məhkum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "France24" İranın məhkəmə sistemi "Mizan Online"a istinadən məlumat yayıb.

Nəşr yazıb ki, 16 apreldə bir komandir 10 il, digər doqquzu isə bir ildən üç ilədək həbs cəzası alıb.

"Bu iş son bir neçə ildə ölkədə baş verən ən mühüm, incə və mürəkkəb məhkəmə proseslərindən biri idi”, deyə sayt qeyd edir.

Qeyd olunur ki, təyyarənin vurulmasına rəhbərlik edən komandirin hərəkətləri "vəziyyətdən xəbərsiz olması və aşkar edilən hədəfin düşmən olması ilə bağlı yanlış inancdan irəli gəlib”.

"Tor M-1” zenit-raket kompleksinin komandiri "əmrlərə zidd” və icazə almadan təyyarəyə "iki raket atıb”. Təqsirləndirilən şəxslərin heç birinin adı açıqlanmır.

"Bu hadisənin təsirinin miqyasını və nəticələrini nəzərə alaraq, əsas müttəhim ən yüksək cəzaya məhkum edilib”, deyə nəşr yazıb.

Xatırladaq ki, 8 yanvar 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus PS 752 Tehran-Kiyev reysi İranda qəzaya uğrayıb, 176 nəfər həlak olub. Təyyarədə 7 ölkənin vətəndaşları olub: İran, Kanada, İsveç, Əfqanıstan,  Almaniya, Böyük Britaniya və Ukrayna. 

11 yanvar 2020-ci ildə İran UIA təyyarəsini səhvən vurduğunu rəsmən etiraf edib və ölkənin icra hakimiyyətinin hərbi qolu olan İslam İnqilabı Keşikçiləri Korpusu bunun məsuliyyətini öz üzərinə götürüb.

İran 2022-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarının PS752 reysinin qurbanlarına Beynəlxalq koordinasiya və yardım qrupunun təzminatla bağlı danışıqlara qoşulmaq təklifini rədd edib.

Nizami Bağırov