İsti Avropa yayından sonra səyahətlər üçün heç də az cəlbedici olmayan mövsüm başlayır. Payızda məşhur şəhərlərdə turistlərin sayı azalır, hava uzun gəzintilər üçün əlverişli olur, qiymətlər və atmosfer isə Avropanı fərqli tərəfdən kəşf etməyə imkan verir.
Qaynarinfo xəbər verir ki, “Condé Nast Traveler” səyahət üçün diqqət yetirməyə dəyər 7 istiqamətin adını açıqlayıb.
Kopenhagen və Danimarka Rivyerası, Danimarka

Payızda Danimarkanın paytaxtı qızılı yarpaqlar, rahat kafelər, çörəkxanalar və restoranlar arasında gəzintilər üçün xüsusilə əlverişlidir. Səyahəti Şimali Zelandiyaya səfərlə də tamamlamaq olar. Burada Kronborq qalası, meşələr, sahil əraziləri və müasir incəsənət muzeyi “Louisiana” yerləşir.
Vyana, Avstriya

Payızda burada parklarda gəzmək, muzey və qalereyaları ziyarət etmək, Vyana şnitselinin dadına baxmaq və şəhərdən kənardakı üzüm bağlarına getmək mümkündür. Bununla yanaşı, Vyana tarixi atmosferi yeni restoranlar, hotellər və mədəniyyət məkanları ilə birləşdirir.
San-Sebastian, İspaniya

Şəhər xüsusilə qastronomiya həvəskarları üçün maraqlıdır. Burada “Michelin” ulduzlarına layiq görülmüş çoxsaylı restoranlar, məşhur pintxoslar və zəngin bar mədəniyyəti var. Payızda mülayim hava sahil boyunca gəzintilər üçün əlverişli şərait yaradır. Oktyabr ayında burada bask mətbəxinin yeni dövrünün 50 illiyinə həsr olunmuş “San Sebastian Gastronomika” festivalı da keçiriləcək.
Mərkəzi İrlandiya

Buraya payız səyahəti mistik atmosferi sevənlərin xoşuna gələ bilər. Mit qraflığında kelt ənənələri ilə əlaqəli qədim məkanlar yerləşir. Oktyabrın 29-dan noyabrın 1-dək burada “Púca” festivalı keçirilir. Turistlər həmçinin ölkənin qərbinə – Konnemara sahillərinə, Kler və Miyo qraflıqlarına yollana bilərlər.
Paris, Fransa

Payızda Fransa paytaxtı yay aylarında turist axınının artmasından sonra daha sakit olur. Bu dövr muzeyləri ziyarət etmək, parklarda gəzmək və yeni sərgilərlə tanış olmaq üçün əlverişli vaxt hesab olunur.
Dolomitlər, İtaliya

Payızda dağların yaşıl rəngləri qızılı çalarlarla əvəzlənir, turistlərin sayı azalır, hava isə hələ də yürüşlər üçün əlverişli olur. Dolomitlər xüsusilə oktyabrın ortalarında və ikinci yarısında gözəl görünür. Bu dövrdə qaraşam ağaclarının yarpaqları saralmağa başlayır.
Umriya, İtaliya

İtaliyanın bu bölgəsi ölkənin “yaşıl ürəyi” adlandırılır. Payızda burada trüfel və zeytun yığılır, üzümlər yetişir, orta əsr şəhər və kəndləri isə xüsusi atmosferə bürünür. Turistlər Assizini, Peruca muzeylərini və bölgənin təbiət ərazilərini ziyarət edə bilərlər.
Aydın
Şərhlər