Xəbər lenti

“İran yenə də ikili oyun oynayır
Siyasət 15:05 10.08.2023

“İran yenə də ikili oyun oynayır " -  Deputat

Son günlər İrandan Azərbaycana isti mesajlar gəlir. İRNA-da Azərbaycan-İran münasibətlərinə dair pozitiv materiallar dərc edilir. Lakin digər KİV-lər anti-Azərbaycan fəaliyyətlərini eyni templə davam edirlər. 

Maraqlıdır ki, İran bununla nə etmək istəyir? Ümumiyyətlə, İranla münasibətlər normallaşırmı?

Bu barədə Qaynarinfo-ya danışan deputat Elman Nəsirov hazırda İranın ikili mövqe nümayiş etdirdiyini bildirib: 

"Son zamanlar İran-Azərbaycan münasibətlərində müəyyən bir istiləşmə tendensiyası diqqətdən yayınmır. Münasibətlərin son dərəcə  soyuqlaşmasının səbəbkarı İranın özü idi. Xüsusilə də Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı münasibətləri korladı. Bu terror aktının araşdırılması prosesində İranın tutduğu məlum mövqe və cinayətkarın istintaqdan kənarda qalması, onun psixi xəstə adı altında istintaqdan kənarlaşması kimi faktlar rəsmi Bakı və Azərbaycan ictimaiyyətinin son dərəcə kəskin etirazı ilə müşayiət olundu. Azərbaycan dövləti İranla bağlı bu məsələlərdə qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, İran-Azərbaycan münasibətlərindəki ənənəvi mehriban qonşuluq və dostluq münasibətlərinin korlanmasına görə bütün məsuliyyət Tehranın üzərinə düşür".



Deputat bildirib ki, yenə də bir çox İran mətbuat orqanı anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ortaya qoymaqda davam edir:

"Son zamanlar bütün bu reallıqlar fonunda Tehrandan Azərbaycan istiqamətində müəyyən isti mesajlar da gəlməkdədir. Münasibətlərin yenidən bərpası, xüsusilə də terror aktını törətmiş şəxsin ən ağır cəzaya məhkum ediləcəyi ilə bağlı rəsmi Tehranın mövqe ortaya qoyması müəyyən mənada müsbət tendensiya kimi qəbul edilə bilər. Elə İranın rəsmi dövlət agentliyi olan İRNA da son zamanlar İran-Azərbaycan münasibətləri ilə bağlı xoşməramlı jestlər etməsi diqqətdən yayınmır. Amma eyni zamanda diqqətdən yayınmayan cəhət odur ki, paralel şəkildə İranın bir çox mediası yenə anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ortaya qoymaqdadır. Hətta bəzi İran informasiya vasitələri Türkiyə xarici işlər naziri Hakan Fidanın Zəngəzur dəhlizi haqqında dediklərini "Əliyev rejiminə" verilmiş növbəti məcburi tapşırıq adlandırır. Türkiyə ilə bağlı bu istiqamətdə istifadə edilən bir çox ifadələr qəbuledilməzdir. Türkiyəni millətçi yanaşmada ittiham etmək, guya Türkiyənin Turan imperiyası yaratmaq niyyətində olması ilə bağlı iddialar tamamilə əsassızdır. Bunlar İrandakı yüksək rütbəli məmurların təxəyyülünün məhsuludur və heç bir real əsaslara malik deyil. Amma istənilən halda, İran siyasi hakimiyyəti dualist bir mövqe ortaya qoyması diqqətdən kənarda qala bilməz. Yəni, bir yandan Azərbaycanla münasibətləri istiləşdirmək, digər yandan isə əlindəki informasiya vasitəsilə anti-Azərbaycan mövqeyini davam etdirirlər. Hər şey İranın davranışından asılıdır. Bu davranış səmimi olacağı, Azərbaycanla münasibətlərin bərpası və yaxşılaşdırılması istiqamətində sözlə deyil, əməli addımlar müşahidə olunacağı təqdirdə münasibətlərin yenidən əvvəlki səviyyəsinə qayıtması mümkündür. Necə deyərlər, top indi İran tərəfindədir". 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->