Xəbər lenti

Şirkətlər noutbuk və telefon almaq əvəzinə aylıq abunəyə keçir: Yeni model sürətlə yayılır
Dünya 22:06 09.07.2026

Şirkətlər noutbuk və telefon almaq əvəzinə aylıq abunəyə keçir: Yeni model sürətlə yayılır

Şirkətlər arasında bahalı İT avadanlıqlarının birbaşa satın alınması əvəzinə aylıq abunə modeli getdikcə daha çox üstünlük qazanır. Ekspertlər bildirirlər ki, bu yanaşma biznesə daha çevik idarəetmə, proqnozlaşdırıla bilən xərclər və pul vəsaitlərinin daha səmərəli idarə olunması imkanı yaradır.

Son illərdə insanlar musiqi, film və proqram təminatından istifadə üçün abunə modelinə öyrəşdiyi kimi, bu yanaşma artıq biznes texnologiyalarına da tətbiq olunmağa başlayıb. Şirkətlər böyük məbləğdə vəsait xərcləyərək avadanlıq almaq əvəzinə, noutbuk, mobil telefon və digər qurğulardan aylıq ödəniş əsasında istifadə etməyə üstünlük verirlər.

2021-ci ildə Rumıniyada yaradılan "INKI.tech" şirkəti bu istiqamətdə Device-as-a-Service (DaaS) modelini təqdim edib. Bu xidmət çərçivəsində müəssisələr aylıq sabit ödəniş müqabilində noutbuk, telefon və digər cihazlardan istifadə etməklə yanaşı, onların texniki dəstəyi, idarə olunması və təhlükəsizlik xidmətlərini də əldə edirlər.

Hazırda şirkət Avropa İttifaqının bütün 27 üzv ölkəsində fəaliyyət göstərir və 700-dən çox şirkətə xidmət göstərir.

Şirkətin baş direktoru və həmtəsisçisi Liviu Huluța bildirib ki, bir çox sahibkar hələ də avadanlığa sahib olmağın daha sərfəli olduğunu düşünür. Lakin şirkətlər artıq yalnız alış qiymətini deyil, sonrakı texniki xidmət, təmir, yenilənmə və idarəetmə xərclərini də nəzərə almağa başlayıblar.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı ilə kompüterlərin emal gücü, yaddaş və təhlükəsizlik tələbləri sürətlə artır. Bu isə avadanlıqların yenilənmə müddətini qısaldır və uzunmüddətli satınalma modelini əvvəlki qədər səmərəli etmir.

Şirkətin hesablamalarına görə, 50 əməkdaşı olan bir müəssisə hər biri 1 500 avro dəyərində noutbuk aldıqda, ilk gündən 75 min avro vəsait xərcləməli olur. Üstəlik, bu məbləğə texniki xidmət, təmir və gələcəkdə avadanlığın yenilənməsi ilə bağlı əlavə xərclər daxil deyil.

Ekspertlər hesab edirlər ki, yaxın illərdə süni intellektin geniş tətbiqi, əməliyyat səmərəliliyinə artan tələbat və şirkətlərin maliyyə axınını qorumaq istəyi nəticəsində avadanlıqların abunə modeli daha da populyarlaşacaq.

Mütəxəssislərin fikrincə, əgər son onillik rəqəmsallaşma dövrü idisə, növbəti mərhələ resurslardan daha səmərəli istifadə və texnologiyanın daha çevik idarə olunması ilə xarakterizə olunacaq.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->