Xəbər lenti

Siyasət 15:12 20.06.2025

"Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı bu faktı növbəti dəfə təsdiqlədi"

"Biz birlikdə güclüyük, birlikdə problemlərin öhdəsindən gələ bilirik".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Türkiyəyə işgüzar səfərini şərh edərkən deyib.



"İyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri baş tutdu. Bu səfərdə əsas məqsəd Kahramanmaraş şəhərində 2023-cü ilin fevralın 6-da 54 min insanın ölümünə səbəb olmuş zəlzələdən sonra şəhərin bərpası prosesi və burada Azərbaycanın inşa etdiyi "Azərbaycan məhəlləsi"nin açılış mərasiminində iştirak etmək idi. Bu işdə Azərbaycan qardaş Türkiyəyə böyük dəstək verib. Azərbaycan dövləti zəlzələ baş verən ilk gündən Türkiyənin yanında oldu. Azərbaycan xilasediciləri axtarış-xilasetmə işlərində iştirak edərək, təxminən 53 nəfəri sağ çıxardı", deyə Elman Nəsirov əlavə edib.
 


Deputat bildirib ki, 2021-ci ildən Türkiyə ilə Azərbaycan strateji müttəfiqlərdir:

"Vətən müharibəsinin ilk anlarından Türkiyə Azərbaycanın yanında yer aldı, ölkəmizə siyasi, mənəvi, diplomatik dəstək verdi. Bunu heç zaman unutmuruq. Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılışı da göstərir ki, Azərbaycan da Türkiyənin yanındadır. Biz birlikdə güclüyük, birlikdə problemlərin öhdəsindən gələ bilirik. Türkiyədə baş verən həmin dəhşətli faciənin ilk anlarından 100 minlərlə azərbaycanlı ayağa qalxaraq, öz imkanları daxilində Türkiyəyə dəstək verdi. Türkiyə ilə Azərbaycan dost və qardaşdır, hərbi, strateji müttəfiqdirlər. Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılışı da bu faktı növbəti dəfə təsdiqlədi".



Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyədə işgüzar səfərdə olub. Burada o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Onlar həmin günü Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak ediblər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->