Xəbər lenti

Siyasət 14:38 13.12.2023

"Kreml Bakı və İrəvanı təhdid edir" - Politoloq

"Bu açıqlama Bakı və İrəvana təhddir. Kreml demək istəyir ki, Rusiyanın maraqları nəzərə alınmasa, problemlər yaşanacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycan Ermənistan münasibətlərilə bağlı növbəti fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Zaxarovanın açıqlamasında zərrə qədər də səmimiyyət yoxdur:
 


"Bu açıqlama sadəcə olaraq, geosiyasi rəqabətin nəticəsidir. Qərb dünyası sülhün imzalanmasını tələsdirir və onun da öz ərazisində, Vaşinqton, yaxud Brüsseldə olmasını istəyir. Bu kontekstdə Rusiya da öz iradəsini ortaya qoyur. Çünki 2020-ci il 10 noyabr sənədi bilavasitə məhz Moskvanın vasitəçiliyilə baş tutub. Ona görə də Rusiya bu iddiasından vaz keçmək istəmir. Çünki sülh müqaviləsi Qərb paytaxtlarında imzalanarsa, bu Moskvanın nüfuzuna ciddi bir zərbə olar. Nəticədə Rusiyanın orbitində fırlanan digər postsovet ölkələrində arasında da Moskvanın nüfuzu aşağı düşə bilər".

Natiq Miri bildirib ki, Zaxarovanın açıqlaması xəbərdarlıq mesajıdır:

"Belə mesajlar təkcə Zaxarova səviyyəsində verilməyib. Rusiya XİN rəhbərinin müavini Qaluzin səviyyəsində də bu kimi mesajlar ötürülüb".

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında təmsil etdiyi qurumun Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüslərini alqışladıqlarını deyib: "Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz  növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?