Rəşad SƏFƏR
Sənət 16:33 22.02.2024

Libres propos

1

Çox yox, on beş il öncəyə qədər fikirlərini maraqla gözlədiyimiz xeyli yazıçı-publisist vardı. Onlar gündəlik hadisələr, kitablar, müəlliflər və vacib bildikləri başqa məsələlər haqqında düşüncələrini yazırdılar. Formanı daha çox Türkiyə vasitəsilə idxal etdiyimizə görə adı da "köşə yazıları” idi. Köşə yazanların sayı çoxdu, amma azı on adam vardı ki, hər gün özünü gözlətməyi bacarmışdı. Zamin Hacını oxumaqla kifayətlənməyib, qəzetdəkı yazılarını kəsib arxiv düzəldənlər vardı. Bəzən kiminsə bir köşə yazısı günlərlə müzakirəyə səbəb olurdu. Yarımazad, indikinə baxanda isə xeyli azad mühitdə qısa müddətdə nə qədər maraqlı yazar yetişmişdi. Pis-yaxşı öz fikirləri vardı və bu fikirləri xalqla bölüşürdülər. Doxsanların ideya boşluğundan sonra yazı xaosu başlamışdı. Amma bu xaos faydalı idi. Fikir müxtəlifliyinin və bu müxtəlifliyin dilə gətirilə bilməsinin bir cəmiyyət üçün nə demək olduğunu hələ də tam anlaya bilməmişik. 

Köşə yazarlığının bizdəki vəziyyətinin əsas səbəbləri bəllidir. Azadlıqların məhdud olduğu, azad mətbuatın, qonorar sisteminin olmadığı şəraitdə ilk və ən güclü zərbə publisistikaya dəyir. Amma inzibati problemlər bir yana, fərqli fikirlərin bu cür ifadə edilməsi elə bil kütlənin də, yazı-pozu əhlinin özünün də xoşuna gəlmədi. Köşə yazarlığını cəfəngiyyat, hər yoldan ötənin ağzına gələni yazması kimi qəbul etdilər. Hətta az sonra köşə yazmaq sanki ayıb bir işə çevrildi. Nəticə göz qabağındadır. İndi fikir quraqlığından əziyyət çəkirik. Hadisələrlə bağlı ağlı başında olan insanların düşüncələri yoxa çıxıb. Ağlı başında nə qədər insan qalıb, onu bilmirəm, amma bu, ayrı mövzudur. Müəllif yazıları heç də həmişə həqiqəti əks etdirmir, əks etdirməsi mütləq də deyil. Ancaq qarşımızda fərqli dünyagörüşlü insanların hadisələrə baxışlarını oxumaq cəmiyyətin fikir dizaynı baxımından faydalıdır. İndi bunun yerini sosial şəbəkə təlxəklikləri, dadsız-duzsuz ovqat yazıları, ad günü təbrikləri və başsağlığı elanları tutub. 

Çox eşitdiyimiz arqument artıq yazılı mətbuatın funksional olmadığı, sosial şəbəkələrin, videobloqların yanında köşə yazılarının gərəksizliyidir. Amma niyəsə bu sosial şəbəkələrin, videobloqların bizdən dəfələrlə çox yayıldığı ölkələrdə insanlar hələ də hər gün qəzət alır, həvəslə köşə yazılarını, intellektualların hadisələr barədə fikirlərini gözləyirlər. Mən təkcə inkişaf etmiş böyük ölkələri nəzərdə tutmuram. Əhalisi, iqtisadiyyatı və sair göstəriciləri aşağı-yuxarı bizə oxşar ölkələrdə də vəziyyət belədir. Aydındır, əvvəlki qədər deyil. Amma yazılı mətbuat hələ də müəyyən qədər çəkisini saxlayır. Ənənə davam edir. Oxumaq ənənəsi olmayanlar isə hər texnoloji yenilikdən sonra oxumamaq üçün yeni bəhanələr tapırlar. 

2

Arada fürsət düşdükcə fransız filosof-yazıçı, publisist Alenin "libres propos”larını ("sərbəst fikirlər”) oxuyuram. Andre Morua "Ədəbi portretlər”ində Aleni Pol Valeri ilə, Marsel Prustla eyni mərtəbəyə qoyur. Alen (Alain) təxəllüsüdür. Öz adı Emil-Ogüst Şartye (Émile-Auguste Chartier) idi. Əvvəlcə filosof, fəlsəfə müəllimi kimi və "Dreyfus” məsələsində siyasi fikirlərinə görə tanınsa da, 1903-cü ildən yazmağa başladığı yeni publisistik yazı forması ilə məşhurlaşdı. Alen əvvəl hər həftə, 1906-cı ildən isə hər gün partiya qəzeti "Depeş de Ruan e de Normandi”də ("La Depêche de Rouen et de Normandie”) "propos” adlandırdığı formada mətnlər yazırdı. "Propos” sözü fikirlər, düşüncələr, mühakimələr, replikalar, qeydlər kimi tərcümə oluna bilər. "Propos”larda ən müxtəlif mövzulara toxunurdu. Qısa, çevik, oxunaqlı. Fəlsəfədən ədəbiyyata, siyasətdən musiqiyə qədər. Gündəlik hadisələr, müxtəlif yazıçılar, şairlər, kitablar haqqında kiçik mətnlər yazırdı. Qısa müddətdə o qədər tanındı ki, insanlar qəzetdən onun yazılarını kəsib saxlamağa, kafelərdə, məclislərdə yazılarını müzakirə etməyə başladılar. Siyasi hadisələrə onun yanaşmasını oxumadan rəy bildirməməyə çalışırdılar. Sonra bu yazılar yenidən kitablar formasında nəşr olunurdu. Məşhur "Qallimar” nəşriyyatı da "Propos”, "Mars” və "Sənət nəzəriyyəsi” kitablarını nəşr edib.

Alenin gətirdiyi forma o dövr üçün yenilikdi. Düzdür, müxtəlif mövzularda qısa qeydlər-esselər yazmaq ilk deyildi. Ədəbiyyatda və publisistikada bunun nümunələri əvvəllər də olub (məsələn, Mişel Montenin esseləri). Amma Alenin üslubu fərqli idi. Təkcə moralist mətnlər, insan təbiəti haqqında qısa fəlsəfi fikirlər yazmırdı. Gördüyü, oxuduğu, şahidi olduğu hər şey haqqında yazırdı. Yazdığı mətni redaktə etmək qadağası qoymuşdu özünə. "Propos”larının üzərində yenidən işləmirdi. Ağlına gəldiyi formada yazır, dərhal da nəşrə göndərirdi. Beləcə həm düşüncənin təbii axarını saxlamaq istəyirdi, həm də redaktə zamanı başqa yeni fikirlərin ona mane ola biləcəyindən qorxurdu. Amma redaktəsiz, sadə, oxunaqlı olsalar da, mətnləri sanbalını qoruyurdu. 

Qatı müharibə əleyhdarı idi. Birinci dünya müharibəsindən öncə Fransada millətçilik meyillərinə, hərbiləşməyə qarşı kəskin fikirləri vardı. Gəl ki 1914-cü ildə - müharibə başlayan kimi cəbhəyə gedir, həm də könüllü. Deyirdi, mən müharibə əleyhinə yazıram, obyektiv yaza bilmək, həm də mənəvi olaraq yazmaq haqqına sahib olmaq üçün özüm gedib iştirak etməliyəm. Müharibədən sonra yazılarının çaları bir az dəyişir. İndi müharibənin dəhşətlərini öz gözləri ilə görmüş insan kimi yazırdı. Əvvəlki siyasi nikbinliyi də azalmışdı.

Müharibədə ancaq sıravi əsgər kimi xidmət etməyə razı olmuşdu, yuxarı vəzifə istəmirdi. Ümumiyyətlə rəsmi vəzifələrdən, mükafatlardan zəhləsi gedirdi. Yalnız ölümündən bir neçə həftə qabaq "Milli ədəbiyyat mükafatı”nı alır. Alen humanist ənənədən gəlirdi, hadisələrə moralist prizmadan baxırdı. Görünür, "humanizmə inananların moralist olmaqdan başqa yolu yoxdur” deyənlər haqlıdırlar. 

Yazıçıları-filosofları saf-çürük edib əldə yalnız ən böyüklərini saxlamışdı. Digərləri onun üçün artıq yox kimi idilər. Fəlsəfəyə ədəbiyyat, ədəbiyyata fəlsəfə gətirməyə çalışırdı. Ədəbi tənqid, fəlsəfə, sənət nəzəriyyəsi ilə bağlı kitabları ilə yanaşı otuz ildən çox müddətdə minlərlə "propos” yazmışdı. Yazılarında keçmiş mövzulara tez-tez qayıdırdı. Özünü təkrar etməsi ilə bağlı tənqidlər olurdu buna görə. Amma Andre Morua bunu onun vacib bildiyi şeyləri yenidən daha güclü, daha yaxşı ifadə etmək istəyi ilə izah edirdi. 

Alenin gətirdiyi forma tezliklə başqa ölkələrə də yayıldı. Əlverişli formadır. Kiçik intellektual elitaya məhkum olmursan, geniş oxucu kütləsinə xitab edirsən. Amma həm də bu kiçik mətnlər hadisələrin bəsit şərhinə çevrilməmək üçün böyük intellektual bazaya, fərqli baxış bucağına malik olmağı tələb edir. 

Rəşad Səfər