Ölkə 12:56 18.06.2022

Lift qəzası olan binanı bu qardaşlar tikib! - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7” MMC-nin  tikdiyi çoxmərtəbəli binada liftin qırılması nəticəsində 4 qadın və 2 azyaşlı ağır xəsarət alıb. 

Qaynarinfo "Yeni Ev 7” MMC ilə bağlı araşdırma edib. Məlum olub ki, nizamnamə kapitalı 20 azn olan MMC-nin qanuni təmsilçi İxtiyar Qafarov Mirzəli oğludur. 

MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 21 min 930 manat 14 qəpik borcu var. 

Şirkətin vergi uçotu ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov, ev 15-dir.  MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Faiq Rüstəmov (Rəsulzadə qəs.), ev 48c, m.-dir. Sözügedən ünvanda əvvəl şirkətin sahibi Məcidov Bəxtiyar Məcid oğlu olub. 

Hüquqi ünvanları ayrı-ayrı olan "YENİ EV 7" MMC "YENİ EV" Mənzil Tikinti Koorperativlə birgə çalışır. 

Bu MTK-nın sahibi isə İxtiyar Qafarovun qardaşı  Habil Qafarov Mirzəli oğludur. Nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı  Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 MKR, ev 23, m. 11-dir. MTK-nın vergi uçotu isə  Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov, ev 15-dir. MTK Vergilər Nazirliyinə hazırda 1606 manat borcu var.