Aqşin YENİSEY
Dünya 13:08 03.07.2023

Mənəvi məsuliyyətsizlik mühitinin xoşbəxtliyi

İnsanlar mənəvi məsuliyyətin az olduğu, ya da heç olmadığı mühitlərdə özlərini daha azad və daha xoşbəxt hiss edirlər və əllərində düşən imkanlarla açıq və gizli şəkildə daim belə bir mühit yaratmağa can atırlar. Bəşəri düşüncənin gəldiyi son fikir budur ki, bu dünyada ölünü belə özbaşına qoymaq olmaz, kəfənin başına oyun açar. 

Bəs bu mühiti necə yaradırlar? Rus müəlliflər Aleksandr və Olqa Belyavskilərin "Siçovul texnologiyası” adlı yazısında siçovullar üzərində aparılan eksperimetlər nəticəsində mənəviyyatsızlıq mühitinin necə yaradıldığından danışılır.  "Siçovullar kralı" adlı bu sosial texnologiyanın tətbiqində məqsədi ictimai nizamın vacib düyünlərini, gözlə görünməyən özülünü, bəndlərini dağıtmaqdan ibarətdir. Məqsəd hər kəsin öz başının hayında olması və "bizimkidir" anlayışının aradan qaldırıldığı bir mühit yaratmaqdır. Buna nail olmaq üçün ilk növbədə mənəviyyat sındırılmalıdır. Sındırılmış mənəviyyatın göstəricisi özününkünün özününkünə xəyanətkar hərəkətidir. 

Təcrübə belə aparılır. Gövdəli və güclü bir siçovulu götürürlər, qəfəsdə acından ölməyin son anınadək saxlayırlar, sonra qabağına yenicə öldürülmüş siçovul atırlar. Bir qədər tərəddüddən sonra siçovul öz yoldaşını yeyəsi olur. Rasional məntiq deyir: bu siçovul artıq yoldaşım yox, yemimdir. O, onsuz da ölüb, mənsə yaşamalıyam. Deməli, yemək lazımdır.

İkinci dəfədə mənəviyyatsızlığın pilləsi qaldırılır. Qəfəsə ölümcül siçovul atılır. Yeni "yemək" ölü kimi olsa da, ölməyib, canlıdır. Yenə də rasional məntiq işə düşür. O, onsuz da öləcək, mənsə yaşamalıyam. Beləliklə, siçovul gözgörəti canlı olan öz yoldaşını parçalayır. 

Üçüncü dəfə qəfəsə tam sağlam və canlı, lakin bir qədər gücsüz "yem" atılır. Güclü siçovulda yenə rasional məntiq alqoritmi işə düşür. Onsuz da, yeməyə heç nə yoxdur, - o, özlüyündə düşünür. Guya, ikimiz də acından ölsək nə olacaq ki? Qoy elə güclü kimdi, o yaşasın. Nəhayət, güclü də yaşayası olur. 

Beləliklə, ortaya öz növünün əti ilə qidalanan, tamamilə mənəviyyatsız bir varlıq çıxır. Bundan sonra onun mövcud olduğu mühitdə onu yetişdirən mənəviyyatsızlıq qanunları keçərli olacaq. 

İndi siz bu təcrübənin gözü ilə cəmiyyətə baxın ki, mən bir az dincəlim.  

Həyatını yalnız pulla, əşyalarla mənalandıra bilən toplumlar da bu siçovul praktikasını mənimsəyənlərdir. Əsas məsələ ilk həmcinsini parçalayıb yeməkdir, sonra bu mənəviyyatsızlıq bir dəb halını alıb öz mühitini formalaşdıracaq. Bu cür toplumların ilk işi isə ədəbiyyatdan imtina olur. 

Bu gün Avropa alimlərini qıcıqlandıran məsələlərdən biri Şərqi İkinci Dünya müharibəsindən sonra tanımağa başlayan ABŞ alimlərinin bu bölgədən yazdıqları yazılarda onların Şərq haqqında əsrlərlə və min bir zəhmətlə topladıqları cild-cild ədəbi araşdırmalara istinad etməmələridir.

Avropalılar düşünürdülər ki, Şərqi Şərqə izah etməklə, Şərq xalqlarına cürbəcür mənalar qazandırmaqla özlərindən asılı hala sala bilərlər. Bundan ötrü isə onların dillərini, ədəbiyyatlarını, dinlərini araşdırırdılar. 

ABŞ alimləri isə operativ sosioloji nəticələrə əsasən Şərqi Şərqə qarşı qoymaqla özlərindən asılı vəziyyətə salacaqlarına inanırlar. 

Buna görə də Avropanın ədəbi mirasına əhəmiyyətsiz bir bilgi yığını kimi baxırlar. 

Əslində isə bu ədəbi mirası görməzdən gəlməyin çox ciddi psixoloji səbəbi var. Bu ədəbi mirasla tanışlıq amerikalıda Şərqə qarşı mənəvi duyğuların yaranmasına səbəb ola bilər ki, bu da ABŞ-ın mənfəətlərinə əngəl törədər.  

Ədəbiyyatdan uzaqlıq heç bir mənəvi ağırlığı olmayan cansızlıq, heysiyyatsızlıq mühiti yaradır. Siz bu mühitdə acından ölməkdə olan bir uşaq və onun ölməsini gözləyən bir quzğun gördükdə ilk növbədə fotoaparatınızı çıxarıb öz şöhrətinizin qeydinə qalırsınız. 

Çünki ədəbiyyatdan imtina etmiş mühit sizdə empatiya korluğu yaradıb. O, uşağı Budda görsəydi mənəviyyat yaradardı, siz isə cəfəngiyyat yaratmağı düşünürsünüz. 

Bu gün Azərbaycanda da ədəbiyyata marağın itməsi onun mənəviyyatı yada salmaq təhlükəsi ilə bağlıdır. İnsanlar ədəbiyyat oxuyub qızıl teştlərinin içinə qan qusmaq istəmirlər.

Nəticədə nə baş verir? 

Son otuz ildə hətta univesitet mühitində də yetişən gəncliyin idealları "qanuni oğru"lar, dini sekta şefləri və meyxanaçılardır.  

Bugünkü gənclik üçün oğru, din xadimi və meyxanaçı mənəviyyatı təmsil edir. Baxmayaraq ki, hər üçü bir-birinə zidd düşüncənin nümayəndələridir. Oğurluğu kitabında haram buyurduğu üçün din xadimi "qanuni oğru"nun, əyləncəyə xidmət etdiyi üçün meyxanaçı da din xadiminin ziddidir.   
 
Amma gənclik bu üç ziddiyyətdən özü üçün mütəşəkkil bir mənəviyyat, funksional bir həqiqət yaradıb. Və ən maraqlısı, mədəniyyətin cəsədini soyunduraraq öz mənəviyyatının əyninə geyindirib. Din xadimini alimə oxşadıb, meyxanaçını şairə. "Qanuni oğru"lara isə təhlükəsizlik orqanlarının mülki geyimlərini paylayıb. 
Beləliklə, son otuz ildə Azərbaycanda mədəniyyətin alternativi yaranıb. Və bu alternativ mənəviyyat qarşısına çıxan bütün mədəni elementlərini parçalamalıdır ki, sağ qalsın. Bundan ötrü isə o özünün iqtisadi əsaslarını yaratmalı, bazarını formalaşdırmalıdır.  

Alternativ mənəviyyat isə Azərbaycanda nəinki bazarını, artıq "azad iqtisadi zona”sını da yaradıb. 

Bu yaxnlarda şairlərin, bəstəkarların və müğənnilərin toplandığı bir tədbirdəydim. Tədbirin sonunda acınacaqlı bir mənzərə yaşandı. Demək, bütün ömrünü, enerjisini Azərbaycanda sənətin, mədəniyyətin zənginləşməsinə xərcləyən yaşlı şairlər, bəstəkarlar günün istisində dayanıb təşkilatçıların onlar üçün sifariş verdikləri taksilərin yolunu gözləyirdilər. 

Onların şeirləri, bəstələri ilə restoranlarda xalqı əyləndirib pul qazanan cavan müğənnilər isə sürücülərinin himayəsində bahalı maşınlarına minib yanlarından tozanaqlayır, bu hərəkətləri ilə mədəniyyət təmsilçilərini daha miskin görüntülərini yaradırdılar. 

Hətta oynamalı meyxana ustalarından biri az qaldı çətinliklə yeriyən bir bəstəkarı vurub öldürsün yolun ortasında.

Əlbəttə, bu mənzərəni rəqabət mühitinin yaratdığını deyib aradan çıxmaq olar. Ancaq rəqabət mühiti ölülər və dirilər arasında olmur, zəiflər və güclülər arasında gerçəkləşir. Bu mənzərə mədəniyyətin nə demək olduğunu bilməyən bir toplumun mədəniyyəti dərketmə səviyyəsinin tablosu idi. 

Bu mənzərənin müəllifi son otuz ildə yaradılmış alternativ mənəviyyat mühiti idi. Belə mühitdə mədəniyyəti təmsil edənlər yuxarıdakı eksperimentdəki "ölü siçovul” rolunu oynayırlar…
 
Aqşin Yenisey