Ölkə 16:16 15.12.2023

Mövlam Şıxəliyev üçün yeni problem - Zərəçəkənlər mülki iddia qaldırmağa başladı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev yeni problemlə üzləşib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Mövlam Şıxəliyevlə bağlı cinayət işində zərərçəkən qismində tanınan vətəndaşlar dəymiş zərərin ödənilməsi tələbi ilə mülki iddia qaldırmağa başlayıb. 

Zərərçəkənlərdən Orxan Abdullayevin iddiası artıq icraata götürülüb. İşə Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə baxılacaq. 

Orxan Abdullayev Mövlam Şıxəliyevlə yanaşı İstintaq Baş İdarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin sabiq rəisi Yasin Məmmədovu da məhkəməyə verib. 

Orxan Abdullayev Mövlam Şıxəliyev və Yasin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqında verdiyi ifadədə bildirib ki, o, pirotexniki vasitələr və yapışqanlı lent biznesi ilə məşğul olduğu üçün MTN tərəfindən həbs edilib. "MTN-də olarkən Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazıb mənə göstərdi. 4 ay 23 gün həbsdə qaldım. Atam mənzilimi satıb Yasin Məmmədova 50 min manat verib məni azadlığa çıxardı. Məhkəmədə mənə şərti cəza verib buraxdılar”, deyə zərərçəkən əlavə edib. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 

Seyid