Ölkə 13:40 25.06.2023

“MTN işi”ndə zərərçəkənlər hakimə etiraz etdi - Bəraət tələbi ilə bağlı qalmaqal

Bakı Ağır Cinayətlər Məhkəməsində "MTN işi” üzrə zərərçəkənlər Zaur Əliyev, Əhməd Mirzəyev və Arif Allahverdiyevin barələrində MTN-də aparılan qondarma cinayət işi üzrə çıxarılan hökmdən şikayətvermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə şikayətlərinə baxılıb. 

Qaynarinfo-ya daxil olan məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçən prosesdə zərərçəkənlər ona etiraz edib və bununla bağlı vəsatət veriblər.

Zaur Əliyev, Əhməd Mirəzyev və Arif Allahverdiyev Telman Hüseynovun vaxtilə MTN-də işlədiyini əsas gətirərək, onun obyektiv qərar verəcəyinə şübhə ilə yanaşırlar. 

Məlumatda deyilir ki, zərərçəkənlərin vəsatəti baxılmamış qalıb. Telman Hüseynov müşavirəyə gedib və qayıtmayıb. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. 

Adıçəkilən zərərçəkənlər 2010-cu ildə MTN əməkdaşları tərəfindən saxlanılaraq qurumun İstintaq Baş İdarəsinə aparılıblar. MTN-də onlara hədə-qorxu gəlməklə külli miqdarda pul tələb olunub. İşin başında isə həmin vaxt idarənin rəisi olan Mövlam Şıxəliyev dayanıb. Hər halda zərərçəkənlər Mövlam Şıxəliyevin məhkəmə prosesində belə deyib. 

Lakin hər 3 şəxs Mövlam Şıxəliyevlə razılaşmayıb. Ona görə də həbs ediliblər.

Zaur Əliyev 3 ay, Əhməd Mirzəyev 21 gün, Arif Allahverdiyev isə 1 ilə yaxın MTN təcridxanasında saxlanılıb. 

Mövlam Şıxəliyevin məhkəməsində adıçəkilən şəxslərin qondarma ittihamlarla həbsə salındıqları məlum olub. Bu baxımdan, adıçəkilən şəxslər bəraət tələb edir. 

Seyid