"Azərbaycanda boşanmalarla bağlı cəza tətbiq olunmalıdır". Bu təkliflə müğənni Eldəniz Məmmədov çıxəş edib.
O bildirib ki, Türkiyədəki boşanma ilə bağlı cəza tədbirləri Azərbaycanda da tətbiq edilməlidir: "Türkiyədə qanun var ki, ayrılanlar 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir".
Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında Türkiyədə belə bir cərimənin olmasından məlumatsız olduğunu bildirib:
"Belə bir cərimənin olması da qanunsuz olar. Türkiyə hüquqi dövlətdir və orada belə bir şey ola bilməz. İkinci bir tərəfdən, cərimənin bu qədər olması boşanmaların sayını deyil, nikahların bağlanmasının sayını azaldacaq. Onsuz da nikahların sayı azalır, insanlar rəsmi nikaha daxil olmaqdan çəkinir. İnsanlar qeyri-rəsmi münasibətlərə, qeyri-rəsmi nikaha üstünlük verir".
Vəkil bu tendensiyanın iki hissəyə bölündüyünü xatırladıb:
"Dindar insanlar hesab edir ki, aralarında kəbin varsa, dövlətin nikahı lazım deyil. Möhür guya nəyisə dəyişəcək. Qeyri-dindarlar isə hansısa bir məişət problemlərindən yayınmaq istəyirlər. Əmlak, məsuliyyət və s. İndi də dəb düşüb ki, "hələ biz bir-birimizi yaxşı tanımalıyıq, bunun üçün birgə yaşamalıyıq" deyirlər. Ümumiyyətlə, nikah institutu hazırda əksər ölkələrdə çox ciddi tənəzzülə məruz qalıb. Bunun qarşısını belə cərimələrlə almaq olmayacaq. Rəsmi nikah nə verir insanlara? Əmlakları birgə sayılır. Onu da istisna edib öz aralarında müqavilə bağlaya bilərlər. Rəsmi nikah əvvəl vacib idi. Çünki daha çox qadını, qızı qorumaq lazım idi. Harasa gedəndə deməsinlər ki, filankəsin qızı oğlanla gedir. Toy hardan çıxıb? Toy edirlər ki, hamı gəlsin, sabah filankəsin qızını filan oğlanla küçədə görəndə hamı desin ki, biz onların toyunda olmuşuq. Belə şeylər olmadığından insanları zorla bir yerdə saxlamaq mümkün deyil".
Əkrəm Həsənovun fikirincə, ailələrin tez dağılması dövlətin daha çox qadınları müdafiə etməsi ilə bağlıdır:
"Yəni, boşanma olanda uşaqlar anada qalır. Qadın istəyəndə atanı uşaqları ilə görüşməyə də qoymur. Problemlər çoxdur. Əvvəllər qadınlar niyə ərə gedirdi? Ər arxadır, məni qoruyacaq, uşaqları böyüdəcək və s. İndi qadın deyir ki, arxamda dövlət var. Dövlət əri məcbur edəcək və yaxud da qadın özü də işləyib ailəsini saxlayacaq. Kişi evlənirdi ki, ehtiyaclarını ödəsin. Evdə onun qulluğunda kimsə dursun və s".
Bahar Rüstəmli
Şərhlər