Siyasət 16:19 20.05.2022

Müharibə cinayəti nədir və Putin Ukraynaya görə mühakimə oluna bilərmi?

Ukraynada münaqişə başlayandan bəri ilk müharibə cinayəti məhkəməsində bir rus əsgəri silahsız mülki vətəndaşı öldürdüyünü etiraf edib.

Ukrayna 10000-dən çox şübhəli hərbi cinayəti müəyyən etdiyini deyir, lakin Rusiya hökuməti bu iddiaları rədd edir.

Beynəlxalq Cinayət Məhkəməsi də ölkəyə müstəntiqlər və məhkəmə ekspertlərindən ibarət qrup göndərib.

Müharibə cinayəti nədir?

Ola bilsin ki, belə görünməsin, amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin dediyi kimi, "hətta müharibənin də qaydaları var”.

Bunlar Cenevrə Konvensiyaları adlanan müqavilələrdə və bir sıra digər beynəlxalq qanun və sazişlərdə öz əksini tapıb. Qaydalara görə, mülki şəxslərə və onların sağ qalması üçün vacib olan infrastruktura qəsdən hücum edilə bilməz.

Bəzi silahlar insanlara qarşı fərq qoymadan istifadə edildiyinə, dəhşətli əzablara səbəb olduğuna görə qadağandır - məsələn, piyada əleyhinə minalar, kimyəvi və ya bioloji silahlar.

Xəstə və yaralılara, o cümlədən hərbi əsir kimi hüquqları olan yaralı əsgərlərə qulluq edilməlidir.

Bir qrupun qətli, zorlanması və ya kütləvi təqibi kimi ağır cinayətlər "insanlığa qarşı cinayətlər” və ya bəzi hallarda "soyqırım” kimi tanınır.

Rus əsgəri nə edib?

21 yaşlı rus tank komandiri Vadim Şişimarin etiraf edib ki, işğaldan bir neçə gün sonra 62 yaşlı Oleksandr Şelipovun başına atəş açıb. Prokurorlar bildiriblər ki, Şişimarinə silahsız mülki şəxsi öldürmək əmri verilib. O, Kiyev rayon məhkəməsində mühakimə olunur və onu ömürlük həbs gözləyir.

"Bu, ilk məhkəmə prosesi ilə biz açıq siqnal veririk ki, hər bir cinayətkar, Ukraynada cinayətlərin törədilməsinə sifariş verən və ya kömək edən hər bir şəxs məsuliyyətdən yayına bilməyəcək”,- Ukraynanın baş prokuroru İrina Venediktova "Twitter” səhifəsində yazıb.

O, daha əvvəl ofisinin mülki əhalinin öldürülməsi, zorlama, mülki infrastrukturun bombalanması və talan kimi cinayətlərə görə 41 rus əsgərinə qarşı iş hazırladığını deyib.

Ukraynada başqa hansı müharibə cinayəti iddialar var?

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanı Ukraynada hərbi cinayətlər törətməkdə ittiham ediblər. Müstəntiqlər və jurnalistlər Kiyevin kənarındakı Buça şəhərində və digər yaxın ərazilərdə mülki əhalinin qəsdən öldürülməsinə dair sübutlar tapıblar.

Ukrayna qüvvələri kütləvi məzarlıqlar və mülki şəxslərin ayaqları və əlləri bağlandıqdan sonra öldürüldüklərinə dair sübutlar tapdıqlarını bildiriblər. Mart ayında Rusiyanın Mariupoldakı teatra hücumu, kütləvi qətlin təsdiqlənmiş ilk yeri hesab olunur. Hücumun olduğu binanın kənarında nəhəng hərflərlə "uşaqlar” sözü yazılmışdı.

Bundan əvvəl isə Ukrayna Rusiyanın Mariupol xəstəxanasına aviazərbə endirməsini hərbi cinayət adlandırmışdı. Bir çox ekspertlər işğalın özünün "aqressiv müharibə” anlayışı daxilində cinayət olduğunu iddia edirlər.

Müharibə cinayətkarları necə mühakimə oluna bilər?

İkinci Dünya Müharibəsindən bəri Yuqoslaviyanın parçalanması zamanı hərbi cinayətləri araşdıran tribunal daxil bir sıra birdəfəlik məhkəmələr yaranıb. 1994-cü ildə Ruanda soyqırımına görə məsuliyyət daşıyanları mühakimə etmək üçün qurum da yaradılıb. Bu gün müharibə qaydalarını müdafiə edən rollara malik iki məhkəmə var - Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi. 

Beynəlxalq Ədalət Məhkəməsi dövlətlər arasında mübahisələrə baxır, lakin ayrı-ayrı şəxsləri təqib edə bilməz. Ukrayna Rusiyaya qarşı məhkəmə işinə başlayıb. Beynəlxalq Ədalət Məhkəməsi Rusiya əleyhinə qərar çıxarsa, BMT Təhlükəsizlik Şurası onun icrasına cavabdeh olacaq. Lakin şuranın beş daimi üzvündən biri olan Rusiya özünə qarşı sanksiya qoyulması təklifinə veto qoya bilər.

Beynəlxalq Cinayət Məhkəməsi isə ayrı-ayrı dövlətlərin məhkəmələri qarşısında olmayan fərdi hərbi cinayətkarları araşdırır və mühakimə edir. Bu, 1945-ci ildə əsas nasist liderlərini mühakimə edən Nürnberq məhkəməsinin daimi müasir varisidir. Nürnberq məhkəməsi dövlətlərin beynəlxalq hüququ müdafiə etmək üçün xüsusi məhkəmələr yarada bilməsi prinsipini möhkəmləndirdi. 

BCM Ukraynada cinayətləri izləyə bilərmi?

BCM-nin baş prokuroru, britaniyalı hüquqşünas Kərim Xan hesab edir ki, Ukraynada müharibə cinayətlərinin törədildiyinə inanmaq üçün ağlabatan əsas var. Müstəntiqlər 2013-cü il, Rusiyanın Krımı ilhaq etməsindən əvvəlki dövrə qədər keçmiş və indiki iddialara baxacaqlar. Əgər sübut varsa, prokuror Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərindən şəxsləri Haaqa Məhkəməsinə çıxarmaq üçün onlar barəsində həbs orderi çıxarmasını istəyəcək.

Bununla belə, məhkəmənin öz polis qüvvəsi yoxdur, ona görə də o, şübhəliləri həbs etmək üçün ayrı-ayrı dövlətlərə güvənir. Rusiya isə məhkəmənin üzvü olmadığı üçün onun hər hansı şübhəlini ekstradisiya etmək ehtimalı azdır.

Prezident Putin, generallar və ya digər liderlər cinayət məsuliyyətinə cəlb edilə bilərlərmi?

Müharibə cinayətini onu törədən əsgərin üzərinə yıxmaq, ona əmr verən lideri məsul tutmaqdan daha asandır. Münaqişələrdə müharibə cinayətlərinə dair sübutların toplanması sahəsində təcrübəyə malik olan "Human Rights Watch” təşkilatından Haq Uilyamson Rusiya qüvvələri tərəfindən qısamüddətli edamlar və digər ağır cinayətlər törədilməsinə dair sübutların mövcudluğu ilə razılaşır.

"Liderin vəhşiliyə icazə verib-verməməsi və ya buna göz yumması daxil, "komanda zənciri"nin yaradılması istənilən gələcək sınaqlar üçün çox vacibdir”,- o deyir. 

Beynəlxalq Cinayət Məhkəməsi "aqressiv müharibə aparmaq" cinayətini də təqib edə bilər. Bu, özünümüdafiə üçün əsaslandırıla bilən hərbi əməliyyatlardan kənar, əsassız işğal və ya münaqişə cinayətidir. Bu, Nürnberqdə, Moskva tərəfindən göndərilən hakimin müttəfiqləri nasist liderlərinin "sülhə qarşı cinayətlərə" görə ədalətlə üzləşməli olduğuna inandırmasından sonra yaranıb.

Lakin London Universitet Kollecinin beynəlxalq hüquq üzrə eksperti, professor Filipe Sands deyir ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderlərini buna görə təqib edə bilməz, çünki ölkə məhkəməyə tərəfdaş deyil. Nəzəri olaraq, BMT Təhlükəsizlik Şurası BCM-dən bu cinayətin araşdırılmasını tələb edə bilər. Ancaq yenə də Rusiya buna veto qoya bilər.

Professor Sands dünya liderlərindən Ukraynadakı işğal cinayətini təqib etmək üçün birdəfəlik tribunal yaratmalarını istəyir.

Nurlan Hüseynov