Netanyahu Ağ Evdə şam yeməyində Trampa şad xəbər verdi (VİDEO)
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, onu Nobel Sülh Mükafatına namizəd irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.
Netanyahu bu barədə Trampa bazar ertəsi Ağ Evdə keçirilən şam yeməyi zamanı deyib.
"O, hazırda sülh yaradır. Bir ölkədə, bir regionda, ard-arda. Buna görə, cənab Prezident, sizə Nobel Komitəsinə göndərdiyim məktubu təqdim etmək istəyirəm. Bu məktubda Sülh Mükafatına namizədliyiniz irəli sürülür. Bu tamamilə haqlıdır və siz bu mükafatı almalısınız”, – deyə Netanyahu bildirib.
Tramp isə cavabında İsrail Baş nazirindən belə bir açıqlamanın "çox böyük məna daşıdığını” deyib.
"Bloomberg” qeyd edir ki, Netanyahu Trampı Nobelə namizəd göstərən ilk xarici lider deyil. Ötən ay Pakistan da Trampın namizədliyini irəli sürəcəyini açıqlamışdı. Həmin bəyanatda qeyd olunurdu ki, xarici liderlər ABŞ prezidentindən istədiklərini almağın ən yaxşı yolunun onu tərifə boğmaq olduğunu anlayıblar.
Donald Tramp uzun zamandır Nobel Sülh Mükafatını almaq arzusundadır və keçmiş prezident Barak Obamanın bu mükafatı 2009-cu ildə almasına görə dəfələrlə narazılığını ifadə edib.
Xaqtırladaq ki, iyun ayında İsrail İranın nüvə və hərbi infrastruktur obyektlərinə zərbələr endirmişdi. Həmin zərbələr nəticəsində yüksək rütbəli komandirlər və alimlər həlak olmuşdu. Zərbələrin səbəbi kimi İranın nüvə proqramını məhv etmək və İsraili məhv etməyə yönəlmiş planlarının qarşısını almaq göstərilmişdi.
Bundan sonra İran İsrailə qarşı onlarla ballistik raket və pilotsuz uçuş aparatı buraxmışdı. Qarşılıqlı zərbələr davam etmiş, iki həftə sonra isə ABŞ münaqişəyə qoşularaq İranda yerləşən hərbi bazalara ardıcıl zərbələr endirmişdi. Qısa müddət sonra ABŞ Prezidenti atəşkəs elan etmişdi.
May ayında isə İsrail Qəzza zolağında yeni hərbi əməliyyata başladığını açıqlamışdı.
Yaxın günlərdə Netanyahu Trampın təqdim etdiyi, Qəzzada hərbi əməliyyatların 60 gün dayandırılmasını və girovların bir hissəsinin qaytarılmasını nəzərdə tutan təklifə razılıq verib. Ötən həftə HƏMAS da bu təklifi müsbət qarşıladığını və dərhal danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər