Siyasət 12:07 11.10.2023

"Onların bir hissəsi korrupsiyaya bulaşmış şəxslərdir" - Qulamhüseyn Əlibəyli

"AŞPA və Avropa Parlamentində son zamanlar anti-Azərbaycan əhval-ruhiyyəsinin güclənməsi bədxahlarımızın ölkəmizə qarşı təzyiq vasitəsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Dağlıq Qarabağda humanitar vəziyyət” mövzusunda keçiriləcək debatı şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Avropa Şurası və Avropa İttifaqı Ermənistan Azərbaycan münaqişəsilə əlaqədar Bakıya münasibətdə dəfələrlə qərəzli mövqe tutublar:



"Bu da təbii ki, ilk növbədə erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Amma burada həmin quruma daxil olan dövlətləri təmsil edən deputatların xristian təəssübkeçliyi də müəyyən dərəcədə rol oynayır. Onlar Azərbaycan və Türkiyə  kimi dövlətlərin Avropaya girişinin qarşısını almaq, onları əzmək siyasəti yürüdən ölkələrin nümayəndələridir. Ölkəmizə qarşı çıxanların bir hissəsi də sadəcə olaraq, korrupsiyaya bulaşmış şəxslərdir. Bəzi Şərqi Avropa ölkələri  özlərinin korrupsion dəyərlərini də bu orqanlara daşıyıblar. Ona görə də tez-tez bu qurumlarda korrupsiya qalmaqalları baş verir. AŞPA və Avropa Parlamentində son zamanlar anti-Azərbaycan əhval-ruhiyyəsinin güclənməsi və onların qəbul etdikləri qərarlar qısqanclıqdan doğur. Azərbaycanın öz ərazilərini tam şəkildə azad etməsilə onlar barışmaq istəmirlər. Lakin həmin dairələr nə qədər çalışsalar da, onların ölkəmizə qarşı apardığı fəaliyyətin Azərbaycan siyasəti üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz işini görür, Cənubi Qafqazın aparıcı dövləti olaraq prosesi öz nəzarətində saxlayır”.

Həmsöhbətimiz AŞPA-nın da Avropa Parlamenti kimi Azərbaycana qarşı müəyyən qətnamə qəbul edəcəyini istisna etməyib:

"Amma bir sıra hallarda bu kimi addımlar ancaq müzakirələrlə yekunlaşır və konkret qərarlar qəbul olunmur. Hər halda ermənilər çalışacaq ki,  Azərbaycan əleyhinə müəyyən qərarların qəbul edilməsinə nail olsunlar. Amma Azərbaycan nümayəndə heyəti də Avropa Şurasında kifayət qədər fəaldır. Bu mənada, qurum tərəfindən hansısa bir qərarın qəbul edilməsinin qarşısını almaq da mümkün ola bilər".

Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində "Dağlıq Qarabağda humanitar vəziyyət" mövzusunda təcili debatların keçirilməsi nəzərdə tutulur. 

Rüfət Sultan