Siyasət 17:06 25.05.2023

"Şoyqunun Qərbi Qarabağ məsələsinə müdaxilə etməkdə suçlaması..." - Politoloq

"Şoyqunun belə açıqlaması Rusiyanın çöküşünün xəbərçisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya müdafiə naziri Sergey Şoyqunun KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında Qərb ölkələrini Qarabağ məsələsinə müdaxilə etməkdə suçlamasına münasibət bildirərkən deyib:
 
"Şoyqu artıq Rusiya siyasətində nüfuzu sıfıra yaxınlaşan bir füqura çevrilib. Onu mətbuatda, televiziya ekranlarında açıq-aşkar şəkildə təhqir edirlər. Onun heç bir təsir gücü qalmayıb. Ermənistan baş naziri açıq mətnlə KTMT-ni öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Açıq şəkildə bildirib ki, Ermənistan KTMT-dən çıxmır, KTMT Ermənistandan çıxır. Paşinyan KTMT-nin İrəvandakı iclasında təqdim edilən sənədi imzalamaqdan imtina edib. Belə bir şəraitdə Şoyqunun Aİ mülki missiyasını, Qərbin Qafqazda mövcudluğunu gücləndirməyə çalışmaqda ittiham etməsi tamamilə məntiqsizdir. Heç bir silahı olmayan 100 nəfər mütəxəssis Ermənistanın min km-lik uzunluğundakı sərhədində yerləşib. Yəni, hər 10 km-ə bir nəfər düşür. Onların da işi gördüklərini müşahidə edib, qeyd etərək sonda Brüsselə çatdırmaqdır”. 

Ekspert qeyd edir ki, mülki missiya qüvvələri KTMT-yə, Ermənistana, Azərbaycana heç bir təhlükə törədə bilməz:
 
"Şoyqu anlayır ki, müşahidəçilər missiyası böyük bir prosesin müjdəçisidir. Ondan sonra Qərb daha inamla bölgəyə daxil olarcaq. Elə bir vaxt gələcək ki, Rusiya Ermənistanı tərk etməli olacaq. Ona görə də həyəcan təbili çalır. Şoyqunun sözlərinə fikr vermək lazım deyil, boş sözlərdir. Rusiya onsuz da dağılır. Şoyqunun həyacanı məhz ölkəsinin ağır duruma düşdüyündən xəbər verir”.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının Minsk toplantısında Qərb ölkələrini Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməkdə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışmaqda ittiham edib. 

Rüfət Sultan