Ermənistanın baş naziri Nikol Paşinyan onunla vətəndaş nikahına son qoyan Anna Akopyanın münasibətləri bitirmək qərarına hörmətlə yanaşdığını bildirib.
Qaynarinfo xəbər verir ki, Paşinyan bu barədə "Telegram" kanalında yazıb.
"Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənə dayaq və dəstək göstərib. Eyni dərəcədə mənim onun üçün belə olub-olmadığıma əmin deyiləm. Ola bilsin ki, ona daha çox kədər yaşatmışam və buna görə üzr istəyirəm", deyə baş nazir qeyd edib.
Fevralın 27-də Anna Akopyan bir daha münasibətlərinin başa çatdığını və kirayə mənzilə köçdüyünü bildirib. O, "Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək. Bununla belə, Anna Akopyan bu fəaliyyətinə görə Ermənistanda ona qarşı cinayət işinin açıla biləcəyini istisna etməyib.
"Facebook” sosial şəbəkəsində yayımlanan videoda Anna Akopyan korrupsiya ittihamlarına da münasibət bildirib. Onun sözlərinə görə, son səkkiz il ərzində aldığı bütün hədiyyələr dövlət mülkiyyətinə qaytarılacaq.
Anna Akopyan və Nikol Paşinyan 1990-cı illərdə tanış olublar. Onlar təxminən 30 il münasibətdə olublar və dörd övladları var. Cütlük rəsmi nikahda olmayıb. Münasibətlərin başa çatması barədə Anna Akopyan ilk dəfə fevralın 17-də məlumat vermişdi.
Aydın
Şərhlər