Hüseynbala Səlimov
Siyasət 09:29 10.04.2023

Pekin Bakı ilə Tehran arasında vasitəçilik edə bilərmi?..

Bir neçə həftə keçməsinə baxmyaraq, bir məsələ siyasi gündəmdən düşmür. Söhbət Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırmaq cəhdi haqqındadır. 

Məsələnin bu günə qədər çox böyük maraq kəsb etməsinin bir neçə səbəbi var. 

Birincisi, bir sıra təhlilçilər Çin diplomatlarının bu təşəbbüsünə pessimist yanaşır və belə hesab edirlər ki, çətin, Ər-Riyyad ilə Tehran arasında səmimi münasibətlər bərqərar ola, çünki bu iki dövlətin hər ikisi müsəlman dünyasında aparıcı rola iddialıdır və onların hər ikisi təriqətçi ideologiyaya söykənir – biri şiə dövlətidir, digəri isə sünni...
 
İkincisi, Pekinin təşəbbüsünü maraqlı edən daha bir məqam budur ki, Yaxın Şərq müstəvisində daha bir iddialı aktor peyda olur – bu da "səmaaltı imperiya” adlanan Çindir, hansının ki, geosiyasi iddiları heç də Tayvanla məhdudlaşmır. Pekin "qara qitə”dən - Afrikadan sonra Yaxın Şərdə də aparıcı rollardan birinə nail olmağa çalışır.
 
Qeyd edək ki, bunun üçün onun yetərincə böyük resursları da var – nəhəng iqtisadiyyat, bir milyard yarım nəfərdən çox insan resursları... 
Bütün bunlar Çinin iddialarının heç də xəyal olmadığına işarə edir. Təsadüfi deyil ki, bu məqamlar Qərbi narahat edir və onlar Çin liderinin Moskvaya səfərindən sonra Fransa prezidentini dərhal Pekinə göndərdilər ki, "səmaaltı imperiyanı” və onun rəhbərini böyük iqtisadi layihələrlə şirnikləndirsinlər...

Amma bizi bu yazıda düşündürən səbəblər başqadır. Bəli, söhbət çox təəssüf ki¸  gündən-günə gərginləşən Azərbaycan – İran münasibətlərindən gedir. Bir daha deyirik ki, iki qonşu dövlət arasındakı münasibətlər öz soyuqluğu ilə təşviş doğurmaqdadır. Elə bir gün olmur ki, hər iki tərəfdən –həm İrandan, həm də Azərbaycandan narahatlıq doğuran sədalar eşidilməsin. Bütün bunlar "ura-patriot”ları yox, real siyasətdən təsəvvürü olan azərbaycanlıları çox narahat edir. Ona görə ki, düzdür, Azərbaycanın çox böyük dostları və müttəfiqləri (məsələn, qardaş Türkiyə, Pakistan, İsrail və hətta müəyyən mənada ABŞ!) var, amma bizim ölkəmiz bütün hallarda, hələ çox gənc və kiçik dövlətdir. Biz heç vaxt böyük və mürəkkəb geosiyasi oyunlara qarşımamışıq, indi də qarışmamalıyıq.
 
Maraqlısı budur ki, müstəqillik əldə edəndən indiyə qədər Bakı heç vaxt Tehrana qarşı təhdidlərdə yer almayıb və bu prinsipinə bu gün də sadiqdir – Azərbaycan indi də israr edir ki, İrana qarşı sanksiyalara qoşulmur və öz ərazisindən özünün cənub qonşusuna qarşı müdaxiləyə heç vaxt icazə və imkan verməz...

Amma bu qəbildən olan bəyanatlar sanki öz təsirini itirib. Real olanı budur ki, iki müsəlman dövləti arasındakı gərginlik az qala, pik həddindədir və münasibətlər bu cür davam etsə, onlar hər iki ölkə üçün çox neqativ nəticələrə gətirib çıxara bilər.

Bəs səbəb nədir? Bu vaxta qədər olub-keçənləri bir tərəfə qoyuruq. Daha çox bu deyilir ki, guya Tehran "sərhədlərin dəyişdirilməsindən”, yəni Bakıya Azərbaycanın bir hissəsilə digər hissəsini – Naxşıvanı birləşdirən Zəngəzur dəhlizinin verilə bilməsindən narazı və narahatdır. 

Amma nə rəsmi Bakının, nə də regionun digər bir dövlətinin İranı regional kommunikasiyalardan və tranzit xətlərindən kənarda qoymaq fikri var. Məgər bu vaxta qədər regionda Şimal-Cənub dəhlizinin yaradılmasına və gücləndirilməsinə ən çox çalışan elə Bakı deyildimi? 

Əlbəttə, bu illər ərzində münasibətlərdə neqativ məqamlar da olub, amma sülh niyyətli insanlar neqativ məqamları yox, əksinə pozitiv detalları xatırlamağa və inkişaf etdirməyə çalışırlar. Elə bu səbəbdən də ağlımıza Pekinin vasitəçilik resursları gəldi. 

Deyilənə görə, elə Çin də Zəngəzur dəhlizinin reallaşmasının tərəfdarıdır. Hətta belə söhbətlər gəzir ki, Rusiya da buna etiraz etmir. İndi bu iki dövlətin İranla münasibətləri normal, hətta deyrərdik ki, yüksək səviyyədədir. Belə bir halda biz Tehranla barışmaq üçün niyə Pekinin diplomatik və siyasi resurslarından istifadə etməyək?..
 
Hüseynbala Səlimov