Vyetnam ABŞ prezidenti Donald Trampın Hanoya münasibətdə qeyri-sabit siyasəti fonunda Rusiyadan gizli şəkildə silah alır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Jurnalistlər "Rostex” korporasiyasına məxsus təxminən 1000 sənədi (hakerlər tərəfindən ələ keçirilmiş materialları) və Vyetnam, ABŞ, eləcə də digər ölkələrdən olan rəsmilərlə müsahibələri təhlil ediblər. Nəticədə vyetnam ordusunun Rusiyadan silah tədarükü və ödəniş mexanizmi ilə bağlı bir sıra faktlar üzə çıxıb.
Araşdırmaya əsasən, Vyetnam artıq 2024-cü ildən Rusiyadan yeni silah alışları barədə danışıqlara başlayıb və Tramp hakimiyyətə gəldikdən sonra bu proses sürətlənib.
Vyetnam rəsmisi nəşrə bildirib ki, ölkəsi Moskva ilə ümumi məbləği 8 milyard dollar olan silah müqaviləsi imzalayıb. Razılaşmaya 40 ədəd yeni qırıcı təyyarənin alınması daxildir.
Jurnalistlərin əldə etdiyi məlumatlara görə, 2024-cü ildə Vyetnam Rusiyadan "Su-35” qırıcıları üçün doqquz radioelektron mübarizə sistemi sifariş edib. Rəsmilərin sözlərinə görə, Vyetnam müxtəlif növ Rusiya istehsalı olan hərbi təyyarələrin alınmasını da nəzərdən keçirir.
Sənədlərdə həmçinin 26 ədəd mobil yerüstü sistem komponentinin alınması nəzərdə tutulur. Bu sistemlər radar yönümlü raketlərə maneə yaratmaq üçün istifadə olunur. "Rostex” sənədlərinə əsasən, bu avadanlıqların 2025-ci ildə təxminən 190 milyon dollar dəyərində Vyetnama çatdırılması planlaşdırılır.
Nəşr qeyd edir ki, "Rostex” əməkdaşlarının daxili yazışmalarında silah tədarükləri üzrə ödənişlərin gecikməsi ilə bağlı şikayətlər yer alıb. Ödənişlərin sanksiyaları aşmaq məqsədilə vasitəçi şirkətlər üzərindən həyata keçirildiyi bildirilir.
Əlavə olaraq, "Indian Defense News” xəbər verir ki, Hindistan Rusiyadan S-500 zenit-raket komplekslərini almaqdan imtina edib və bunun əvəzində beş S-400 sistemi əldə etməyi planlaşdırır. Yeni Dehli bu müqavilə çərçivəsində iki divizionun istehsalının lokallaşdırılmasını da nəzərdə tutur. Razılaşmanın Rusiya prezidenti Vladimir Putinin Hindistana planlaşdırılan səfəri ərəfəsində yekunlaşdırılması gözlənilir.
Aydın
Şərhlər