Bu il ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün ayrılan plan yerlərinin sayı ötən illə müqayisədə 1934 yer azalaraq 6210-a düşüb. Eyni zamanda, ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 24 545 nəfərə çatıb və qeydiyyat davam etdiyindən bu rəqəmin daha da artacağı gözlənilir. Plan yerlərinin azalması və müraciət edənlərin sayının artması builki qəbul prosesində rəqabətin daha da güclənəcəyini göstərir.
Bəs bu il kolleclərə qəbul ötən illə müqayisədə nə dərəcədə çətin olacaq?
Qaynarinfo-nun suallarını cavablandıran Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov düşünür ki, bu il 9 illik baza üzrə kolleclərə qəbul ötən illə müqayisədə əhəmiyyətli dərəcədə çətin olacaq və müsabiqə şərtləri kəskin şəkildə sərtləşəcək:
"Ümumilikdə plan yerlərinin 6 210-a düşməsi və müraciət edənlərin sayının 24 545-i ötməsi o deməkdir ki, hazırda hər bir plan yerinə ən azı 4 abituriyent düşür və bu rəqəm artmaqdadır. Yəni kifayət qədər ciddi rəqabətin olacağı artıq rəqəmlərdən aydın görünür".
Müsabiqənin çətinləşmə səbəbləri haqqında da danışan ekspert qeyd edib ki, tələb yüksək, təklif isə az olduğundan minimum keçid balları yüksələcək:
"Yəni keçid ballarının kəskin artacağı indidən aşkar görünür. Həmçinin dövlət sifarişli yerlər uğrunda mübarizənin daha gərgin olacağını düşünürəm. Xüsusilə ödənişsiz yerlər uğrunda rəqabət təbii ki, daha sərt olacaq. Buraxılış imtahanlarında yüksək bal toplayanların belə kəsilmə riski mövcuddur".
"Abituriyentlər qəbul şanslarını artırmaq üçün ixtisas seçimi zamanı hansı məqamlara diqqət yetirməlidirlər" sualına isə İlqar Orucov cavab olaraq bildirib ki, ixtisas seçimində abituriyentlərin qəbul şansını maksimum artırmaq üçün bir neçə qaydaya əməl etmələri məqsədəuyğundur:
"İlk növbədə ixtisas seçimi ərizəsini doldurarkən müəyyən ardıcıllığa riayət edilməlidir. İlk 4-5 yerə öz ballarından yüksək keçid balı olan, arzuladıqları ixtisasları yazmalıdırlar. Növbəti 5-10 yerə isə tam olaraq öz ballarına uyğun olan, real seçim hesab edilən ixtisasları daxil etməlidirlər. Son 5 yerdə isə öz ballarından 20-30 bal aşağı olan ixtisasları yazaraq şanslarını sığortalamaları məqsədəuyğundur".
İlqar Orucov vurğulayıb ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən kolleclərdə rəqabət pik həddə olacaq:
"Şanslarını artırmaq üçün abituriyentlər mütləq region kolleclərini də araşdırmalıdırlar. Bundan başqa, yalnız dövlət sifarişli deyil, ödənişli əsaslarla qəbul aparılan yerləri də seçim siyahısına əlavə etməlidirlər. Həmçinin keçid ballarına deyil, sıralamaya daha çox diqqət yetirilməlidir. Ötən ilin keçid balları bu il üçün yalnız nisbi orientir ola bilər. Əsas göstərici abituriyentin eyni imtahanı verən şəxslər arasındakı ümumi sıralamasıdır. Abituriyent öz sıralamasını plan yerlərinin sayı ilə müqayisə edərək real vəziyyəti qiymətləndirməlidir".
Həmsöhbətimiz vurğulayb ki, abituriyentlərin populyar olmayan ixtisasları da araşdırmaları faydalı olar:
"Tibb, kompüter, xarici dil və müəllimlik kimi ixtisaslarda yerlər, hesab edirəm ki, daha tez dolacaq. Əsasən texniki, kənd təsərrüfatı və xidmət sahəsi ixtisaslarında isə, fikrimcə, rəqabət nisbətən zəif olacaq. Kəsilməmək üçün daha az müraciət olunan ixtisasları da mütləq siyahının sonuna əlavə etmələri yaxşı olar. Ümumilikdə 20 ixtisas kodunun hamısından istifadə etmək lazımdır. Sistem abituriyentə 20-yə qədər ixtisas kodu seçməyə imkan verir. Yalnız 3-5 ixtisas yazmaqla onlar şanslarını xeyli azalda bilərlər. Plan yerlərinin kəskin azalmasını nəzərə alaraq hesab edirəm ki, bu il bütün 20 ixtisas üzrə seçim etmək, yəni bütün xanaları doldurmaq çox önəmlidir. Abituriyentlər və valideynlər anlamalıdırlar ki, bu il hətta yetərli bal toplamış olsalar belə, arxayın olmamalıdırlar. Əks halda bu, onlar üçün ciddi problem yarada bilər. Seçim zamanı emosiyalarla deyil, ciddi riyazi hesablamalar və statistika ilə hərəkət edilməlidir. Çünki ixtisas siyahısı tərtib edilərkən şəhər, kollecin nüfuzu və ya ixtisasın adından daha çox həmin ixtisasa qəbul olunma ehtimalı, hətta faizi nəzərə alınaraq qərar verilməlidir".
Günay İlqarqızı
Şərhlər