Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.
Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
Şərhlər