Futbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verildi. Çoxları üçün bu mövsümün startı maraqla gözlənilirdi. Çünki illər sonra Premyer Liqa iştirakçılarının sayı on ikiyə yüksəlib, bölgə iştirakçılarının sayı artıb. Elitanı tərk edən "Səbail”in əvəzinə "Qəbələ” Premyer Liqaya qayıdıbsa, "Karvan-Yevlax”la "İmişli” məhz iştirakçı sayının artırılmasının sayəsində güclülərin arasında oynamaq şansı qazanıb. Məhz bu səbəbdən həm azarkeşlər, həm də idman mətbuatının nümayəndəri yeni mövsümün startını böyük səbrsizliklə gözləyirdilər. O cümlədən də mən özüm.
İş elə gətirdi ki, mövsümün açılış oyununda elə Premyer Liqanın debütantları ardıcıl olaraq meydana çıxdılar. Özü də ikisi də "Şamaxı”nın meydanında. Bəli, yeni gələnlərin əsas problemlərindən biri də elə stadionla bağlıdır. Yevlaxdakı stadiondakı təmir işləri yekunlaşmayıb. İmişlidəki futbol arenası isə rayonun eyinadlı təmsilçisinin balansında olmadığı üçün klub ora xərc çəkib, təmir işləri aparmaq istəmir. Bu təmir işləri görülmədən isə İmişlidəki stadionda Premyer Liqa qarşılaşmasının keçirilməsi mümkünsüzdür. Doğma rayondakı meydana pul xərcləmək istəməyən "İmişli”nin Qubadakı olimpiya kompleksinin stadionuna əl gəzdirəcəyi, oranı elita oyunları üçün hazırlayacağı deyilirdi. Amma bu istiqamətdə də yenilik olmadı. İddia edilir ki, "İmişli” də "Araz-Naxçıvan” kimi Bakıda məskunlaşıb, rəqiblərini paytaxtdakı stadionların birində qəbul etmək istəyir. Amma PFL mövqeyində qətiyyətlə dayandı və daha bir əyalət təmsilçisinin "bakılı” olmasına icazə vermədi. Belədə birdən-birə üç komanda Şamaxını özünə "ev” seçib ki, bu isə heç də xoş görüntü yaranmır.
Bütün bu problemlərin fonunda "Karvan-Yevlax”la "İmişli”nin elitaya lazımınca hazırlaşa bilməyəcəyi, heyətin güclü rəqiblərlə başabaş oynamağa imkan verməyəcəyi haqda düşüncələr də var idi. Düzdür, cəmi bir tur oynanılıb, indidən ciddi mühakimələr yürütmək olmaz. Amma ilkin təəssüratlar onu göstərdi ki, debütantlarla Premyer Liqanın iddialı klubları arasında elə də dərin uçurum yoxdur. Səviyyə fərqini istəklə, sonsuz mübarizə həvəsiylə kompensasiya etmək mümkündür. Həm "Karvan-Yevlax”, həm də "İmişli” "çərçivə”ni əcnəbi qolkiperə tapşırıb. İnsafən, Pedro Mateuşlə Andrey Sinenka özlərini yaxşı tərəfdən göstərdilər. Heç də təsadüfi deyil ki, Sinenka zədələnib, meydanı tərk edən kimi "Turan Tovuz” "İmişli”nin qapısına yol tapdı. Hər iki qapıçı etibarlı oyunu ilə komanda yoldaşlarına inam verməyi, rəqiblərin işini çətinə salmağı bacardı. Görünən odur ki, debütantlar qapıçı seçiminə ciddi yanaşıb, əsas diqqəti məhz buna yönəldiblər.
Premyer Liqanın yenilərinin elitaya ayaq uydurmağa çalışması, ilk qarşılaşmalarda asan təslim olmaması sevindirici məqamdır. İlkin müşahidələr onu göstərir ki, onlara qarşı oyunlar digərləri üçün heç də asan keçməyəcək. "Turan Tovuz”un ötən mövsümdən qalan problemlərini həll edə bilməməsi, "Neftçi”nin də "qaldığı yer”dən davam etməsi həyacan siqnalıdır. Elitanın "köhnələri” problemlər məngənəsində qalmaqdadır. Deməli, irəlidə bizi gərgin mübarizə gözləyir, izləməyə davam edək.
Amal Abuşov
Şərhlər