"Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edib.
Qaynarinfo xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.
Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb. Ağdam təmsilçisinin məşqçi heyəti və futbolçuları ilə şəkil çəkdirən yerli sakinlər onlara olan sevgilərini nümayiş etdiriblər.
"Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib. Burada da böyük marağa səbəb olan "köhlən atlar"ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar.
Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi də unutmayıblar. Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə görüşüblər.
Tələbələrlə görüşdən şad olduğunu dilə gərirən "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov qonaqpərvərliyə görə Qarabağ Universtetinin rəhbərliyinə minnətdarlığını çatdırıb. Daha sonra "Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmiləri konsert proqramında iştirak ediblər. Kollektiv Qarabağ Universitetinin İncəsənət fakültəsində bir sıra tələbələrlə birgə tanınmış xanəndə Ehtiram Hüseynovun ifalarını dinləyiblər.
Ardınca "Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş səfər çərçivəsində növbəti görüş Ağdamda gerçəkləşib. Yerli sakinlərin alqış və sevinc hissləri ilə qarşılanan kollektiv daha sonra İmarət Kompleksində gedən işlərlə tanış olub.
Daha sonra komanda Ağdam Cümə məscidinə üz tutub. Burada onlara məscidin işğal dövründəki durumu və işğaldan sonrakı vəziyyəti barədə ətraflı məlumat verilib.
Şərhlər