Xəbər lenti

Qərblə Zelenskinin NABU davası: Tərəflərin istədiyi nədir? (ŞƏRH)
Dünya 13:35 30.07.2025

Qərblə Zelenskinin NABU davası: Tərəflərin istədiyi nədir? (ŞƏRH)

"Ukraynada korrupsiyaya dair NABU-nun əlində xeyli məlumat toplanıb və bu əsasda Zelenski də başa düşür ki, Qərbin onu hakimiyyətdən kənarlaşdırmaq əməliyyatında öldürücü zərbəni məhz NABU vura bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenski ilə Qərb arasında NABU-nun fəaliyyəti məsələsilə bağlı yaşanan gərginliyi şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, NABU Qərbin təkidi və təzyiqilə yaradılıb:

"Ötən illər ərzində NABU-nun Ukraynada korrupsiyaya qarşı mübarizə sahəsində hansısa bir parlaq uğuru da yoxdur. Lakin NABU korrupsiyaya dair əlində xeyli məlumatlar toplayıb. İndi hamı bilir ki, Qərb Volodimir Zelenskini hakimyyətdən kənarlaşdırmaq niyyətindədir. Zelenski də başa düşür ki, hakimiyyətdən kənarlaşdırmaq əməliyyatında öldürücü zərbəni NABU vura, korrupsiyaya aid topladığı materialları ortaya qoyub birbaşa Prezident və ətrafını korrupsiyada ittiham edə bilər. Onun qarşısını almaq üçün də Zelenski NABU-nu kənarlaşdırmaq və bu səlahiyyətləri konstitusion qaydada Ukrayna Prokurorluğuna vermək istəyir". 
 


Həmsöhbətimiz düşünür ki, bu fonda Qərbin Zelenskiyə təzyiqləri öz səmərəsini verməyə başlayır:

"Bu qərar verilən kimi də, Qərbdən maliyyə yardımı alan vətəndaş cəmiyyəti fəalları küçələrə çıxaraq Zelenskini ittiham etməyə başladılar. 
Bu, əslində, Qərbin Ukrayna hakimiyyətinə, şəxsən Zelenskiyə qarşı işlədə biləcəyi ən kəsərli silahdır. Kütləvi etirazlardan sonra Zelenski çıxış edərək dedi ki, Ukrayna demokratik dövlətdir və burada əhalinin rəyi nəzərə alınır. Ona görə də əvvəlki qərarlar yumşaldıldı, müəyyən güzəştlərə gedildi. Bu da o deməkdir ki, Qərbin Zelenskiyə təzyiq imkanları öz səmərəsini verir".

Politoloq deyir ki, Qərbin Ukraynaya maliyyə və hərbi dəstəyi azaltmaq niyyəti də göz önündədir:

"Kiyevə hərbi dəstək yalnız Bayden dövründə verilən qərarlara uyğun olan həcm çərçivəsində verilir. Belədə, hər hansı yeni bir qərar olmasa, oktyabrda Ukraynaya verilən hərbi yardımlar kəsiləcək. ABŞ Kiyevə hərbi yardımı yalnız Avropa onu öz pulu ilə alıb Ukraynaya ötürəcəyi şərtilə verəcək. Lakin bu məsələdə Aİ-nin imkanları da məhduddur və onlar arasında yekdil fikir yoxdur. İtaliya, Fransa Çexiya Ukraynaya silah almaq üçün pullarının olmadığını bəyan ediblər. Yalnız Almaniya ilə Norveç yardım ayırmağa hazırdırlar".

Qeyd edək ki, son günlər Qərblə Ukrayna Prezidenti Volodimir Zelenski arasında müəyyən gərginlik yaşanır. Bu gərginlik Zelenskinin  Milli Antikorrupsiya Bürosu (NAБУ) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SАП) ləğv edilib, səlahiyyətglərinin Prokurorluğa verilməsi qanununu qəbul etmək niyyəti nəticəsində yaranıb. 

Nəticədə Avropa İttifaqı diplomatik kanallar vasitəsilə Ukrayna hökumətinə xəbərdarlıq edərək bildirib ki, Ukrayna parlamenti 12414 saylı qanun layihəsinin mübahisəli müddəalarını tamamilə ləğv etməsə, Aİ Kiyevə maliyyə yardımını dayandıracaq. 

Onu da qeyd edək ki, Ukrayna Ali Radasında sözügedən məsələyə iyulun 31-də baxılacaq. 

İyul ayında Aİ-nin Ukraynanın Avropa inteqrasiyası üzrə müsbət qərarlarına baxmayaraq, Kiyev antikorrupsiya institutlarına qarşı hücuma keçib və bu, geniş tənqidlərə səbəb olub.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->