Xəbər lenti

Regionda yeni oyun qaydaları: Çin körfəzdə boşluğu doldurur (ŞƏRH)
Dünya 12:23 30.04.2026

Regionda yeni oyun qaydaları: Çin körfəzdə boşluğu doldurur (ŞƏRH)

"ABŞ–İsrail–İran qarşıdurması Fars körfəzi regionunda uzun illər formalaşmış təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zaur İbrahimli bildirib.

Ekspert qeyd edib ki, bu proses nəticəsində yaranan boşluqda Çin səssiz, lakin sistemli şəkildə öz mövqelərini gücləndirir:

"Körfəz ölkələri artıq anlayır ki, "İbrahim sazişləri"nin yaratdığı İsrail mərkəzli təhlükəsizlik modeli onları İranın birbaşa hədəfinə çevirir. Bu səbəbdən region dövlətləri daha çox Çin, Türkiyə və Pakistanın iştirakı ilə alternativ təhlükəsizlik sistemi qurmağa meyl edirlər. Bu model "hamı ortaq olsun, heç kim müharibə etməsin” prinsipinə əsaslanır”. 

Zaur İbrahimli vurğulayıb ki, ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada, xüsusilə Əfqanıstan və İraqda apardığı müharibələr Vaşinqtonun resurslarını ciddi şəkildə azaldıb, reputasiyasına ziyan vurub:

"Lakin Çin bu dövrdə hərbi xərc çəkmədən iqtisadi ekspansiyasını gücləndirməyə nail olub. ABŞ-ın 2003-cü il müdaxiləsindən sonra İraqın neft sektorunun əsas benefisiarı məhz Çin olub. 2024-cü ildə Çinin İraqdan idxalı 38,28 milyard dollar təşkil edib və bunun 99 faizi neftin payına düşür. Çin şirkətləri, xüsusilə CNPC, ölkənin ən böyük yataqlarını idarə edir. ABŞ qoşunlarının çıxmasından sonra Çin Talibanla neft müqavilələri imzalayıb və 2024-cü ildən etibarən Əfqanıstan mallarına - xüsusilə kritik minerallar və kənd təsərrüfatı məhsullarına sıfır gömrük rüsumu tətbiq etməklə bu bazarı özünə bağlayıb. Çin Suriyanı İpək yolu təşəbbüsünün Aralıq dənizi qolu üçün strateji hab kimi formalaşdırmağa çalışır. "Huawei" və ZTE kimi şirkətlər  vasitəsilə ölkənin telekommunikasiya infrastrukturunda, o cümlədən 5G sahəsində mövqelərini gücləndirir. ABŞ-ın sərt sanksiyaları İranı iqtisadi və hərbi baxımdan getdikcə Çindən daha asılı vəziyyətə salıb. 

2021-ci ildə imzalanmış 400 milyard dollarlıq strateji tərəfdaşlıq çərçivəsində Çin İranın enerji və infrastruktur sektorlarına geniş sərmayələr yatırır. Rəsmi rəqəmlər daha aşağı göstərilsə də, faktiki olaraq Çin uzun müddət İrandan böyük həcmdə qeydə alınmamış neft idxal edib. 2026-cı ilin  əvvəlində Çinin İrana pilotsuz uçuş aparatları və raket texnologiyası satışı ilə bağlı məlumatlar bu asılılığın hərbi müstəviyə keçdiyini göstərir. Eyni zamanda, Çin artıq borclandırma modelindən kənara çıxaraq birbaşa strateji infrastruktura - limanlar, enerji şəbəkələri və rəqəmsal sistemlərə – investisiya qoymaqla ölkələri uzunmüddətli asılılıq münasibətlərinə daxil edir. 2025-ci ildə "Bir kəmər, Bir yol” təşəbbüsü çərçivəsində ümumi iştirak 213,5 milyard dollara çatıb, regiona investisiyalar isə 80 faiz artaraq 66 milyard dollara yüksəlib. Qazaxıstan, Özbəkistan və Türkmənistanda enerjidən avtomobil istehsalına qədər geniş layihələr həyata keçirilir, Afrikada əməkdaşlıq genişlənir, Rusiya ilə münasibətlərdə isə canlanma müşahidə olunur. 2026-cı ilin aprelində ABŞ–İran gərginliyi, İsrailin artan ambisiyaları, Qəzzada baş verən hadisələr və regionda hərbi eskalasiya Körfəz ölkələrində ABŞ-a olan etimadı daha da zəiflədib. Sosial  sorğulara görə, əhalinin böyük hissəsi ABŞ siyasətini və İsraili təhlükə kimi qiymətləndirir”. 
 


Politoloqun sözlərinə görə, bu kontekstdə Si Szinpin tərəfindən irəli sürülən yanaşma - hərbi bloklar əvəzinə iqtisadi qarşılıqlı asılılıq və çoxtərəfli dialoqa əsaslanan "şəbəkə təhlükəsizliyi” modeli - region üçün alternativ kimi təqdim olunur:

"Araşdırmalar göstərir ki, regionda ABŞ-ın hərbi çətiri qalmaqla yanaşı, paralel olaraq Çin, Türkiyə, Pakistan və regional güclərin – Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin iştirakı ilə yeni təhlükəsizlik arxitekturasının formalaşması üçün ciddi zəmin yaranıb. Bu model İranla birbaşa  danışıqları və Çinin iqtisadi zəmanətlərini nəzərdə tutur. Bununla belə, Çinin regionda tam hərbi nüfuz əldə etməsi qarşısında müəyyən məhdudiyyətlər qalır. Körfəz ölkələrinin hərbi texnikasının ABŞ standartlarına inteqrasiya olunması, Çinin logistik imkanlarının məhdudluğu, həmçinin region dövlətləri arasında  rəqabət bu prosesi çətinləşdirir. Ən real ssenari isə hibrid modeldir – ABŞ-ın hərbi təhlükəsizlik rolu ilə Çinin iqtisadi və diplomatik təsirinin uzlaşdırılması. Bu yanaşma Körfəz ölkələri üçün həm təhlükəsizlik risklərini azaltmaq, həm də regional əməkdaşlığı genişləndirmək baxımından daha funksional görünür. Körfəz ölkələri artıq anlayır ki, "İbrahim sazişləri”nin yaratdığı mövcud təhlükəsizlik sistemi onları risk altında saxlayır. Buna görə də onlar daha inklüziv və balanslaşdırılmış – Çin, Türkiyə və Pakistanın da iştirak etdiyi yeni təhlükəsizlik mexanizminə üstünlük verməyə başlayıblar. Bu  model qarşıdurma deyil, ortaq maraqlar üzərində qurulan əməkdaşlıq fəlsəfəsinə əsaslanır”. 

Siyasət şöbəsi
--> -->