Siyasət 18:42 28.09.2022

Rusiya BMT-dən çıxarıla bilər – Zərdüşt Əlizadə

Ukraynanın işğal olunmuş ərazilərində keçirilən "referendumlar” BMT Təhlükəsizlik Şurasında müzakirə edilib. Ukrayna prezidenti Volodimir Zelenski təşkilat üzvlərinə müraciətində bildirib ki, əgər, Rusiya bu səsvermənin nəticələrini tanısa, Putinlə müzakirə olunacaq bir məsələ qalmayacaq.
 
"İlhaq faktı onu bütün bəşəriyyətlə üz-üzə qoyacaq addımdır. Bu, elə aydın siqnaldır ki, indi dünyanın ölkəsindən buna münasibət bildirmək tələb olunur”,  Zelenski vurğulayıb ki, ilhaq baş verəcəyi təqdirdə Rusiyanı BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların daimi üzvlüyündən çıxarılmalıdır.

Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın BMT-dən qovulmasının çox sadə proses olduğunu düşünür:
 
"BMT üzvlərinin, o cümlədən Təhlükəsizlik Şurasının 5 daimi üzvünün məqsəd və vəzifəsi beynəlxalq sülhü və beynəlxalq qanunları müdafiə etməkdir. BMT TŞ-nin üzvü nüvə silahı olmayan dövləti bu silahla hədələyir və zor gücünə onun ərazisini işğal edib, sonradan ilhaq edirsə, deməli belə bir ölkənin TŞ-da qalmağa mənəvi haqqı yoxdur. Onu oradan qovmağın vaxtıdır. Hüquqi cəhətdən bunu etməkdə heç bir mürəkkəb məsələ yoxdur. BMT-nin Baş Assambleyası toplanır və bütün dünya dövlətləri Rusiyanı qurumdan çıxarmağa səs verir. Belə olan halda Rusiya nə edəcək ki, bütün dünyaya nüvə müharibəsi elan edəcək?” 

Rüfət Sultan