Xəbər lenti

Rusiya-NATO qarşıdurması kəskinləşir: Kreml nüvə silahından istifadə edəcəkmi?
Dünya 21:18 08.05.2024

Rusiya-NATO qarşıdurması kəskinləşir: Kreml nüvə silahından istifadə edəcəkmi?

"Rusiyanın Qərblə mübarizə imkanları azalır. Bu isə Moskvanın taktiki nüvə silahına əl atacağı ehtimalını gündən-günə artırır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev deyib.

Taleh Əliyev bildirib ki, Rusiyanın Ukraynadakı müharibənin gedişində nüvə silahından istifadə edəcəyilə bağlı xəbərdarlıq bəyanatları əvvəllər daha çox Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev tərəfindən səsləndirilirdi. Bu ilin yanvarında isə artıq prezident Vladimir Putinin də anoloji açıqlama ilə çıxış etməsinin şahidi olduq:

"Lakin Qərbin Kiyevə hərbi və maliyyə yardımı yubatması Rusiyanın mövqeyinin güclənməsinə səbəb oldu. Daha sonra nüvə təhdidləri bir növ səngidi. Amma Fransa başda olmaqla bir sıra NATO ölkələrinin Ukraynaya canlı qüvvə göndərmək barədə açıqlamarı fonunda Moskva bəyan etdi ki, F-16-lara nüvə başlığı daşıyan hərbi vasitə kimi baxacaqlar və cavabları adekvat olacaq".
 


Ekspert bildirib ki, son günlər isə Putinin əmrinə əsasən Rusiya ordusu taktiki nüvə silahlarının təliminə başlayıb. Həmsöhbətimiz deyir ki, nüvə silahının işlədilməsindən nə qədər yayınmağa çalışılsa da təəssüf ki, Rusiya NATO qarşıdurması ehtimalı günü-gündən artır:

"Belə bir qarşıdurma baş verəcəyi təqdirdə isə strateji olmasa da, taktiki nüvə başlığından istifadə ehtimalı artır. Görünən odur ki, hər iki tərəf hərbi hazırlığını yüksək səviyyəyə qaldırıb. Rusiyanın Qərblə mübarizədə imkanlarının getdikcə məhdudlaşması onun taktiki nüvə silahlarına əl atması ehtimalını gündən-günə artıracaq. Keçirilən nüvə təlimləri də buna dəlalət edir".

Qeyd edək ki, son zamanlar Ukrayna müharibəsi fonunda NATO - Rusiya qarşıdurması kəskin həddə çatıb. Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Ukraynaya qoşun göndərmək təşəbbüslərinə cavab olaraq, Rusiya taktiki nüvə silahlarının təlimlərini keçirməyə başlayıb. Bu əsasda bir sıra ekspertlərin qənaətinə görə, nüvə müharibəsi ehtimalı günü-gündən daha da artır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->