Siyasət 16:15 15.10.2022

Rusiya və Avropanın Azərbaycanda toqquşan maraqları: Kim qalib gələcək? (ŞƏRH)

Fransa Prezidenti Emmanuel Makron bu günlərdə Cənubi Qafqazda, daha doğrusu Ermənistan-Azərbaycan münasibətlərində Rusiyanın oynadığı rola qarşı demarş edib.  Belə ki, o, Rusiyanın Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalardan istifadə etdiyini bildirərək, Moskvanın son aylar gərginliyi Bakının xeyrinə artırdığını bildirib. "Rusiya bu münaqişəyə müdaxilə edərək, Türkiyənin şərikliyi ilə açıq şəkildə Azərbaycanın əlinə oynayıb və yaxın vaxtlara qədər ona yaxın olan Ermənistanı zəiflətməyə çalışıb. Siz nə baş verdiyini başa düşürsünüz? Bunlar Rusiyanın sabitliyi pozmaq cəhdləridir”, - Fransa prezidenti bildirib. Makronun bu açıqlaması onu deməyə əsas verir ki, bölgəmizdə Rusiya ilə Fransa, (əslində, Avropa İttifaqı) üz-üzə gəlməyə başlayıb. Bu mənada, maraqlıdır regionda proseslər necə cərəyan edəcək? 

Qaynarinfo-ya açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiya ilə Fransanın Cənubi Qafqaz və Azərbaycanda üz-üzə gəlməsini gözlənilən gediş kimi dəyərləndirdi:
 
"Fransada da anlayırlar ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesi gedir. Bir sıra məsələlərdə Parislə Moskvanın mövqeyinin üst-üstə düşməsinə rəğmən, rəqibdirlər. Parisdə onu da anlayırlar ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması nəticəsində bölgədə üstünlüyü əldə edə biləcək növbəti tərəf Ankaradır. Fransa üçün, ikisi də NATO ölkələri olmasına baxmayaraq Türkiyə daha böyük rəqibdir, nəinki Rusiya. Şərqi Aralıq dənizi hövzəsi, Şimali Afrikada, Mərkəzi Afrikada Türkiyə ilə Fransanın maraqları çox yerlərdə toqquşub. Misir, Liviya, Əlcəzairdə onların maraqları toqquşub. Bütün bunları nəzərə alaraq Fransa yeni bir rəqabətə girir. Artıq başa düşür ki, istənilən halda Rusiyanın Ukraynadakı uğursuzluğu ona Cənubi Qafqaz və Orta Asiyada öz mövqeyini qoruyub saxlamağa da imkan və təminat verməyəcək”. 
 


Ekspertə görə, Parisi burada narahat edən boşalan məkanın Türkiyənin nəzarəti altına keçməsidir:
 
"Parisin son zamanlar bu istiqamətdə aktivləşməsi ilk növbədə bununla bağlıdır. İkincisi, Fransa üçün bölgəmizdə olmaq və Ermənistanı öz satelitinə çevirmək son dərəcədə önəmlidir. Bunu istər 44 günlük müharibədə, istərsə də sonrakı dövrdə gördük. Paris çox intensiv şəkildə İrəvana doğru revanslar edir. Fransa Avropa Birliyini təmsil etsə də, onun üçün daha əsası öz milli maraqlarıdır. Ona görə ki, Fransa qlobal güc olmaq iddiasındadır. Amma bunun üçün resursları yetərincə deyil. Bununla belə çalışır ki, heç olmasa dünyanın müəyyən bölgələrinzə özünü təsbiq etməlidir. Onun üçün maraqlı olan bölgələrdən biri də Cənubi Qafqazdır. Bunun da nəticəsində bölgəmizdə və digər regionlarda Rusiya Fransa qarşıdurması yaranacaq. Ankara Rusiyaya münasibətdə daha çevik siyasət yürüdür, az qala Moskvanın tərəfdaşı kimi davranır. Amma Paris açıq tarana getməklə Rusiyanı özünə qarşı qoyur. Rusiyanın Fransa ilə rəqabət aparmağa gücünün çatıb-çatmayacağını deyə bilmərəm. Çünki Rusiya üçün bir tərəfdə Vaşinqton və Kiyev də var. Rusiyanın indiki vəziyyətdə bunun üçün gücü yetərli deyil”. 

Ə.Oruclu düşünür ki, hər bir halda hadisələrin bu cür cərəyan etməsi ümumi mənzərədə Türkiyənin xeyrinə olacaq:
 
"Parisin və yaxud Avropa Birliyinin prosesə qoşulması isə təbii ki, Türkiyəyə əlavə maneələr yaradacaq. Lakin onun hansısa bir dərin prosesə çevriləcəyini, hərbi qarşıdurmanın olacağını gözləmirəm. Ona görə ki, bölgəmizdə bunu etməyə heç kimin bu və ya digər şəkildə fiziki gücü yoxdur”. 

Rüfət Sultan