Xəbər lenti

Rusiyada faşizm yenidən baş qaldırır: Səbəb nədir? (ŞƏRH)
Siyasət 13:57 30.06.2025

Rusiyada faşizm yenidən baş qaldırır: Səbəb nədir? (ŞƏRH)

"Bu kimi olaylar Rusiyanın özünü dominant, ağa kimi aparmasının nəticəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlıların hüquq-mühafizə orqanları tərəfindən öldürülməsi hadisəsini şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, SSRİ hüquqi nöqteyi-nəzərdən dağılmış sayılsa da, iqtisadi, ideoloji, siyasi, təhlükəsizlik qalıqları baxımından hamısı hələ də bir-birinə bağlıdır: 



"Rusiya isə öz əməllərilə bu sistemi getdikcə dağıtmaqda davam edir. Son 35 il ərzində Rusiya törətdiyi əməllərilə keçmiş sovet respublikalarını özündən uzaqlaşdırır. Yəni belə gedişlə Moskva onları tam müstəqil olmağa vadar edir. Son dövrlər Rusiyada qeyri-rus xalqlarına - özbəklərə, qırğızlara, qazaxlara, azərbaycanlılara qarşı bu tip hücumlar xeyli artıb. Bütün bunlar Rusiyanın özünü dominant hesab etməsinin nəticəsidir".

Həmsöhbətimizin fikrincə, Kreml süni şəkildə keçmiş respublikalarla əlaqələrini məhdudlaşdırmaq yolunu tutub:

"Rusiya miqrantlara münasibətdə yeni qaydalar tətbiq edir. Faktiki olaraq ölkəyə giriş-çıxış məhdudlaşdırılır. Bu da o deməkdir ki, Kreml süni şəkildə keçmiş respublikalarla əlaqələrini məhdudlaşdırmaq yolunu tutur. Miqrantlara münasibətdə edilən hücumlar da məhz bu kontekstin tərkib hissəsidir. Ruslar vaxtilə bazarlarda ticarət əlaqələrinə o qədər də önəm vermirdi. İndi isə özləri bu prosesdə aktivlik nümayiş etdirir. Ona görə də mövcud durumda bazardakı rəqiblərin sıxışdırılıb çıxarılması məsələsi də aktuallaşıb".



Əsas məsələ Rusuya hüquq-mühafizə orqanlarının davranışıdır ki, Mehman Əliyevə görə onlar da yuxarıdan tapşırıq olmadan belə hərəkət edə bilməzlər:

"Onlar ya ümumi antimiqrant siyasəti nəticəsində özlərini belə aparır. Ya da kimlərisə cəzalandırmaqla bağlı müəyyən maliyyə müqabilində sifariş alıblar".



Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq vilayətində OMON-un azərbaycanlılara qarşı törətdiyi vəhşi reydi nəticəsində 50-yə yaxın azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları isə vəhşicəsinə öldürülüb.
Bu hadisədən iki gün əvvəl isə Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı reydlər keçirilib. 



"İki mayor" adlı "Telegram" kanalı və digər media resurslarının yaydığı məlumata görə, Voronejdə yerləşən Alekseyevski bazarında ("Qara Torpaq” topdansatış bazası) çalışan bir qrup azərbaycanlı guya rus sürücünün yük maşınına mane olub. Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. Miqrasiya qanunvericiliyini pozduğuna görə 42 xarici vətəndaş inzibati məsuliyyətə cəlb olunub, 17 nəfərə hərbi qeydiyyata düşmək üçün çağırış vərəqəsi təqdim edilib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->