Aqşin YENİSEY
Dünya 10:48 03.05.2022

Ruslar ukraynalı kobzarların gözlərini niyə çıxarırdılar?

Aqşin Yenisey

Söhbəti bu gün öz torpaqları uğrunda işğalçı rus ordusu ilə döyüşən Ukrayna xalqının usyankar ruhlu kobzarlarının üstünə gətirənə qədər sənətin mübarizə ruhu haqqında və hakim ideologiyaların həmişə sənətin hədəfi olmaqdan qorxduqları üçün ona qarşı apardıqları repressiyalar barəsində dilucu bir giriş verək.

Modernistlər deyirdilər ki, sənətin özünəməxsus təbiəti olduğu üçün o, özündən başqa heç bir həqiqətə xidmət etməməlidir. Marksistlər modernistlərin sığındıqları bu "qalanı” topa tutdular ki, sənət adamı, gec-tez özünün yaratdığı məhsulu bazara çıxardığı üçün o, bir istehsalçıdır və bazar münasibətlərində iştirak etməlidir, həm də fəhlə sinfinin yanında yer alaraq.

Stalinizm marksizmin bu iddiasını zorla həyata keçirdi. "Xalqlar dostluğu” coğafiyasını əhatə edən bir ərazinin elm, sənət dünyasında fəhlə-kəndli elitası yaratdı. 
Hətta marksizmdən əvvəl də Jak-Lui David kimi sənət adamları partiya üzvü olmaqdan qürur duyurdular. Məşhur "Maratın ölümü” əsərinin müəllifi David hətta yakobinlərin Təhlükəsizlik Komitəsində təmsil olunub əksinqilabçıların mühakimə olunmasında iştirak edirdi. Yaxud öz  başımıza gələn, bu gün də ənənələri inzibati resurslar hesabına qorunan "sovet ədəbiyyatı” hadisəsi yazıçı və şairləri bir-birilərini güdən və partiya mənafeyi üçün bir-birilərindən casusluq edən KQB agenti qılığına soxmuşdu.

Sənətdə baş verən deqredasiyanın, aşınmanın cəmiyyətə təsirinə ən canlı nümunə günümüzün elitarlaşdırılmış meyxana sənətini və onun dinləyicilərinin ümümi intellektual-mədəni səviyyəsini əks etdirən tablodur.

Tarixi köklərinə baxsaq, meyxana sənəti təsəvvüfün bir qolu olub, ilkin dövrlərdə radikal mühafizəkarlıq siyasəti yeridən Abbasilərə qarşı dirənən ictimai-siyasi məzmunu ilə dövrünün ən intellektual zümrələrinə xitab edən islam anderqraundu idi. İctimai, siyasi, hətta ruhani bir etirazı, qiyamı ifadə edirdi. İlk meyxanaçılar sübut olmasın deyə yazmırdılar, bədahətən deyirdilər. Təsadüfi deyil ki, meyxana sənəti bu gün islam təsəvvüfü dediyimiz sufi fəlsəfəsinin özü kimi islamın beşiyi olan Hicazda yaranmayıb, daha çox Misir, Suriya, İraq və İran kimi, çoxəsrlik qədim mistik dinlərin və mədəniyyətlərin izlərini hələ də canlı bir şəkildə özündə saxlayan ölkələrdə, əsasən Şirazda ortaya çıxıb. Yəni sonradan islamlaşdırılmış xalqların yaradıcılığında.

Amma sonradan siyasi, dini himayəni qəbul edən bu üsyankar sənət öz məzmununu itirdi, hətta öz-özünü inkar edərək siyasətin, dinin məddahına çevrildi. Axırı nə oldu? Axırı o oldu ki, meyxana aşındıqca öz dinləyicilərinin mənəvi sütunlarını da aşındırdı və vaxtilə zəmanəsinin ən intellektual təbəqələrinə xitab edib onların ictimai şüurunu oyaq saxlayan bir sənət bu gün, sadəcə, cəmiyyətin intellektdən və ictimai şüurdan məhrum kütlələrini əyləndirən potu-potu deyişməsi sənətinə çevrildi.

Ukraynanın ozanları olan kobzarlar haqqında oxuyanda da ağlımdan bu sual keçirdi. O üsyankar kobzarların axırı necə oldu? Kobzarlara keçməzdən əvvəl Ukrayna tarixinə azacıq göz atmaq lazımdır. Rusların aşağılamaq mənasında "xoxol” dediyi ukraynalılar 5-ci əsrdə bu torpaqlara yerləşmiş slavyan xalqıdır. Ukraynanı 7-ci əsrdə türk mənşəli Bolqarlar, eyni əsrin sonunda Xəzərlər, 13-cü əsrdə Monqol-tatarlar, 14-cü əsrdə polyaklar, 16-cı əsrdə isə Kazaklar işğal və talan edib. Daha sonra isə bildiyiniz kimi, Ukrayna Osmanlı və Çar Rusiyasının "münaqişə bölgəsi” olub. "Kazak” sözü də türkcədən keçmədir, mənası "dağda yaşayan adam” deməkdir ki, bu da etnik dağlılara verilən addır.
 


Ukraynanın ozanları, yəni "haqq aşiqləri” kobzarlar da türk-monqol işğalları zamanı Mərkəzi və Orta Asiyanın sufi-dərviş ruhunu mənimsəmiş üsyankar xristian aşıqları idilər. Türk ozan-dərvişlərinin sazını, fars sufilərinin udunu, kobzarlarda "qobza, kobza” deyilən musiqi aləti təmsil edir ki, o da adını türkcədə olan xəzərlərin "qopuz”undan alır. (Rusların balalaykası da xəzərilərin qopuzunun "başqa arvaddan olan” övladıdır.)

Amma kobzarlar kobzanı türklər kimi sinələrində üfüqi deyil, dizləri üstündə şaquli tuturdular. Ukraynanın böyük şairi Taras Şevçenkonun ilk şeirlər kitabının adı da "Kobzar” idi. Bu kitaba görə ruslar asi, kobzar ruhlu şairi "kəndli dilində yazan şair” deyib aşağılayaraq I Nikolayın əmri ilə sürgün etmişdilər.

İlk kobzarlar öz nəğmələrində azad Ukraynanı tərənnüm edirdilər, Çarın və Stalinin "xoxolları” ruslaşdırma siyasətinin ən qatı düşmənləri kobzarlar idi. Ruslar bu xristian dərvişlərini ukraynalıların milli kimliyi kimi gördüklərindən həmişə təqib edir, öldürürdülər. Eynən hicazlı xəlifələrin şirazlı sufi, hürufi şairləri təqib edib öldürdükləri kimi. Yekaterina bütün kobzarların gözlərinin çıxarılmasını əmr etmişdi. Kobzarlar da ərəblərin ucdantutma kor etdiyi Şərq sufi-dərvişləri kimi kor halda mahal-mahal, bazar-bazar gəzir və sədəqə ilə yaşayırdılar. Sənətlərini ötürmək və kor olduqları üçün əlindən tutub yerimələrinə kömək etmək üçün həmişə yanlarında şagirdləri olan bir uşaq da saxlayırdılar. Bu adət Şərq ozanlarında da vardı.

Kobzarlar, bir növ, "xoxolların” milli gəzərgi missionerləri idilər. 1930-cu illərdə, az qala, Holokostdan da böyük olan ukraynalıların Holodomor soyqırımı zamanı Stalinin əmri ilə bütün kobzarları vaqonlara dolduraraq aparıb gizli şəkildə güllələmişdilər. Həmin dövrdə Stalin bizim ozan ruhumuza "soldat” paltarı geyindirdi.
Bu kobzar repressiyalarının nəticəsi nə oldu? Kobzarların kütləvi şəkildə məhvi Ukrayna xalqının azadlıq ruhunu zəiflətdi və bu xalq eynən digər müstəmləkə xalqları kimi uzun müddət "sovet xalqı” olduğuna inandı. Eyni kütləvi məhvetmə siyasəti bizim üsyankar sufi kultunun da başına gəlmişdi. Ərəb müstəmləkəçiliyi sufi asiliyini yox etməklə işə başladı, rus müstəmləkəçiliyi də başqa formada bu işi davam etdirdi, "haqq aşiqlərimizə” "soldat” paltarı geyindirib onları mütrifləşdirdi. Buna ötrü gözümüzü ac saxlayıb, qarnımızı doyurdu! Biz bu gün yerə-göyə üsyan edən ozan ruhunun davamçısı olan aşıq dedikdə kafedə beş manata "Yanıq Kərəm” çalan müti ruhlu bir insan obrazı təsəvvür edirik. Halbuki kobzarların da timsalında gördük ki, onlar tarixin bütün dövrlərində insan, vətən azadlığının carçısı olublar. Hətta bəziləri tanrının özünə belə müxalif olub. 

Sənətin ruhu onun məqsədidir, məqsədindən uzaqlaşdıqca sənət mənasını itirir. Günümüzün meyxanası kimi bir şey olur; hədəfi çağımızın "xəlifəsi” yox, kiminsə seksual əhəmiyyətini itirmiş nənəsi olan bir çırtmaçaldı oyunu.

Ukrayna xalqının bugünkü döyüşkənliyinə gəlincə, mən bu gücün bu xalqa gözləri oyulsa da, şagirdlərinin əlindən tutub qapı-qapı gəzən və ukraynalıları ruslara qarşı mübarizəyə səsləyən kor "xoxol” ozanlarının qoyub getdiyi mənəvi mirasdan gəldiyinə inanıram.