Dünya 13:16 23.05.2023

“Sinan Oğan praqmatikdir, bu addımı ilə…” - Ekspert

"Sinan Oğan praqmatik qərar verdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu mayın 28-də Türkiyədə keçiriləcək Prezident seçkilərinin ikinci turunda "ATA bloku”nun namizədi Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyi barədə səsləndirdiyi bəyanatı şərh edərkən deyib:
 
"İlk növbədə nəzərə aldı ki, onun səsləri həlledici deyil. Seçkilərdə 5,17 faiz səs almış Oğana əsasən hər iki namizəddən incik olan və qismən də İncənin elektoratı səs vermişdi. Çünki seçkiyə qədər Oğan ən yaxşı halda 2-3 faiz arasında səsə sahib idi. İkincisi, Oğanin səslərinin yarıya qədəri, daha dəqiqi 2,44 faizi "ATA bloku”nu təşkil edən Zəfər və Ədalət partiyalarına məxsusdur. Blok isə bu gün dağıldı, Ədalət partiyası Kılıçdaroğluna dəstək verdi, Ümid Özdağın isə qərarı sabah bilinəcək. Yəni, Oğan hətta Kılıçdaroğluna dəstək versəydi belə bu, seçkilərin nəticələrinə ciddi təsir etməyəcəkdi. Bu səbəbdən də o daha praqmatik yolu tutdu. Məsələ burasındadır ki, hazırda seçkidə iştirak edənlər arasında partiyası olmayan yeganə namizəd Oğandır”. 

Ekspertə görə, mayın 29-da Oğan heç kimə lazım olmayan bir şəxs olacaq:
 
"Necə ki, 3 ay əvvələ qədər heç kimin yadına düşmürdü. Bu səbəbdən də Oğan indiki seckidəki "qazancı" vasitəsilə növbəti seçkilər üçün sərmayə qoydu”. 

Həmsöhbətimiz güman edir ki, Sinan Oğan hakimiyyətlə əldə etdiyi razılaşmanın verdiyi imkanlar sayəsində yeni partiya quracaq və böyük siyasətə daxil olacaq: "Növbəti seçkilərə hazırlaşacaq. Siyasətdə 5 il qısa bir dövrdür. Oğan isə gəncdir. Üstəlik köhnə nəsil bu seçkilərdən sonra siyasətdən gedəcək, növbəti seçkilərə Oğanla tay-tuş siyasətçilər gedəcək. Fikrimcə, Sinan Oğan məhz, bunları düşünərək sözügedən addımı atdı. Bu arada qərarda Bakının da rolunun olduğu qeyd edilir. Əlbəttə, bu da Sinan Oğan üçün əlavə bir dividentdir”. 

Qeyd edək ki, mayın 22-də Türkiyədə "ATA İttifaqı”nın namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb. Sinan Oğan "Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. 

Rüfət Sultan