"Qarabağ”ın "Ayaks”a 2:4 hesabıyla məğlub olması ölkənin gündəmini əməlli-başlı silkələyib. Bu qarşılaşma o qədər söz-söhbətə səbəb olub ki, sıravi azərbaycanlı məişət qayğılarını da, neçə gündür Bakıya yağan aramsız yağışın gətirdiyi problemləri də unudub. Hər kəsin tək dərdi "Qarabağ”, Qurban Qurbanov, Nəriman Axundzadə olub...
Hərdən düşünürəm ki, bu əhval-ruhiyyə ilə xalqımız ölkə futbolu ilə dərindən maraqlanmağa başlayacaq, həftəsonları Azərbaycan çempionatının oyunlarını izləmək üçün stadionlara axışacaqlar. Ondan sonra da uşaq futbolu ilə maraqlanacaqlar. Məsələ qalxacaq ki, nə üçün rayonlarda sovet dönəmindən mövcud olan futbol infrastrukturu qorunmadı, icra hakimiyyətləri stadionların ərazisini bazar açanlara, avtoyuyucu işlədənlərə satdılar? Ondan sonra xalqımız AFFA-dan haqq-hesab soruşacaq. Deyəcəklər ki, nə üçün 2005-2015-ci ildə qəbul olunan Dövlət Proqramının nəticəsini görmədik? Hanı dövlət büdcəsindən, neft pullarından futbola ayrılan milyonların futbolumuza gətirdiyi fayda? Nə üçün Berlində futbol məktəbi açan, hər il ora pul ayıran AFFA həmin məktəblərdən Salyanda, Lənkəranda, Qusarda açmadı?!
Bu etiraz dalğasıyla insanlar AFFA-nın inzibati binasının qarşısına da toplaşarlar. Lap Fuad Musayevin dövründə olduğu kimi. Əllərində də böyükhesablı məğlubiyyətlərimizin siyahısı yazılan pankartlar tutacaqlar. Belə məğlubiyyətlərdən bezdiklərini, artıq milli komandamızla qürur duymaq istədiklərini də uca səslə deyərlər. Futbol azarkeşlərinin hərəkətliliyindən, ehtirasların coşmasından "Neftçi” də payını alar. Çoxminli azarkeşlər "xalq komandası” adına iddia edən, neft milyonları ilə qidalanan klubun idarəçilərindən də hesabat tələb edərlər. "Neftçi”yə Türkiyədən idarəçi, Ukraynadan məşqçi gətirilməsinə, heyətə yaşı 40-a yaxınlaşan, ayağı top tutmayan legionerlərin doldurulmasına etiraz edənlər də mütləq tapılar.
Bilirəm ki, bunları oxuduqca sizin də dodağınıza təbəssüm qonur. Məni sadəlöhv hesab edirsiz. Amma tələsməyin. Mən də sizin kimi əminəm ki, bunların heç biri olmayacaq. Qədirbilən xalqımız 2-3 gün Qurban Qurbanovun, Nəriman Axundzadənin, "Qarabağ”ın qarasınca deyinəcək, sonra da sakitləşəcək. Sanki "Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə Qurban Qurbanov yox, Rüfət Nasosnu yüksəldibmiş. Təsnifat mərhələsində həlledici qollara Nəriman Axudzadə, Musa Qurbanlı yox, Elçin Lənbəranski müəlliflik edibmiş. Rüfət Nasosnu ilə Elçin Lənbəranski bu qədər əziyyət çəkdi, daha sonra "Çelsi”, "Benfika”, "Kopenhagen”lə oyunlarda 7 xal topladı. Davamını gətirmək üçün komandanı Qurban Qurbanova verdilər, o da meydana Nəriman Axundzadəyə buraxdı və "Ayaks”a məğlub olduq.
Sən bu dəfəlik Qurban Qurbanovu bağışla, ay Rüfət Nasosnu. İnşallah, düzələcək. Heç şübhəniz olmasın.
Amal Abuşov
Şərhlər