Dünya 11:47 09.01.2024

Tayvan müharibəsi dünyaya pandemiya və Ukraynadan baha başa gələcək - 10 trilyon dollar

Əgər Çin Tayvanla müharibə etmək qərarına gəlsə, potensial münaqişə dünyaya 10 trilyon dollar ziyan vuracaq. 

Qaynarinfo xəbər verir ki, bu, "Bloomberg" analitiklərinin qiymətləndirməsidir.

"Bloomberg Economics" Tayvanla bağlı münaqişənin dəyərini təqribən 10 trilyon dollar təşkil etdiyini təxmin edir ki, bu da qlobal ÜDM-in təxminən 10%-nə bərabərdir. Bu, Ukraynadakı münaqişə, COVID pandemiyası və qlobal maliyyə böhranının vurduğu zərbəni kölgədə qoyur", deyə agentlik qeyd edib.

Ekspertlərin fikrincə, böhranın kəskinləşməsi üçün ilkin şərtlər artıq mövcuddur. Bunlar Çinin iqtisadiyyatının və hərbi potensialının artması, Tayvan əhalisi arasında milli kimliyin yüksəlməsi, eləcə də Çin və ABŞ arasında münasibətlərdə problemlərdir. Tayvanda qarşıdan gələn seçkilər də ada ilə materik Çin arasındakı uçurumun dərinləşməsinə səbəb ola bilər.

Agentlik hesab edir ki, vəziyyət iki ssenaridən biri üzrə gedə bilər. Birinciyə görə, Tayvanla bağlı münaqişə ABŞ-ın fəal iştirakı ilə baş verəcək. Belə olan halda dünya iqtisadiyyatı ÜDM-in 10,2%-ə qədər itirəcək və ən çox Tayvanın özü və Şərqi Asiya ölkələri zərər görəcək. İkinci ssenari, Tayvanın Çin tərəfindən blokadaya alınmasını nəzərdə tutur ki, bu zaman dünya iqtisadiyyatı birinci il ərzində ÜDM-in 5%-ə qədərini itirəcək.

Dekabrın 31-də Çin prezidenti Si Szinpin Çin və Tayvanın birləşməsini tarixi zərurət adlandırıb. Bu sözlərdən sonra Tayvan prezidenti Tsay İnq-ven deyib ki, Çinlə sülh ləyaqət üzərində qurulmalıdır.

Aydın