Ölkə 11:16 18.06.2022

Təhsil eksperti həyacan təbili çaldı: Tələbələri soyurlar

"Azərbaycanda 150 balla universitetlərə qəbul olunan tələbələrin seçdikləri ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil ekspert Elçin Əfəndi deyib. O vurğulayır ki, sözügedən universitetlər tələbələrə tələ qururlar:

"Deməli, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq. Digər tərəfdən, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, semestr imtahanlarından kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək. Beləliklə, hər iki halda qazanan universitetdir”.

Elçin Əfəndi onu da bildirib ki, IV kursa kimi təhsilini davam etdirən tələbədən dövlət imtahanında 3-5 min manat tələb edirlər. Ekspert Azərbaycanla Türkiyəyə arasında fərqi də izah edib:"Türkiyənin elə universitetləri var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsil haqqına Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da hamımız deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər”.

Bahar Rüstəmli