Xəbər lenti

“Təhsilin həyatımda böyük dəyişikliklərə səbəb olacağına inanırdım, elə də oldu” - Qızların təhsillə imtahanı (FOTO)
Ölkə 12:39 26.07.2023

“Təhsilin həyatımda böyük dəyişikliklərə səbəb olacağına inanırdım, elə də oldu” - Qızların təhsillə imtahanı (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızların təhsillə imtahanı” layihəsinə start verib. Layihənin tərkib hissəsi olaraq, təhsil almaq uğrunda mübarizə aparan və uğur əldə edən xanımlarla müsahibələr aparılacaq. Nəticədə onların hekayəsi özlərindən eşidiləcək, qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəbləri müəyyən ediləcək, həll yolları axtarılacaq və hələ də təhsil yolunda maneələrlə üzləşən qızlarımız üçün nümunə və motivasiya olacaq. 

Beləliklə, layihənin ilk müsahibi Təhsil araşdırmaları üzrə doktorant, Prezident təqaüdçüsü Şəhla Aslandır. 

 – Şəhla xanım, belə bir deyim var: "Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür”. Görünən odur ki, siz də təhsili həyatın özü sananlardansınız. Yolunuz hardan başlayıb, hara gedir, hazırda yolun harasındasınız? 
 
– Sevinc xanım, hazırda sizin suallarınıza cavabı Türkiyənin Ankara şəhərində yerləşən "Prezident kitabxanası”nın çalışma otağından yazıram. Otaq son dərəcə təmizdir; Dörd tərəfimdə səliqə ilə rəflərə düzülmüş çox dəyərli kitablar, oxumağa, öyrənməyə motivə edəcək yaxşı atmosfer var. Tez-tez buraya gəlir, kitabların əhatəsində, elmi araşdırmaçılar – magistr və doktorantlar üçün ayrılmış salonda elmi işimlə məşğul oluram. Elmi iş demişkən, Qazi Universitetində Türkiyənin dövlət təqaüdü ilə "Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili alıram. Akademik kreditləri uğurla tamamlayıb, dissertasiya yazma mərhələsinə keçmişəm. Hazırda idarəetmədə liderlik, kommunikasiya və kültür əlaqəsinə dair tədqiqat aparıram. Allah qoysa, yaxın vaxtlarda elmi işimi uğurla müdafiə edib, doktorluq dərəcəmi ala biləcəyimə ümidim böyükdür.

 - Keşməkeşli təhsil həyatınızdan, təhsil almaq uğrunda mübarizənizdən danışaq. Nələr yaşadınız?

 – Deyim ki, təhsil həyatıma başlanğıcından və hazırkı səviyyəyə necə gəlib çatmağımdan ilk dəfə sizin layihənizdə bəhs edəcəyəm. Ümid edirəm, yalnız pozitiv düşüncələrə səbəb olar, təhsil almaq yolunda maneələrlə qarşılaşan qızlarımıza motivasiya olar.    Sevinc xanım, məlumdur ki, Azərbaycanda bölgələr arasında disbalans olduğu kimi, təhsilə çıxış imkanı baxımından cinslər arasında da əhəmiyyətli fərqlər var. Hazırda ciddi şəkildə irəliləyişə nail olunsa da, gender bərabərsizliyi kənd yerlərində şəhər mərkəzlərindən daha aydın görünür.  Mənim də çətinlik və mücadilə dolu təhsil yolum Azərbaycanın ucqar bölgəsində – Yardımlıda başlayıb.  Orta təhsil aldığım illərdə bizim bölgədə hələ də sərt mentalitet mövcud idi; Qızların məktəbə göndərilməsinə, ya da ali təhsil almasına müsbət yanaşılmırdı.  Qızlar ən yaxşı halda ibtidai sinfi bitirənə qədər məktəbə göndərilirdi. Şanslılar bu müddətdə oxuma-yazmanı öyrənə bilənlər idi. Məsələn, orta məktəbdə bizim sinfimizdə əksər qızlar bir hərf tanımadan belə məzun oldular. Valideynlər qızların məktəbə getməsini, oğlanlarla bir sinifdə təhsil almasını "ayıb” hesab edirdilər. Düşünün, belə bir vəziyyət varkən, mən təhsil almaq, universitetə qəbul olmaq haqda xəyal qurmuşdum. Bunun üçün ciddi maneələri dəf etməli, streotipləri qırmalı, məhdud imkanlarla arzumu reallaşdırmaq uğrunda ətrafımdakı insanlarla mübarizə aparmalı idim. İllərcə ailə, qohum-əqrəbanın müxtəlif arqumentli psixoloji təsirləri ilə qarşılaşdım: "Bəs, ay həzərat, qız  hara, təhsil almaq hara?!.” Onlara görə, qızların həyatı belə olmalı idi: 15 yaşına qədər ev işlərini mükəmməl şəkildə öyrənməli, sonra məhz bu evdarlığına görə hər hansı ailə tərəfindən bəyənilməli və 20 yaşına çatmadan ərə verilməli idi. "Gəlinliklə gedən, kəfənlə dönər” təhdid və qorxuları altında göndərilməli idi "ər çörəyi” yeməyə. Vəssalam! Valideyn olmaq missiyası "uğurla” yerinə yetirilmiş hesab edilirdi. 16-17 yaşında ana olacaq bu qızcığazın sonrakı həyatı çox zaman heç bir sevgi duyğusu olmayan ərinə, uşaqlarına və onun ailəsinə xidmət etməklə keçəcəkdi. Ailə qurmağa qarşı deyildim, kölə olmağa qarşı idim. Bunun da yolunu oxumaqda, təhsil almaqda görürdüm.

 – Bəs siz seçdiyiniz təhsil yolunun çətinliklərinin öhdəsindən necə gəldiniz, necə güc tapdınız, necə bacardınız? Varmı bir uğur düsturunuz?
 
 – Sevinc xanım, məktəbə ayaq basdığım ilk gündən özümdə şiddətli öyrənmə istəyinin olduğunu  bilirdim. Ətrafda baş verənlər marağımı cəlb edirdi; səbəb-nəticə arasında əlaqəni tapmağa çalışırdım. Həyata, yaşamağa, təbiətdə baş verənlərə dair suallarıma cavab axtarırdım. Oxuma-yazmanı öyrəndikdən sonra isə həyata dair çox sualımın cavabını kitablardan tapdım. O vaxt evimizin damında atamın çox sayda kitabları vardı. Evdə rəfə sığmayanları burada saxlayırdı. Tez-tez çətinliklə də olsa, o dama qalxır, vərəqləri saralan kitabları qarışdırır, diqqətimi çəkənləri aşağı endirir, günlərlə onları oxuyurdum. Yaxşı xatırlayıram, X.R.Ulutürk, R.Z.Xəndan, S.Rüstəmxanlı,Y.V.Çəmənzeminli, C.Məmmədquluzadə, M.S.Ordubadi və başqalarını... Bu müəlliflərin kitablarını ilk dəfə atamın kitabxanasında görmüşdüm, əsərlərini də elə o vaxtlar oxumuşdum. Firdovsinin "Şahnəmə”sini, Nizaminin "Xəmsə”sini elə o köhnə kitabların arasında oxuyub bitirmişdim. "Bozqurdlar”ı, "Kitabi-Dədə Qorqud”u 6-cı sinifdə oxumuşdum. Təbii ki, o vaxt bunları mahiyyəti səviyyəsində dərk edə bilmirdim. Lakin bu kitablar o vaxtdan mənə oxumaq, araşdırmaq, öyrənmək duyğusunun həzzini daddırmış olurdu. Məktəb vaxtı da aktiv şagird idim, müəllimlərlə dərs proqamından əlavə kitab müzakirələrimiz olurdu. Sualınıza gəlincə, təhsil almaq ehtiyacını dərindən hiss etdiyim üçün ailəmi də, bu yolda qarşılaşacağım bütün çətinlikləri gözə almalı idim. Aldım da! Oxumaqdan əl çəkmədim. Qarşılaşdığım maneələrdən təsirlənib ruhdan düşmədim. Zaman-zaman çox üzüldüyüm günlər də oldu. Lakin mən doğru bildiyim, inandığım yolla əmin addımlarla irəlilədiyimin fərqində idim. Sonralar təhsildə qazandığım uğurlar ilə ətrafımı inandırmağa çalışırdım ki, əslində, qızlar da bacara bilərlər. Sadəcə önlərini kəsməyin. 
 
- Şəhla xanım, bir insan hər hansı sahədə əminliklə addımlayanda, uğur əldə edəndə elə hesab edirlər ki, bütün ailə, hətta nəsil-nəcabət ona dəstək olub, arxasında durur. Ancaq  söylədiyiniz kimi, sizin üçün təhsil almaq asan olmayıb. Hansı çətinliklərlə üzləşmisiniz, kim və ya nə idi sizə mane olan? Bir az daha bu haqda danışaq.

 - Açıq söyləsəm, atam ciddi şəkildə təhsil almağıma qarşı olub. İndi isə vəziyyət başqadır. Atamla həmkar olaraq, təhsilə, elmə dair çox dəyərli müzakirələr edirik. O vaxt digər ailə üzvlərimiz dəstək olmasalar da, maneə də olmayıblar. Atam orta məktəb vaxtından çox cəhd etdi ki, bu yolun çətinlikləri, mentalitet və s. səbəblərdən məni yolumdan döndərsin, təhsil almaq istəyimdən vaz keçim. Bunu ən çox atasının və nəsil-nəcabətin psixoloji təsiri ilə edirdi: "Olmaz, vəssalam!” Söylədiyim kimi, bölgəmizdə qatılaşmış adətlər vardı. Mən isə, həqiqətən, maddi və ciddi mənəvi cəhətdən heç bir dəstəyim olmasa da, çox çalışır, hər tədris ilində məktəbdə əlaçı olurdum. Bununla həm də atamın fikrini yumşaltmağa çalışırdım ki, bəs universitetə də qəbul ala bilərəm. 

– Atanızın kitabxanasından danışdınız, onun kitabları ilə yetişdiyinizi qeyd etdiniz. Bəs nə idi bu ziddiyyət? Əslində, elə o özü sizə haqq qazandırmalı, dəstək olmalı deyildimi?

– Qəribəsi bu idi ki, atam və babam ali təhsilli müəllim idilər. Fəqət, digər həmcinsləri kimi qız uşağının təhsil almasının əhəmiyyətini, vacibliyini ya dərk etmək istəmirdilər, ya qəbul etmək... Ailəmin maddi durumu  məsələ deyildi. Problem düşüncədə idi. Məhz qız uşağının təhsil almasına "ehtiyac yox idi”. 
 
O dövrdə təhsil almağa çox da həvəsli olmayan qardaşım üçün atamın bütün mümkün dəstəyini səfərbər etdiyini yaxşı xatırlayıram. Səbəb də bu idi ki, evin tək oğludur, oxumalıdır, iş-güc sahibi olmalıdır.

– Bəs təhsil yolunuzda sizə dəstək olan və ya sizə inamıyla bacaracağınıza səbəb olan bir kəs vardımı? Bu hətta bir söz, bir fikir, bir kitab, bir işarə də ola bilər... Var idimi sizə güc verən bir şey? 

– Yolun başlanğıcında mənə inanan az insan var idi. Sonradan uğurlu nəticələr olunca, digər insanlar da inanmağa başladılar. İlk vaxtlar hər zaman yüksək hörmət və etiramla xatırladığım orta məktəb müəllimlərim mənə çox inanır və dəstək olur, ailəmə haqqımda xoş sözlər söyləməklə gələcəyimə ümidli olduqlarını dilə gətirirdilər. Təbii ki, onlar da çalışma əzmimə görə bu qənaəətə gəlmişdilər. Bilik yarışmalarında, müsabiqələrdə, sınaq imtahanlarında nəticələrim onları sevindirirdi. Müəllimlərim həkim olmağımı istəyirdilər. Bölgədə buna ciddi ehtiyac vardı. Mən həkim olmağa psoxoloji olaraq hazır deyildim. Sinif yoldaşlarım olan 4-5 oğlan və mən çox yaxşı dost idik. Bizim zamanımızda dərs kitabları pulsuz deyildi, özümüz alırdıq. Bu kitabları almaq üçün maddi büdcəmiz də yox idi. Biz həmin sinif yoldaşlarımla kitablarımızı paylaşaraq oxuyurduq. Bir dərs kitabını, test tapşırığını birimiz ala bildiyimizdə növbə ilə digərlərimizə də oxumaq üçün verirdik.  Qələmimizi, dəftərimizi, hətta çantamızdakı yeməyimizi bir-birimizlə paylaşırdıq. Beləcə, orta məktəbi əla qiymətlərlə bitirdik. Elə o uşaqlar və mən həmin il tələbə adını qazandıq. Mən kəndimizin tarixində ali təhsilli ikinci, ana-ata nəslimizdə isə ilk qız oldum. Təhsil almağıma qarşı olanların bir qismi bu dəfə uğuruma "Əhsən” deməyə, fəxr etməyə başladılar. O zaman yaşadığım qürur və zəfər hissini bütün qızlarımıza arzu edirəm.

Kiçik dayım hər dəfə bizə gələndə dərs çalışdığımı gördüyündə mənə "bu uşaq professor olacaq” kimi xoş sözlər deyir, inamını hiss etdirirdi. O zaman elm yolunda professorluğa qədər gedə biləcəyim ağlıma gəlməzdi. Lakin bu gün ömür vəfa edərsə, professor olacağıma şübhəm yoxdur. Bir də, evdar xanım olan anamın səmimi dəstəyini hər zaman hiss etmişəm. Orta məktəbdən başlayaraq təhsilin, oxumağın həyatımda, xarakterimdə böyük dəyişikliklərə səbəb olacağına inamım dəqiq idi. Və elə də oldu. 

İxtisasca, pedaqoqam. Ancaq bakalavr təhsili aldığım zamandan – II kursdan qəzetdə jurnalist kimi işləməyə başlamışdım. Jurnalistika məni ailəmin maddi asılılığından da azad etmişdi, ancaq mənəvi bağlarım heç zaman qırılmayıb. İlk günlər yazdığım yazılardan, müsahibə və reportajlardan pul qazanır, maddi ehtiyaclarımı qarşılaya bilirdim. Buna görə də mənə uğur gətirən sahə jurnalistikadır. İndi pedaqoji fəaliyyətimlə yanaşı, jurnalistlik fəaliyyətim də davam edir.
 
Jurnalistika  üzümə çox qapıları açıb, dəyərli dostlar qazandırıb. 
 
–Sizcə, təhsil yolundakı maneələri aşa bilmək xarakter və ya tale məsələsidir, yoxsa təhsil almağı çox istəyən hər bir qız bunu bacara bilər? Yəni məsələ bunu az və ya çox istəməkdədir, ya necə? 

– Sevinc xanım,  bu gün səhər Ankaranın "Millet Bahçesi” deyilən ərazisində təşkil edilən "Universite Tanıtım Günleri” proqramında idim. Türkiyənin müxtəlif universitetləri bu il seçim edəcək abituriyentlərə universitetlərini tanıdır, ixtisaslar, imkanlar haqda məlumatlar verirdilər. Mövzunun təhsil olduğu bütün yerlər mənə maraqlı və huzur tapa biləcəyim yer olduğundan, havanın isti olmasını bəhanə etmədim, proqrama qatılmaq üçün həmin əraziyə getdim. Bilirsiz, necə gözəl mühit var idi?.. Ayrı-ayrı universitet stendləri qurulmuşdu. Təmsilçilər, hətta bəzilərində rektorlar özləri abituriyentlərin, valideynlərin suallarını cavablandırır, onlarla motivasiyaedici söhbətlər edirdilər. Zamanında mənim universitetləri öncədən arışdırmaq kimi bir imkanım olmayıb. Lakin indi Türkiyənin məşhur universitet rektorlarından qəbul alıb, onlarla təhsilə dair söhbətlər edə bilirəm. 

Yeri gəlmişkən, "Rektorla Söhbət” layihəm çərçivəsində universitet rektorları ilə müsahibələr edirik. Bu da jurnalist fəaliyyətimdə mənə uğur gətirən layihələrimdəndir. Yuxarıda qeyd etdiyim kimi, proqramda bir neçə rektor ilə tanış olduq, məni müsahibə üçün universitetlərinə dəvət etdilər. Ankaraya gələndə bir neçə televiziyadan təklif aldım. Bir neçə il verliliş aparıcısı oldum. Azərbaycanda bir neçə media orqanı ilə əməkdaşlıq edirəm. 2015-ci ildə qurduğum, fasiləsiz fəaliyyətdə olan Manera.az saytının baş redaktoruyam. Ədəbi nümunələrdən ibarət 2 kitabım çap olunub, Prezident təqaüdçüsüyəm. Eyni zamanda, pedaqoji fəliyyətlə məşğulam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan bakalavr tələbələrinə bir neçə fəndən dərs deyirəm.

Bütün bunları söyləməklə onu demək istəyirəm ki, mən bunlara çox çalışaraq, möhkəm iradəm sayəsində nail ola bilmişəm. Kimsənin köməyi olmadan! Əlbəttə, həm də xarakter məsələsidir, istəmək yetərli deyil. Məqsədinə doğru gedərkən, hədəflərinə çatmaqda cəsarətli və iradəli olmalısan. Önünə çıxan daşı qaldırıb kənara atmağa özündə güc tapa bilməlisən. Yoxsa, maneələr səni yanlış istiqamətə yönləndirər. Buna imkan verməməlisən.

– Şəhla xanım, özünüzdən sonra təhsil almasına dəstək olub, həyatını dəyişdirdiyiniz bir qız uşağı, xanım olubmu? Olubsa, buna necə nail olmusunuz?

 –Sevinc xanım, bu sualınıza cavab yazmadan öncə fasilə verib, kitabxananın "Dinlenme Salonu”na keçdim. Burada qəhvəmi içərkən Vatsapa baxdım. İlk qarşıma çıxan əmim qızının status paylaşımı olur. Bu il Mühəndislik Universitetini bitirdi, "Məzun günü”ndən sevincli fotolar paylaşıb, anası-atası yanında. Mesaj yazıb təbrik etdim. Onun orta məktəbə getdiyi ilk günü, sonrakı günlərdə valideynlərinin vaxtı olmayanda onu məktəbə aparmağımı, məktəb çantasını daşıdığımı yaxşı xatırlayıram. Çalışqan şagird idi, yüksək balla tələbə adını qazandı. İndi məzun olma xəbərini görüncə duyğulandım. Nəslimizdə məndən sonra məktəbi bitirən bir çox qızlar universitet tələbəsi oldular. Bu qızlar hər zaman təhsilə dair suallar verirdilər, peşə seçimi, universitet seçimi, karyera həyatı haqda tövsiyələrimdən yararlandılar. Onlar uşaq olanda isə, valideynləri qızın təhsil almasına qarşı idilər, çox sərt və təhlükəli düşüncələr sərgiləyirdilər. Lakin bir "Şəhla nümunəsi” nəslimizin kişilərinin fikirlərində inqilab etdi. Qazanılan uğurlar düşüncələri pozitiv istiqamətə dəyişə bildi. Baxın, indi bu nəticədən qürur duymamaq olarmı?! Təhsildə dişinlə, dırnağınla da olsa, bir cığır açırsan və səndən sonrakılar o cığırla gəlib, yolu daha da genişləndirirlər.  

İndi bir mesaj da bacımdan gəldi. Bacım qızı orta məktəbdən məzun olub, ailəcə hansısa restoranda qeyd ediblər. Sırada universitet həyatı var və sairə... Sevinc xanım, etiraf edim, Azərbaycanda üç universitetdə təhsil almışam, məzun olmuşam, yüzlərlə önəmli imtahana girmişəm, uğurla çıxmışam. Lakin belə durumların heç birində mənim ailəmdən kimsə yanımda olmayıb, hər hansı uğurum valideynlərim tərəfindən təmtəraqlı qeyd olunmayıb. Bunlar məni ruhdan salıbmı? Əsla! Bütün bunlar qız uşağının hər zaman maddi və mənəvi dəstəklə yanında olmaq zəruriyyətini  mənə dönə-dönə anladmış oldu. Mən övladıma belə edərəm!
Əlavə olaraq, söyləməliyəm ki, yaxınlardan əlavə illər ərzində bir çox qız uşaqlarının təhsil alma arzusunun reallaşmasına şəxsən maddi və mənəvi dəstək olmuşam. Hazırda onların bir neçəsi yaxşı mütəxəssis olub. İndi də ən böyük arzum təhsil almaq istəyib, maddi və mənəvi çətinliklərlə qarşılaşan çox saylı qızlarımıza dəstək ola bilməkdir.  

–Bir zamanlar sizin yaşadıqlarınızı yaşayan, ancaq bu mübarizədə özünə inamı olmayan qızlarımıza söyləmək istədikləriniz maraqlıdır. Onlar, xüsusilə də ucqar kəndlərdə yaşayan, mental qanunların əsirinə çevrilən qızlar öz hekayələrinin qəhrəmanı olmaq, qələbə qazanmaq üçün nə edə bilərlər?  

– Bakalavr təhsilimi bitirdikdən sonra magistr təhsili almaq istəmədim. İşləyirdim artıq. Kiçik bir firmam vardı, qazancı da pis deyildi. Bir gün təhsil aldığım universitet rəhbərliyi məni işə dəvət etdi. Əvvəlcə razılaşmadım. Həm maaşı az idi, həm də özəl işə alışmışdım. Vəzifənin, maaşın getdikcə yüksələcəyini deyib məni razı sala bildilər. Firmanı dostuma təhvil verib, keçdim universitet işinə. Bir il işlədikdən sonra universitetdə rəhbərlik dəyişdi. Yeni rektorun ilk "performansı” işçilərə işdənçıxma ərizəsi yazdırmaq oldu. Müavini olduğum dekanıma ərizə yazdırıldıqdan sonra mən də öz istəyimlə ərizə yazıb, universitetdən ayrıldım. O illərdə jurnalist fəaliyyətim davam edir, ayrıca müxtəlif təhsil müəssisələrində seminarlar verirdim, lakin maddi qazancım yetərli deyildi. Başladım iş axtarmağa. Bir neçə rəsmi qurum iş söz versə də, aylar keçirdi, yenə də müsbət cavab gəlmirdi. Bir sözlə, çox gərgin günlər yaşayırdım. 

Bir gün vəziyyəti atama izah etdim ki, bəlkə, mənə bir istiqamət göstərəsən? Necə edək, nə iş görək? Atam nə desə yaxşıdır? "İş alınan deyil, adamımız yox, rüşvət verib, vəzifə almağa da pulumuz yox. Gecdir, daha magistraturaya hazırlaşmaq alınmaz. Ən yaxşısı ailə qur...”  Atam mənim hansı bilik və bacarığa sahib olduğumu bilirdi. Bu durumda ondan gözləntim "həyatın belə eniş-yoxuşları olur, ruhdan düşmə, səbirlə çalış”, ya da "yeni iş qura bilərsən” kimi motivasiyalı sözlər idi. Əksini yaşadım... Burada kiçik haşiyə çıxım ki, o günlərdə atamın tələbə yoldaşının qohumu tanımadığım, görmədiyim oğlu üçün bizə elçi gəlmişdi. Hiss etdim ki, atamın niyyəti məni onunla evləndirməkdir. İşsiz qalmağım psixoloji təsirə düşmək üçün əla "fürsət”dir. Xülasə, atama göstərdiyi istiqamətə görə təşəkkür edib, otağından çıxdım. İki gün gərgin şəkildə düşündüm. Məncə, həyatımın böyük imtahan günləri idi. Mən hansı yolu seçməli idim; təhsilsiz, haqqında neqativ fikirlər dolaşan atamın dostunun tanışı ilə evlənməyimi, ya daha uyğun ömür yoldaşı ilə qarşılaşana qədər təhsil, karyera həyatında mübarizənin davamınımı? Mən ikincini seçdim. 

Ertəsi gün heç kimə demədən magistraturaya hazırlaşmağa qərar verdim. Ehtiyatda olan bir miqdar pulumu götürüb getdim hazırlıq kursuna. Fənn müəllimləriylə danışıb dərslərə başladıq. İmtahana az qalmışdı. Sürətləndirilmiş proqramla mövzuları bitirdik. Elə həmin il Lənkəran Dövlət Universitetində (LDU) bir elanla qarşılaşdım. Növbəti il magistrlərin dərsləri şənbə-bazar günləri keçiriləcəkdi. Bu, əla xəbər idi. Magistratura imtahanının I mərhələsindən uğurla keçdikdən sonra II mərhələdə ixtisas seçimini LDU-dan etdim. Tədris ili başladı. Mən və Bakıda yaşayan bir neçə yoldaşla birlikdə həftə içi işləyir, 5-ci günlər gecə yatmadan, çətin vəziyyədə qatarla Lənkərana gedir, həftəsonu dərslərdə iştirak edir, bazar günləri dərsdən sonra Bakıya qayıdırdıq. Beləcə heç kimdən maddi dəstək almadan iki il ərzində həm işlədim, həm təhsil aldım. Dissertasiyamı uğurla müdafiə edib, magistr dərəcəsinə sahibləndim. Elə həmin il Türkiyənin dövlət təqaüd proqramına müraciət etdim, nəticəm uğurlu oldu.  

2019-cu ilin sentyabrından Ankaradayam. Çox arzuladığım ixtisasın elmi dərəcəsini hər zaman arzuladığım universitetdən almaq üçün böyük həyəcanla çalışıram.  

Deməyim odur ki, getdiyin yolun, məşğul olduğun fəaliyyətin doğru olduğuna, faydalı olacağına inanırsansa, gücünü toplamalı və o yolla davam etməlisən! Təhsil almaq da məhz belə bir yoldur. Özünə xeyri olduğu qədər, ailənə və cəmiyyətə də faydası var. Qızlarımız bunu unutmamalı, mütləq təhsil almalı, daim kitab oxumalı, özlərini inkişaf etdirməlidirlər. Qalan bütün şeylər zamanla öz yoluna düşür. Sənə inanmayanları da uğurlarınla təəccübləndirməyi, yanlış düşüncələrini dəyişməyi bacarmalısan. Əmin ol, qalib olduğunda hər kəs səninlə qürur duyacaq!

- Qız uşaqlarının təhsildən yayındırılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər, layihələr, proqramlar həyata keçirilir. Bəs siz necə düşünürsünüz, ölkəmizdə bu problemin qarşısını ala bilmək üçün nələr edilə, konkret olaraq hansı addımlar atıla bilər? 
 
– Məlumdur ki, təhsil cəmiyyətlərin gələcəyi və inkişafı üçün mühüm elementlərdən biridir. Konstitusiyada bütün uşaqların –  oğlanlar və qızlarım təhsil hüququndan bərabər şəkildə faydalanmasına dair maddələr var. Yəni təhsil almaq bütün insanların təməl hüququdur. "Təhsil haqqında” Qanunda təhsil müəssisələrinin dilindən, irqindən, cinsindən və dinindən asılı olmayaraq, hər kəsin üzünə açıq olduğu qeyd olunur. Ölkənin Elm və Təhsil Nazirliyinin əsas vəzifələrindən biri də hər bir vətəndaşın icbari təhsil hüququndan bəhrələnməsini təmin etmək, təhsilə çıxışının qarşısındakı maneələri aradan qaldırmaqdır. Bütün dünyada cəmiyyətlərin təhsil və mədəniyyət səviyyəsi onların öz uşaqlarına bərabər təhsil verib-verməmələri ilə ölçülür.  Hazırda Azərbaycanda da Elm və Təhsil Nazirliyi tərəfindən təhsildə imkan bərabərliyini təmin etməyə dair bir çox milli və beynəlxalq layihələr həyata keçirilir. Lakin bu layihələr daha da genişləndirilməlidir.  Fikrimcə, mentalitet problemləri, iqtisadi vəziyyət ilə bağlı qız uşaqlarını məktəbə göndərməyən ailələr ciddi şəkildə maarifləndilməlidirlər. Müəllimlər və psixoloqlar orta məktəbdə yaxşı oxuyan qızların ailələri ilə mütəmadi  şəkildə görüşülməli, qızlara qarşı inam, etibar mövzularında söhbətlər etməlidirlər. Ailədə iqtisadi vəziyyəti yaxşı olmayan, evi məktəbə uzaq olan şagirdlər üçün məktəbli daşıma servisi təşkil edilməli, belə şagirdlərə təqaüdlər verilməlidir. Ayrıca, televiziyalarda qızların təhsil almalarının vacibliyinə diqqət çəkən veriliş çox olmalıdır. Mütəxəssislərə bütün mümkün imkanlar yaradılmalıdır ki, davamlı, əhatəli, məlumatlandırıcı fəaliyyətlər həyata keçirsinlər.

Digər tərəfdən, bütün təhsil ocaqları öz bölgələrində qeydiyyatda olan uşaqların orta təhsil, sonra da ali təhsil almaları ilə bağlı məlumat ala biləcəyi, ailələrin də çıxışı olan sistemlər qurulmalıdır. Uşaqların təhsil fəaliyyətləri sistem üzərindən izlənməlidir. Övladlarına təhsil imkanı yarada bilməyən ailələrdən bu qərara təsir səbəbləri müəyyən edilməli və bu problemin həlli üçün gərəkli layihələr hazırlanmalıdır. Hesab edirəm ki, sadaladıqlarım təhsildən yayınma problemin həllinə müsbət təsir edə bilər.

Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->